Xətai rayonunda sürüşən binada yaşayan 25 ailənin taleyi sual altındadır-İcra hakimiyyətindən açıqlama

31 Oktyabr 2017 14:01 (UTC+04:00)

Xətai rayonunun Gəncə prospektində torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşmüş binada yaşayan 25 ailənin taleyi sual altındadır. Bu barədə Movqe.az-a Xətai rayonu, Nəsrəddin Tusi küçəsi 224/228 ünvanındakı yarımçıq binada yaşayan sakinlər məlumat verib. Onlar sürüşmə nəticəsində qəzalı vəziyyətə düşən binada məskunlaşan məcburi köçkünlərin artıq köçürülməsinə başlanıldığını bildiriblər: “Bu bina sovet dövründə tikintisi yarımçıq qalan binadır. Binada əsasən məcburi köçkünlər məskulaşıblar. Amma məcburi köçkünlərlə yanaşı, binada qeyri məcburi köçkün ailələri də yaşayır. 25-ə qədər belə məcburi köçkün olmayan ailənin taleyi sual altındadır. Məcburi köçkünlərin artıq bu binadan köçürülməsinə başlanıb. Bizim aqibətimizin necə olacağı isə bəlli deyil. Bizə Xətai Rayon İcra Hakimiyyətindən hələ qəti bir söz demirlər. Nə vaxt müraciət etsək cavabları o olur ki, hələ gözləyin. Biz də gözləyirik. Amma həm də narahatıq. Əslində narahatçılığımız təkcə evsiz qalmaqla bağlı deyil. Bu bina qəzalı vəziyyətdə olduğundan, burada yaşamaq həyat üçün təhlükəlidir. Amma buradan çıxartsalar yaşamağa da başqa yerimiz yoxdur. 25 ailənin çoxunun heç Bakı qeydiyyatı da yoxdur. İndi bizim aqibətimiz necə olacaq bilmirik”.
Sakinlər bildiriblər ki, köçürmə işi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə həvalə olunub. 
Movqe.az 25 ailənin aqibətinə aydınlıq gətirmək üçün öncə  Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb. Qurumun mətbuat xidmətinin rəhbəri Elçin Qədimov Movqe.az-a açıqlamasında bildirib ki, Komitə yalnız binada məskunlaşan məcburi  köçkünlərin köçürmə işini aparır: “Yerdə qalan, qeyri-məcburi köçkün ailələrin köçürülməsi işinin bizə aidiyyatı yoxdur. Qeyd edim ki, o binada məskunlaşmış məcburi köçkünlərin artıq mərhələlərlə köçürülməsi prosesinə start verilib”.
Xətai Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov isə Movqe.az-a açıqlamasında bildirib ki,rayon ərazisindəki  qəzalı binada məskunlaşanlardan 106 ailə məcburi köçkün ailəsidir. 25 ailə isə qeyri-məcburi köçkün ailəsidir: “Məcburi köçkünlərin köçürülməsi işini bildiyiniz kimi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi aparır. Bu binada 
məskunlaşan məcburi köçkün ailələrinin Masazır və Mehdiabad qəsəbələrində yeni inşa olunmuş və tam təmirli mənzillərə köçürülməsi ilə bağlı oktyabrın 25-də Xətai Rayon İcra Hakimiyyətində püşkatma mərasimi də keçirilib. Yerə qalan 25 qeyri-məcburi köçkün ailəsi ilə bağlı isə İcra Hakimiyyəti tərəfindən aidiyyatı qurumlara, eləcə də Nazirlər Kabinetinə məlumat verilib.  Həmin ailələrlə bağlı nə qərar verilsə, o qərar da icra ediləcək. Biz hələki aidiyyatı qurumlardan cavab gözləyirik”.
Xatırladaq ki, sözügedən bina 1993-ci ildə sürüşmə nəticəsində yerindən 12 metr irəli sürüşərək qəzalı vəziyyətə düşüb. Nəticədə binanın arxa hissəsi çökərək, təhlükə mənbəyinə çevrilib.