“Aztelekom” İB-nin möhtəşəm tədbiri“

7 Mart 2013 17:59 (UTC+04:00)

İnformasiya-kommunikasiya texnologiyaları sahəsinin ən son nailiyyətlərini ölkəmizin bütün regionlarında da tətbiq etməklə "rəqəmsal uçurum"un aradan qaldırılması istiqamətində mühüm islahatlara həyat vəsiqəsi vermiş "Aztelekom" İstehsalat Birliyi regionlarda, xüsusi ilə də ucqar yaşayış məntəqələrində yaşayan sakinlərin elektron xidmətlərdən daha aktiv istifadə etmələri üçün yeni layihəyə start verir. Ölkənin bütün yaşayış məntəqələrinin telefonlaşdırılması, şəbəkənin tam elektronlaşdırılması, istənilən yerdə internetə məhdudiyyətsiz çıxış imkanının yaradılması kimi layihələri uğurla həyata keçirmiş "Aztelekom" İstehsalat Birliyinin kollektivinin Prezident İlham Əliyev cənabları tərəfindən Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilmiş və İKT sahəsində köklü dəyişikliklərin başlanğıc ili olacaq 2013-cü ildə daha böyük layihələrə imza edəcəyi sübhəsizdir. 


Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya"nın (2003–2012-ci illər)" gerçəkləşdirilməsi ölkəmizdə informasiya cəmiyyətinin formalaşdırılması üçün müvafiq hüquqi baza yaratmışdır. Bununla yanaşı, həyata keçirilən dövlət proqramları və zəruri islahatlar nəticəsində ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyası təmin edilmiş, elektron hökumətin yaradılması, biliklərə əsaslanan iqtisadiyyatın təşəkkülü, informasiya təhlükəsizliyi və digər məsələlərin həlli istiqamətində mühüm addımlar atılmışdır.

Ən yeni informasiya-kommunikasiya texnologiyalarının iri şəhərlər və rayon mərkəzləri ilə yanaşı, kəndlərdə və ucqar yaşayış məntəqələrində də tətbiqi, internet radio-televiziya proqramları, elektron məşrlərin yayılması, sosial şəbəkələrin geniş yer alması və respublika əhalisinin əksər hissəsinin internet istifadəçisinə çevrilməsi respublikamızda İKT-nin inkişafının bariz göstəricisidir. Elm və texnikanın ayrı-ayrı istiqamətlərinin tərəqqisinə təkan verəcək kosmik sənayenin yaradılması ilə istiqamətində ən mühüm addım – Azərbaycanın süni telekommunikasiya peykinin orbitə çıxarılması informasiya-kommunikasiya texnologiyalarının imkanlarından daha geniş istifadə üçün münbit şərait yaradır. 


Azərbaycanda "Elektron  hökumət" quruculuğu istiqamətində işlər intensivləşdikcə müxtəlif dövlət qurumları tərəfindən əhaliyə təklif olunan elektron xidmətlərin çeşidi də artır. Dövlət strukturları haqqında müvafiq məlumatların açıq şəbəkədə yerləşdirilməsi ilə artıq hər bir vətəndaş istənilən nazirlik, komitə, mənzil-təsərrüfat idarəsi, səhiyyə, təhsil müəssisələri və s. qurumlara müraciət etmənin qaydalarını istənilən vaxt əldə edə və bu təşkilatlara elə elektron rabitə vasitəsilə müraciət edə bilər. Qabaqcıl texnologiyaların vətəndaşların gündəlik həyatının müxtəlif sahələrində tətbiqini təmin etməklə məmurla vətəndaş arasında birbaşa təması minimuma endirərək korrupsiyaya şərait yaradan halların aradan qaldırılmasında mühüm amil olan elektron xidmətlərdən regionlarda geniş istifadənin təməlində əlbəttə ki, ilk növbədə sürətli internetin hər bir potensial istifadəçi üçün əlçatan olması dayanır.


2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamında göstərilən istiqamətlər və tapşırıqlara uyğun olaraq, "Aztelekom" İB-də də geniş proqram hazırlanıb, həyata keçirilməsinə başlanılmışdır. 2013-2015-ci illəri əhatə edən "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi" çərçivəsində 300 min nömrənin rekonstrusiya edilməsi şərtilə 600 min ən yeni texnologiyaya əsaslanan platformaları dəstəkləyən nömrənin, 500 mindən artıq  genişzolaqlı internet xəttinin istifadəyə verilməsi nəzərdə tutulur.

Həyatımızın ayrılmaz hissəsinə çevrilən internetsiz keçinmək demək olar ki, mümkünsüzdür. Ölkəmizin ümumdünya elektron məkanına daha sürətli inteqrasiyasının təmin edilməsində "Aztelekom" İB-nin payı kifayət qədər böyük və əhəmiyyətlidir. Belə ki, regionlarda genişzolaqlı internetin inkişafı, istifadəçilərin bu xidmətdən daha rahat və daha çox yararlanması "Aztelekom" İstehsalat Birliyi üçün başlıca şərtlərdəndir. Məhz bu baxımdan birlik kommersiya maraqları güdmədən, bölgələrdə internetin daha geniş istifadəsinə nail olmaq üçün 2004-cü ildə "aztelekom.net" internet provayderini təsis etdi. Regionlarda internetin hər kəsə əlçatan olmasında müstəsna rolu olan "aztelekom.net" internet provayderi "Aztelekom" İstehsalat Birliyi şəbəkəsinin abunəçiləri üçün MDB məkanında ilk dəfə olaraq internetə "parol"suz giriş imkanı verən xidmətin tətbiqinə başladı. Belə ki, "178 – "parol"suz İnternet" xidməti istifadəçiləri internetə qoşulmaq üçün müqavilə bağlamaq və ya internet kartlarını əldə etmək məcburiyyətindən azad etdi. 


