Avropa Komissiyası yay vaxtının ləğv olunması məsələsini araşdırır

28 Oktyabr 2017 22:00 (UTC+04:00)

Avropa Komissiyası yay vaxtına keçidin ləğv olunmasının nə dərəcədə məqsədəuyğun olduğunu araşdırır.

Bu barədə Movqe.az-ın trend-ə istinadən məlumat verir.

"Avropa komissiyası artıq yay vaxtının ləğv olunmasına tələbatın nə dərəcədə olduğunu yoxlayır. Hal-hazırda məsələ bütün mövcud məlumatlar nəzərə alınmaqla öyrənilir", - deyə Komissiya nümayəndəsi bildirib.

Xatırladaq ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərara əsasən Azərbaycanda ötən ilin mart ayından etibarən yay vaxtına keçid ləğv olunub.

"Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Milli Elmlər Akademiyasının təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

"Azərbaycan Respublikası ərazisində yay vaxtının tətbiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 17 mart tarixli 21 nömrəli qərarı ləğv edilsin", deyə qərarda bildirilir.