Cənub sərhədlərimizin yaxınlığında müharibə təhlükəsi

8 Mart 2013 07:34 (UTC+04:00)

Cənub qonşumuz ətrafında yenidən gərgin vəziyyət hökm sürməkdədir. Bu isə yaxın tezlikdə Azərbaycanın cənub sərhədləri yaxınlığında müharibə təhlükəsini istisna etmir. Məsələ burasındadır ki, Birləşmiş Ştatlar İranın nüvə proqramına dair beynəlxalq sualları cavablandırmamasından narahatlığını bildirib.

ABŞ rəsmiləri Tehranı nüvə proqramına dair müzakirələrdə aldatma, itaətsizlik və yubandılma kimi fəndlərdən istifadə etməkdə təqsirləndirir.

ABŞ-ın Beynəlxalq Atom Enerji Agentliyindəki elçisi Cozef Makmanus Vyanada keçirilən görüşdə deyib ki, İran üzərinə düşən öhdəliyi yerinə yetirmək əvəzinə təxribatçı əməllərini davam etdirir. O deyib ki, İranın nüvə silahlarının istehsalını davam etdirməsi normal qəbul oluna bilməz və İranın tutduğu mövqe onu beynəlxalq ictimayyətdən daha da təcrid etməklə yanaşı, təyziqilərə məruz qoyacaq.

İsrailin "Channel 10" telekanalı isə belə bir xəbər yayıb ki, ABŞ prezidenti Barak Obama bu ilin iyununda İrana hərbi müdaxilə edəcək. Məlumatda bildirilir ki, gələn ay Təl-Əvivə səfər edəcək B.Obama İsrailin baş naziri Benyamin Netanyahu ilə İrana qarşı başladılacaq hərbi müdaxilənin detallarını müzakirə edəcək. Xəbərdə deyilir ki, B.Obama prezidentliyinin ikinci dövründə ziyarət edəcəyi ilk ölkə olan İsrailə İrana qarşı hərbi əməliyyatlar üçün bir pəncərə açmaq fürsəti tanıyacaq.

Qeyd edək ki, B.Obama ötən ilin sonlarında B.Netanyahu ilə bu mövzuları hər zaman danışdığını bildirib: "İsrailin İranın atom bombasına sahib olmaması mövzusundakı israrını anlayıram. Çünki bu vəziyyət bizi təhdid edəcək. Eyni zamanda İsraili və dünyanın geri qalan hissəsini təhdid edəcək nüvə silahlanması yarışı başladacaq". Bundan əlavə, İsrailin baş naziri ötən il İranın nüvə obyektlərini bombalamaq məsələsini gündəmə gətirib, ancaq bu təklif ABŞ prezidenti tərəfindən qəbul edilməyib.

Hazırda isə İsrail İrana qarşı qadağaların sərtləşdirilməsində təkid edir. Regional təhlükəsizlikdən danışan İsrailin baş naziri Benyamin Netanyahu qeyd edib ki, ciddi problemlərdən biri İranın nüvə proqramını dayandırmaqdan daim imtina etməsidir: "İran da Şimali Koreya kimi bütün beynəlxalq standartlara məhəl qoymamaqdadır. Bunu nəzərə alaraq hesab edirəm ki, beynəlxalq ictimaiyyət, proqramı dayandırmaqdan imtina etdiyi təqdirdə, İrana qarşı hərbi də daxil olmaqla bütün qadağaları sərtləşdirməlidir. Düşünürəm ki, İranı beynəlxalq ictimaiyyətin tələblərilə hesablaşmağa məcbur etməyin başqa yolu yoxdur". Məlumatlara görə, İsrail İrana qarşı mümkün hərbi əməliyyatlar üçün hazırlığını davam etdirir.

Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunun elmi araşdırmalar üzrə direktoru Svante Kornell iəs baş verənlərin Azərbaycaan təsirsiz olmayacağını düşünür:

"Azərbaycan hökuməti artıq neçə illərdir ki, çox mürəkkəb situasiya ilə üzləşib, çünki bu ölkə ön xətdə yerləşir. Əgər kimsə - ABŞ, İsrail, yaxud başqa dövlət - İrana zərbə endirməyə hazırlaşırsa, onlar bunu Azərbaycanla əvvəlcədən məsləhətləşməlidir. Çünki bu addım Azərbaycan hökumətini arzuolunmaz vəziyyətə sala bilər. Azərbaycan başa düşür ki, İsraillə müttəfiq olsalar belə, onlar ön xətdə tək qalacaqlar". Svante Kornell bildirib ki, İsrailindən Azərbaycana təhlükəsizlik qarantiyası verəcəyini gözləməyə dəyməz: "ABŞ isə, regiona marağının səviyyəsini nəzərə alsaq, təhlükəsizlik məsələlərində iştirak səviyyəsini artıra, məsələn, Azərbaycana hərbi-dəniz avadanlığının satılmasına maneə törətməyə bilər. Bütün bunlar ona gətirib çıxarır ki, əgər region ölkələri nəticələrin onlar üçün kifayət qədər neqativ olacağını bilirsə, ABŞ və ya İsrail maraqlarını müdafiə etməklə öz üzərinə risk götürməlidir. Biz bunu etiraf etməliyik. Əgər ABŞ məsələn, Azərbaycan, Gürcüstan, Türkmənistan, yaxud Özbəkistanın köməyinə ehtiyac duyacaqsa, onda təhlükəsizlik sahəsində öz iştirakına dair strateji, uzunmüddətli, stabil siyasət işləyib hazırlamalıdır".