Prokuror BDU-nun professorunun evindən oğurluq etməkdə təqsirləndirilən qadına cəza istəyib

26 Oktyabr 2017 15:40 (UTC+04:00)

 Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluqda təqsirləndirilən Mehriban Quliyevanın cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Hakim Faiq Qəniyevin sədrliyi ilə iclasda dövlət ittihamçısı çıxış edib.
Prokuror çıxışında M.Quliyevanın 8 il müddtinə azadlıqdan məhrum edilməsini istəyib. Eyni zamanda təqsirləndirilən şəxsin barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilib, məhəmə zalında həbs edilməsini tələb edib.
Məhkəmə prosesi noyabrın 1-də davam etdiriləcək. 
Qeyd edək ki, M.Quliyeva Cinayət Məcəlləsinin 177-ci (oğurluq) maddəsi ilə təqsirli bilinir. İttiham aktəna əsasən, o, qulluqçu işlədiyi mənzildən oğurluq edib. 
4 uşaq anası olan M.Quliyeva 5-ci uşağına da hamilədir. Övladlarının kiçiyinin 3, böyüyünün isə 9 yaşı var. Onun barəsində həbs qətimkan tədbiri seçilməyib. Ev dustaqlığında olan qadın ittihamda qeyd edilənlərlə razılaşmadığını söyləyib.
İşlədiyi evdən oğurluq etdiyini etiraf edən M.Quliyeva məbləğin şişirdildiyini deyib. O, mənzil sahibinə dəymiş zərərin bir hissəsini ödəyib.
Xatırladaq ki, mənzilindən oğurluq edilən Aidə İbrahimova BDU-nun professorudur. İttihama görə, onun mənzilindən 41 min manat oğurlanıb. M.Quliyeva 7 min manatı istintaq dövründə ödəyib.