Azərbaycan dünya miqyaslı daha bir layihəni işə saldı

31 Oktyabr 2017 09:00 (UTC+04:00)

Nəhayət, çoxdan gözlənilən hadisə baş verdi. Oktyabrın 30-da Bakı-Tiflis-Qars (BTQ) dəmir yolunun açılışı oldu. Qeyd edək ki, sözügedən dəmir yolunun tikintisinə 2007-ci ildən start verilib. Bu marşurut Asiya ilə Avropa arasında mühüm tranzit yolu kimi yadda qalacaq. Həmçinin iqtisadi və siyasi anlamda Azərbaycanın çəkisini artıracaq. Bəs, görəsən BTQ-in işə düşməsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına nə vəd edir?

Milli Məclisin deputatı Musa Quliyevin fikrincə, BTQ ölkəmizdə turizmin, kənd təsərrüfatının sürətli inkişafına təkan verəcək: “Bakı-Tiflis-Qars dəmir yolunun işə düşməsi tarixi bir hadisədir. Bu marşurutun işə düşməsi Azərbaycan tarixində baş verən ən böyük hadisələrdən biridir. Hətta neft müqavilələrinə bərabər tutula biləcək tarixi bir hadisədir. 
Həmin marşurutun işə düşməsinin Azərbaycan üçün ictimai siyasi, geopolitik və iqtisadi əhəmiyyəti vardır. Onun vasitəsilə Azərbaycan Türkiyə ilə dəmir yolu vasitəsilə birləşdi. Belədə yüzillərlə gözlədiyimiz bir arzu çin oldu. İqtisadi baxımından onu demək olar ki, BTQ-nin fəaliyyətə başlaması ilə dünyanın aparıcı dövlətlərinin yükləri Azərbaycan üzərindən gəlib keçəcək. Cənubi Koreya, Çin, Yaponiya, Qazaxıstan, Rusiyanın şərq hissəsindən Avropaya gedən böyük yüklər Azərbaycan üzərindən Qarsa, oradan da Türkiyə üzərindən Avropaya qədər gedib çatacaq. 
Eyni zamanda, Avropadan Asiyaya yönələn mallar da məhz Azərbyacan üzərindən keçərək son ünvanına gedib çatacaq. Azərbaycan isə bu fonda daşınmalardan böyük miqdarda iqtisadi dividend götürəcək. Həmçinin, Azərbaycan regionun mühüm bir oyunçusu olacaq. Artıq bir neçə dövlətlə iqtisadi maraqlarını özündə birləşdirən, tənzimləyən bir qüvvəyə çevriləcək. Bu mənada BTQ-nin iqtisadi əhəmiyyəti də böyükdür. Eyni zamanda, marşurutun işə salınması ölkəmizdə qeyri-neft sektorunun inkişafına da ciddi şəkildə təsir göstərəcək. Məsələn, bu, Azərbaycanda turizm sahəsinin gəlirlərinin artmasına da stimul verəcək. Yəni, həmin marşurutla təkcə yüklər daşınmayacaq, sərnişin qatarları da işləyəcək. Belədə marşurutun ucuz başa gəlməsi səbəbindən təbii ki, Asiyadan Azərbaycana gələn turistlərin sayı artacaq. Marşurut Azərbaycan kənd təsərrüfatı və aqrar emal məhsullarının dünya bazarına çıxarılmasında da böyük əhəmiyyət kəsb edəcək. Naxçıvana Azərbaycan daxilindən və dünyadan mal gətirilməsi prosesi asanlaşacaq. Bu da ora gələn mal və məhsullaırn qiymətinin ucuzlaşması deməkdir. Bütövlükdə götürdükdə Azərbaycan nəqliyyat kommunikasiya ölkəsi olaraq dünyada geniş şəkildə tanınacaq. 
Ardınca Şimal-Cənub marşurutu da işə düşmək üzrədir. Belədə Azərbaycan şimalda Finlandiya və Rusiya ilə, cənubda Yaxın Şərq ölkələri arasında mühüm tranzit qovşağına çevriləcək. Belədə, Azərbaycan dəmir yolunun getdikcə inkişaf etməsi, işin təkmilləşməsi, müasirləşməsi, eyni zamanda qeyri-neft sektoru da daxil olmaqla ölkənin iqtisadi, siyasi nüfuzunun bir göstəricisidir. Bu istiqamətdə BTQ dəmir yolunun açılışı tarixi bir hadisədir və bütün sahələrdə olduğu kimi qeyri-neft sektorunda da gələcək böyük uğurların başlanğıcıdır”.
Milli Məclisin deputatı Vahid Əhmədov bildirdi ki, BTQ-nin işə düşməsilə yükdaşımalar və sərnişin daşımaları sürətlə artacaq və belədə Azərbaycan ciddi gəlir götürəcək: “Ümumiyyətlə, Bakı-Tiflis-Qars dəmir yolu strateji bir layihədir. Layihənin gerçəkləşdirilməsinin Azərbaycan üçün həm siyasi, həm də iqtisadi baxmdan böyük əhəmiyyəti vardır. 
Bilirsiniz ki, bu yolun çəkilməsinə maneə olan qüvələr həddən artıq çox idi. Hətta bir vaxtlar ABŞ Konqresi də layihə əleyhinə müəyyən qərarlar qəbul etmişdi. Lakin bütün bunlara baxmayaraq, Azərbaycan dövlətinin siyasi iradəsi nəticəsində layihə reallaşdı. İlk qatar yola düşdü. Layihənin iqtisadi tərəfi ondan ibarətdir ki, onun vasitəsilə ildə təxminən Azərbaycana yalnız tranzitdən 1 milyard dollara yaxın gəlir gələcək. İlkin mərhələdə hardasa 1 milyon sərnişin, 6,5 milyon ton yük daşınacaq. Gələcəkdə isə daşınan sərnişinlərin sayı 3 milyonu keçəcək və 20 milyon tona yaxın yük daşınacaq. 
Layihənin həyata keçməsilə Azərbaycan, Gürcüstan və Türkiyə arasında ticarət dövriyyəsi də əhəmiyyətli dərəcədə artacaq. Bu gün həmin 3 ölkə arasında ticarət dövriyyəsinin həcmi 5 milyard dollara yaxındır. Layihə şərqlə qərbin birləşməsinə də töhfə vermiş olacaq. Dünyanın iqtisadi nəhənglərindən olan Çin malları bu marşurut vasitəsilə Avropaya daşınacaq. Siyasi baxımdan müstəqilliyimizin əbədi və daimi olması üçün də layihə mühüm əhəmiyyətlidir”.
Rüfət NADİROĞLU