Ermənistana qarşı beynəlxalq tənqidlərin işə salınmasına dair mühüm çağırış edildi

26 Oktyabr 2017 09:50 (UTC+04:00)

"Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyətə güclü beynəlxalq və ictimai tənqid Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək istəklərinə mane ola bilər və münaqişənin sülh yolu ilə həlli prespektivlərini artıra bilər". Bunu 2017-ci il ATƏT-in Aralıq Dənizi Konfransı çərçivəsində təşkil olunan “Aralıq Dənizində təhlükəsizliyin möhkəmləndirilməsi və miqrant və qaçqınların böyük axını əsrində əməkdaşlıq” adlı yüksək səviyyəli görüşdə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib. Nazirin dediyi yanaşmanın həyata keçməsi və bu yolla  Ermənistan rəhbərliyinin mövcud status-kvonu möhkəmləndirmək niyyətinin puça çıxması mümkündürmü?

Milli Məclisin Analitik-informasiya şöbəsinin müdiri Aydın Ağayev bildirdi ki, Azərbaycanın bu haqlı çağırışlarını beynəlxalq ictimaiyyət eşitməlidir: “Bu açıqlama beynəlxalq ictimaiyyətə yönəlik növbəti bir çağırışdır. Amma mahiyyəti üzrə mövcud problemlər çoxdan məlumdur. Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisində yaranan qondarma qurumdakı vəziyyət heç də onların verdiyi bəyanatlarda deyildiyi kimi deyil. Orada yaşayan əhalinin əksər hissəsi oranı tərk edib gedib. Ermənistan işğal olunmuş ərazilərimizdə özünə lazım olan vəziyyəti yaratsa, saxlasa da, bu problemlə üz-üzədir. İşğalçı burada müxtəlif qanunsuz əməllərə əl atmağa cəhd edir. Hər vəchlə çalışırlar ki, ərazini xaricdən gələnlərlə doldursunlar. Amma bunu da edə bilmirlər. Azərbaycan xarici işlər naziri yüksək beynəlxalq kürsüdən istifadə edərək beynəlxalq ictimaiyyətin diqqətini bir daha Ermənistanın problemin həllində qeyri-konstruktiv mövqe tutmasına cəlb edir. 
Beynəlxalq ictimaiyyət həqiqətən də münaqişənin həll olunmasında maraqlıdırsa, bunları nəzərə almalı və Ermənsitana təzyiqlər mexanizmini işə salmalıdır ki, bu da öz növbəsində problemin həllinə töhfə vermiş olsun. 
Azərbaycan belə çağırışları edir, etməlidir və bundan sonra da edəcək. Bu, bir daha göstərir ki, real olaraq Azərbaycan münaqişənin həll olunmasında Ermənistandan qat-qat maraqlı tərəfdir. Əmələ gəldikdə, bu çağırışlar eşidilməli, nəticə çıxarılmalı və o istiqamətdə beynəlxal ictimaiyyət tərəfindən Ermənistana təzyiqlər olmalıdır. Mövcud qeyri-qanuni fəaliyyətin qarşısı alınmalıdır. Bütün bunlar kompleks şəklində elə bir mənzərə  yaradar ki, onun da nəticəsində hardasa problemin həllinə xidmət edəcək hansısa proseslərə rəvac verilə bilər. Əks halda vəziyyət yenə də əvvəlki kimi qalacaq”. 
“Qafqaz” Strateji Araşdırmalar Mərkəzinin eksperti Nazim Cəfərsoy düşünür ki, Azərbaycan XİN rəhbərinin açıqlamasının həyata keçməsi problemin həllinə dair müzakilərin daha əlverişli mühitdə davam etməsinə stimul yarada bilər: “Azərbaycan son dövrlər Ermənistanın atdığı qeyri-konstruktiv səylərini boşa çıxarmağa çalışan addımlar atır.  Ermənistan tərəfi isə hələ də işğal edilmiş torpaqlardan çıxmır. Fikrimcə, diplomatik müstəvidə məsələ ətrafında müəyyən səylərin olması problemin həlli demək deyil. Sadəcə, problemin həllinə dair müzakirələrin daha əlverişli mühitdə davam etdirilməsi istiqamətində fayda gətirə bilər. Bu mənada işğal olunmuş ərazilərimizdə Ermənistanın həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin beynəlxalq müstəvidə tənqid olunmasını işğal probleminin həlli və bu istiqamətdə erməni tərəfinin mövqeyinin tamamilə aradan qaldırılması, onların güzəştə gedərək işğal etdikləri ərazilərdən çəkiləcəkləri kimi görmürəm. Ola bilər ki, ATƏT-in Minsk qrupunun bu mövzu ilə bağlı yanaşması olsun. Minsk qrupunun real mövqeyi olmadan problemin həllində hər hansı ciddi irəliləyişin olmasından söhbət gedə bilməz”.  
Rüfət NADİROĞLU