DİN Goranboyda pambıqçıların qəzaya düşməsi barədə məlumat yaydı

28 Oktyabr 2017 12:08 (UTC+04:00)

Daxili İşlər Nazirliyi (DİN) Goranboy rayonunda pambıqçıların qəzaya düşməsi barədə məlumat yayıb.

Nazirlikdən  Movqe.az-a verilən məlumata görə, oktyabrın 27-də saat 17 radələrində Goranboy rayonunun Nadirkənd kəndi ərazisində Sarovlu kənd sakini Sabir Mahmudov idarə etdiyi “İsuzu” markalı avtobusu aşırıb.

Nəticədə S.Mahmudovun sərnişinlərindən 14 nəfəri xəstəxanaya yerləşdirilib, onlardan 11-nə ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb, digər 3 nəfərin müalicəsi davam edir.

DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.