Mahir Canas Mehriban Xanlarovanın iddiaları ilə razılaşmadı-Eksklüziv

8 Mart 2013 15:50 (UTC+04:00)

Dünən aktrisa Mehriban Xanlarova Movqe.az saytına belə bir fikir bildirmişdi ki, gənc rejissor Mahir Canas heç bir müqavilə təqdim etmədən onu "Satko" serialına çəkib və serial bitməsinə baxmayaraq indiyə kimi də 1000 AZN əmək haqqısını vermir. Aktrisa rejissoru məhkəmə ilə hədələyir. Dünən aktrisanın fikirlərini sizə təqdim etsək də rejissor Mahir Canas ilə əlaqəmiz alınmadı. Bü gün rejissor M.Canas aktrisanın fikirlərinə münasibət bildirmək üçün bizimlə əlaqə yaratdı: "Nəzərinizə çatdırım ki, Mehriban Xanlarovanı 3 əməkdaşımız dəfələrlə ofisimizə dəvət ediblər . Amma o, bəhanələr uyduraraq ofisimizə gəlməyib, müqavilə imzalamayıb. Bu da ondan irəli gəlir ki, Azərbaycanda serialların çəkilişi anidən başlanıldı və hər bir seriala müxtəlif qiymətlərdə məbləğ ayrıldı. Aktyor əgər bir seriala çəkiləcəyi haqqında müqaviləni imzalıyırsa, məcbur olub, bir serialda çəkilməlidir. Bu məqam isə aktyorlara sərf etmir. Çünki bir serialdan ala biləcəkləri qonorar çox az olur. Mehriban xanımın "Satko" serialına çəkiləcəyi haqqında müqaviləsi indi də məndə qalıb. Istəsəz danışıqlarımızı da çıxatdırıb, sübut edə bilərsiniz. Mənim Mehriban xanıma hörmətim var, onu 8 mart münasibəti ilə də təbrik edirəm. Tək onu yox, bütün Azərbaycan xanımlarına mənim böyük hörmətim, rəğbətim var və hamısını da bu gün münasibəti ilə təbrik edirəm".

Gənc rejissor onun bu səbəbə görə çəkilişlərə zamanında gəlmədiyini bildirdi: "Bir məqamı da diqqətinizə çatdırım ki, bir çox seriallara çəkilən zaman Mehriban xanımın kimlərəsə borcu olmuşdu və onu çox pis şəkildə döymüşdülər. Düzdür, bunu qeyd etmək mənim üçün yaxşı deyil, sadəcə həmin o gəlmədiyi çəkilişlərə görə mən ziyan etdim. Gündəlik çəkilişlərimizdə çəkiliş qrupunun və çəkiliş texnikası icarəsinin pulu boş yerə sərf olundu. Çünki Mehriban xanım o vəziyyətdə çəkilişlərdə iştirak edə bilməzdi. İsraf olunan pulları da aktyor cibindən çıxarıb vermir. Həmin məbləği layihəni icra edən şirkətlərlər, prodakşlar verir. Mehriban xanım döyüldüyü üçün bir neçə dəfə bizim filmin çəkilişlərinə gəlmədi, layihənin büdcəsi az olduğuna görə şirkət maliyyə yatırmağa başladı ki, film tam şəkildə istehsal olunsun. Buna baxmayaraq biz heç bir işçini məvacibsiz qoymadıq. Sadəcə müəyyən vaxt lazımdır ki, onun məvacibni qaytaraq. Film bitsə də biz onun pulunu qaytara bilmədik. Buna bizim obyektiv və subyektiv səbəblərimiz var. Film çəkilən zaman çəkiliş qrupu 3 dəfə qəzaya düşüb. Qəzaya düşənlərin sığortalanması, müalicəsi, çəkiliş prosesinin yubanması - bu proseslər hamısı film üçün ayrılan pulun hesabından getdi. 1-2 ay gecikmə hər yerdə ola bilər. Qəpik -quruşa görə belə hərəkətlər lazımsızdır".

