Elşad Abdullayev haqqında cinayət işi ayrıca icrata ayrıldı …

7 Mart 2013 17:52 (UTC+04:00)

Azərbaycanın prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın təhlükəli təzahürlərindən olan korrupsiya cinayətlərinə qarşı kəsərli və qətiyyətli mübarizə tədbirləri davam etdirir. Son günlər Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi vəzifəsindən sui-istifadə edən şəxslərin müəyyən edilərək ifşa olunması istiqamətində əməliyyat tədbirləri həyata keçirib. Baş Prokurorluqdan Movqe.az-a verilən məlumata görə dələduzluq yolu ilə külli miqdarda özgə əmlakını ələ keçirmiş Vaqif Hüseynin barəsində olan cinayət işi üzrə istintaq tamamlanaraq baxılması üçün məhkəməyə göndərilib.

Əvvəllər məlumat verildiyi kimi Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Aparılmış istintaqla müəyyən edilmişdir ki, Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru Elşad Abdullayevin həmin universitetin fəaliyyətində aşkarlanmış nöqsanlara görə 2010-2011-ci tədris ili üçün tələbə qəbulu planını qanuni yolla əldə edə bilməyəcəyini güman etməsi səbəbindən universitetin fəaliyyətinin davam etdirilməsinə qanunsuz yollarla, yəni hər-hansı vəzifəli şəxsə külli miqdarda rüşvət verməklə nail olmaq niyyətində olduğunu və rüşvət vermədə vasitəçi axtardığını bilən, 1991-ci ildən etibarən tanıdığı və yaxın ünsiyyətdə olduğu Baş nazirin müavininin sabiq köməkçisi Vaqif Hüseyn E.Abdullayevin rüşvət kimi vermək istədiyi pul vəsaitini ələ keçirmək məqsədilə öz qulluq mövqeyindən istifadə edərək, guya müxtəlif vəzifəli şəxslərlə münasibətlərinin olması, buna görə rüşvət vermədə vasitəçi kimi pulun müvafiq vəzifəli şəxsə çatdıra biləcəyi, faktiki olaraq səlahiyyətləri olmadığı halda veriləcək pul müqabilində universitetin fəaliyyətinin davam etdirilməsini təmin edəcəyi barədə yalan vədlər verib. E.Abdullayevi inandıraraq, etibarından sui-istifadə etməklə və aldatmaqla ondan 2009-cu ilin avqust-oktyabr aylarında 1.000.000 ABŞ dolları məbləğində nağd pulu hissə-hissə alıb ələ keçirərək dələduzluq edib.

Törətdiyi cinayət əməlinə görə V.Hüseyn Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona ittiham elan olunmuş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

V.Hüseyn cinayəti törədəndən sonra E.Abdullayevin ona qarşı edilən təzyiqlər nəticəsində sonuncuya vətəndaşlar Ənvər Əhmədovun, Əyyub Əzizovun və qeyrilərinin iştirakı ilə 2010-cu ilin aprelində ümumilikdə 600.000 ABŞ dolları məbləğində pulu nağd şəkildə qaytarmış, 19 avqust 2011-ci il tarixdə isə Kipr Türk Respublikasında yaşayan oğlu Rəşad Hüseynə məxsus 465.000 ABŞ dolları dəyərində ticarət obyektini E.Abdullayevin qardaşı İsmayıl Abdullayev və bacısı oğlu Azad Mürsəliyevin iştirakı ilə E.Abdullayevin adına rəsmiləşdirmişdir.

İstintaq zamanı V.Hüseynin həmin cinayəti tək törətməsi təkzibolunmaz sübutlarla təsdiq edilmişdir.

Cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.

İstintaqla həmçinin müəyyən edilmişdir ki, E.Abdullayev 1.000.000 ABŞ dolları məbləğində pul vəsaitini V.Hüseynə məhz rüşvət kimi müvafiq vəzifəli şəxsə çatdırılması məqsədilə vermiş, bununla belə sonuncu dələduzluq yolu ilə həmin vəsaiti ələ keçirtdiyinə görə E.Abdullayev iradəsindən asılı olmayan səbəblərdən rüşvət vermə cinayətini başa çatdıra bilməmişdir.

Qeyd olunanlar nəzərə alınaraq, habelə verilmiş pul vəsaitinin korrupsiya cinayətinin predmeti olduğundan E.Abdullayev zərər çəkmiş şəxs qismində tanınmamış, onun barəsində rüşvət verməyə cəhd etməsi faktı üzrə CM-in 29, 312.2-ci maddəsi ilə cinayət işi ayrıca icraata ayrılaraq istintaqın davam etdirilməsi üçün Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə göndərilərək Azərbaycan Beynəlxalq Universitetində yol verilmiş korrupsiya faktları ilə bağlı aparılan cinayət işinə birləşdirilmişdir.