2013-cü ilin Azərbaycan Respublikasında "İnformasiya-kommunikasiya texnologiyaları ili" elan edilməsi çərçivəsində genişzolaqlı internetin təbliği, tələbatın öyrənilməsi, mövcud və ya yarana biləcək problemlərin operativ aradan qaldırılması və proflaktik tədbirlərin görülməsi məqsədilə istifadəçilərlə canlı ünsiyyətin qurulması, onlarla birbaşa görüşlərin təşkil olunmasına başlanılmışdır. Belə görüşlərdən ilki martın 7-də Xaçmaz şəhərində keçirildi. Şəhərin "Fəvvarələr parkı"nda baş tutan tədbirdə elekrton xidmətlər və sürətli internetin digər üstünlükləri geniş izah olundu, intellektual-əyləncəli viktorinalar təşkil olundu.

Tədbirdə "Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi"  çərçivəsində şimal bölgəsində - Quba, Xaçmaz və Qusar Telekommunukasiya Qovşaqlarında görüləcək işlər ictimaiyyətə təqdim olundu. 

Quba Telekommunukasiya Qovşağında 16956 nömrə və 2244 ADSL tutumlu 37 ədəd EATS  var ki, bunlardan 3 ədəd  şəhər EATS. 34 ədəd  kənd EATS-dir. 34 kənd-qəsəbə EATS-in birləşdirici xəttlərindən  28-i fiber-optik kabel üzərindəndir.

Layihə üzrə 80 kənddə 11872 nömrə abunə tutumlu və 7992 ADSL portlu yeni  EATS-lərin tikintisi nəzərdə tutulub.

Xaçmaz Telekommunukasiya Qovşağında 14224 nömrə və 1466 ADSL tutumlu 33 ədəd EATS  var ki, bunlardan 4 ədəd  şəhər EATS, 29 ədəd  kənd EATS-dir. 29 kənd-qəsəbə EATS-in birləşdirici xəttlərindən  22-si fiber-optik kabel üzərindəndir.

Layihə üzrə 79 kənddə 11264 nömrə tutumlu və 7248 ADSL portlu yeni  EATS-lərin tikintisi nəzərdə tutulub.

Qusar Telekommunukasiya Qovşağında 9792 nömrə və 2244 ADSL tutumlu 39 ədəd EATS  var ki, bunlardan 2 ədəd  şəhər EATS, 37 ədəd  kənd EATS-dir. 37 kənd-qəsəbə EATS-in birləşdirici xəttlərindən  23-ü fiber-optik kabel üzərindəndir.

Layihə üzrə 52 kənddə 5392  nömrə tutumlu və 3600 ADSL portlu yeni  EATS-lərin tikintisi nəzərdə tutulub.

"Aztelekom" İstehsalat Birliyinin xidmət ərazilərində genişzolaqlı internet xidmətlərinin inkişafı layihəsi" çərçivəsində   alternativ Şamaxı-Quba fiber-optik magistral kabel xəttinin çəkilişi, "aztelekom.net" İnternet Şəbəkəsinin genişləndirilməsi, Quba  mərkəzi S-12 TOLL (şəhərlərarası) stansiyalarının və Qusar  və Xaçmaz  TKQ-lərin mərkəzi EATS-lərinin NGN texnologiyası əsasında yenidən qurulması, daxili xətt şəbəkəsində optik kabelin abunəçilərə yaxınlaşdırılması texnologiyasının (ONU) tətbiqi (mərkəzi stansiya-magistral Paylayıcı Şkaf arası), mövcud və layihələndirilən kənd EATS-lərində əlavə olaraq eyni zamanda səs, data və video xidmətləri göstərməyə imkan verən Multi-servise and Accsess Node (MSAN) avadanlığının quraşdırılması, layihələndirilən kənd EATS binalarının tikilməsi, layihələndirilən  kənd EATS-lərinə birləşdirici optik kabelin çəkilməsi və daxili xətt şəbəkəsinin tikintisi, genişzolaqlı xidmətlərin tətbiqilə əlaqədar texniki parametrləri normada olmayan son mil abunəçi xətlərinin (S-1, S-2, P-274 və s.) dəyişdirilməsi reallaşdırılacaq.

8 mart – Beynəlxalq Qadınlar Günü ərəfəsinə təsadüf etməsi tədbirin xanım iştirakçılarına hədiyyələrin verilməsi və mügənnilərin bir-birindən gözəl ifaları isə tədbirə xüsusi yaraşıq qatdı.

"Aztelekom.net" internet provayderi tərəfindən internetdə "on-line" rejimdə yayımlanan tədbirdə "Aztelekom" İstehsalat Birliyinin baş direktoru   Məhəmməd Məmmədovun təbriki səsləndi, Xaçmaz Rayon  İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevə yaradılmış şəraitə görə minnətdarlıq bildirildi.