Mehriban xanım qonararını almaq üçün serialı nümayiş etdirən kanala müraciət etdiyini bildirmişdi. Rejissor bu məsələyə də fikirini bildirdi: "Mehriban xanım hansı televiziyaya getsə də, heç nə edə bilməyəcək. Çünki onun müqaviləsi yoxdur. Televiziya heç kimə pul vermir. Heç kim ona demir ki, sənin məvacibin verilməyəcək. Mən burdan sizin vasitənizlə deyim ki, biz demokratik, sivil ölkədə yaşayırıq, bu səbəbdən də heç kim heç

kimin haqqını yeyə bilməz, heç kim heç kimə hədə qorxu gələ bilməz. Bir neçə dəfə Mehriban xanım mənə zəng elətdirib kimlərinsə vasitəsilə və hədə qorxu gəlir. Məndə faktlar da var. O pul onsuzda onun haqqıdır, amma 1000 AZN yox, 600 AZN civarındadır. 10 seriyaya görə 2000 Azn danışılmışdısa, sonradan telekanal tərəfindən serial 8 bölüm oldu. Mehriban xanıma 5 bölümün pulu verilib. Sadəcə 3 bölüm qalıb. O da 600 AZN edir. Yalandan qiymət artırmaq və mənim üstümə adam qaldırmaq lazım deyil. Mən həmin adamlar haqqında da şikayət ərizəsi ilə polisə müraciət etmişəm.

Mehriban xanım televiziyada yayımlanana verlişlərdə ekspert qismində çıxırsa, o demək deyil ki, haqsız yerə məhkəmələrə müraciət edə bilər və yaxud da haqqı olmadan kiminsə şəxsiyyətini alçaldacaq sözlər danışıb, məni şantaj edə bilər. Mən istənilən məhkəmədə o zəng olunan nömrələri çıxardıb onun özünə qarşı istifadə edə bilərəm. Üstəlik onu da qeyd edim ki, onu döyən adamlar mənə zəng edib pul istəyirdilər. Ona hörmət edirik və xahiş edirik etdiyimiz hörmətə diqqət və dəyər verilsin. Amma o çox səhv etdi ki, bu cür variantlara əl atdı, bu cür sözlər danışdı. Onun dediklərini psixolojı cəhətdən analiz etsək görərik ki, o insan da çox qısqanclıq var.

M.Xanlarovanın " Rejissorlar aktyor və aktrisaların hesabına maşınlar, evlər, torpaq sahələri alırlar"- fikirinə görə rejissor aktrisaya bunları bildirib: "Mehriban xanımın rejissorların gəlirlərində, qazancında gözü varsa gedib, rejissorluq təhsili alsın və film çəksin. Sabah da gedib, "Rang rover"də gəzsin. İstəməyənin də gözü çıxsın. Mən bu filmə qonararmı qoymuşam, bunun şahidləri də var".

Mahir Canas aktrisanın məvacibini qaytarılması üçün konkret vaxt açıqladı: "Mart ayının sonuna kimi konkret olaraq deyirəm ki, onun məvacibi çatdırılacaq. Amma bunu qlobal formada qaldırmaq, bunun vasitəsilə piar olunmaq lazım deyil. Bizim aramızda böyük problem olmayıb. İstənilən çəkilişdə də onun nazı ilə oynanılıb, ona gözün üstə qaşın var deyən olmayıb. Hara istəyir müraciət etsin, mən onun məndə haqqı qaldığını inkar etmirəm, danmıram".

Rejissorun bu fikirlərini aktrisa Mehriban Xanlarova inkar etdi:  " Onun atası gedib borcluların pullarını verirdi ki, Mahiri döyməsinlər. Hətta Mahirin atası mənə də söz vermişdi ki, bir həftə ərzində mənim də pulum çatacaq. Amma üstündən 2 həftə keçib, hələ də mənim zəhmət haqqım gəlib, çatmayıb. Mən haqqımı tələb edirəm. Mənə çatan məbləğ 600 AZN deyil, 1000 AZN-dir. Onu da qeyd edim ki, bundan əvvəl mən təkcə pulumu tələb edirdimsə, indi onun mənə dediyi və atdığı böhtanlara, şərlərə görə məhkəməyə müraciət edib, təzminat tələb edəcəm. Sübut etsin ki, mən döyülmüşəm. Məhkəmə bu proseslərə aydınlıq gətirər".