Prezident İlham Əliyev: Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir (YENİLƏNİB)

30 Oktyabr 2017 15:22 (UTC+04:00)

Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir.

Movqe.az-ın trend-ə istinadən  məlumatına görə, bunu Bakıda dəmir yolunun açılış mərasimində çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev deyib.

Dövlətimizin başçısı qeyd edib: "Bugünkü təntənəli mərasimdə qardaş, dost ölkələrdən qonaqlar gəlmişlər. Mən xüsusilə bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Gürcüstan, Özbəkistan, Qazaxıstan Baş nazirlərini, Tacikistan, Türkmənistan nazirlərini salamlayıram və bu mərasimdə iştirak etdiklərinə görə onlara dərin təşəkkürümü bildirirəm.

Əziz qonaqlar! Sizin bu gün bu mərasimdə iştirakınız Bakı-Tbilisi-Qars dəmir yolunun əhəmiyyətini bir daha əyani şəkildə göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu tarixi layihədir, strateji əhəmiyyətli layihədir. Bu yolun uzunluğu təxminən 850 kilometrdir, onun da 504 km-i Azərbaycanın ərazisindən keçir".

İlham Əliyev bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur: "Bu yol vasitəsilə birinci mərhələdə 5 milyon, sonrakı mərhələdə 17 milyon, ondan sonra isə daha böyük həcmdə yüklərin daşınması nəzərdə tutulur. Bir sözlə, Bakı-Tbilisi-Qars dəmir yolu Avrasiyanın nəqliyyat xəritəsinin önəmli hissəsinə çevrilir".

Prezident bildirib ki, bu dəmir yolu boyunca yerləşən ölkələr arasındakı ticarət dövriyyəsi, qarşılıqlı sərmayə qoyuluşu artacaq, bu yoldan istifadə edən bütün ölkələr arasındakı əməkdaşlıq dərinləşəcək, bu yol sabitliyə, təhlükəsizliyə xidmət göstərəcək:

"Əminəm ki, bu yolun istifadəsi zamanı turizmin inkişafı da geniş vüsət alacaq, turistlərin sayı artacaq. Təbii ki, Bakı-Tbilisi-Qars dəmir yolunun uğurlu fəaliyyəti ölkələrimizin geosiyasi əhəmiyyətini artıracaq və bizim üçün əlavə imkanlar yaradacaq. Biznesin inkişafı, qarşılıqlı faydalı əməkdaşlıq üçün Bakı-Tbilisi-Qars dəmir yolunun çox böyük əhəmiyyəti olacaq.

Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ilə bağlı anlaşma Gürcüstanda imzalanıb, ondan sonra Türkiyədə təməlqoyma mərasimi keçirilib və nəhayət, bu gün Azərbaycanda, Ələtdə bu yolun açılışını qeyd edirik".

Dövlət başçısı vurğulayıb ki, bu yolun tikintisi Azərbaycan, Gürcüstan və Türkiyə arasında qardaşlığın, dostluğun nəticəsidir: "Üç ölkə bütün sahələrdə uğurla əməkdaşlıq edir, bir-birini dəstəkləyir, ölkələrimiz, xalqlarımız, dünya üçün önəmli olan layihələri icra edir. Bakı-Tbilisi-Qars bu layihələr arasında öz layiqli yerini tutmuş bir layihədir".