Lizinq şirkətləri bankları sıxışdırmağa başlayır

26 Aprel 2012 15:06 (UTC+04:00)

Ölkəmizdə banklar tərəfindən avtomobil kreditlərinin faiz dərəcələrinin kifayət qədər yüksək olması danılmaz həqiqətdir. Elə bu da avtomobillərə görə alınan kreditlərin qaytarılmasına daha çox problemlərin yaranmasına səbəb olub. Bu vəziyyətdə isə ölkədə ən gəlirli sahələrdən biri hesab olunan kredit sektoruna bankların marağı azalır.

Əsas səbəb qeyd olunduğu kimi istehlak kreditlərinin geri qaytarılmasında yaranan problemlərdir. Ölkədə il ərzində satılan avtomobillərin təqribən 60 faizindən artığının kreditlə satıldığını düşünsək, hansı miqdarda vəsaitin kreditin bu növündə "yatdığı" göz önünə gəlir. Burada 100 min manatlardan deyil, 100 milyon manatlardan söhbət gedir. Banklar isə yaranmış vəziyyətdə pullarını geri ala bilmək üçün ya girov avtomobilləri özləri alıb satışa çıxarır, ya da məhkəməyə üz tuturlar. Ekspertlərin qənaətincə, bütün hallarda bankların müştərilərlə bağladığı müqavilə onlara məhkəməyə müraciət etmək hüququ verir. Lakin girovun dəyərindən ucuz qiymətə satılması bankların maliyyə resurslarına ehtiyacı olduğunu göstərir.

Hazırda bankların çoxlu sayda girov avtomobilləri satışa çıxardığı məlumatları verilir. Avtomobillərin sayı o qədərdir ki, banklar girovu satışa çıxarmağı problemin həlli yolu kimi siyahıda son pilləyə qoyurlar.

Banklar da etiraf edir ki, onlar bu işin öhdəsindən özləri gələ bilmir. Onların heç də hamısında lazımi təcrübə və resurslar yoxdur. Ona görə də kollektor xidmətlərinə tələbat artır. Xarici bankların pulunun müştərilərdən alınması ilə kollektor agentlikləri məşğul olur. Adətən, bu agentliklər qaytardıqları pullardan faiz götürürlər. Bankların avtomobil kreditlərini azaltdığı bir vaxtda isə lizinq şirkətləri bu sahədə daha fəal olmağa başlayıblar.

Proseslərin gedişi göstərir ki, bankların kreditlərlə bağlı problemlərinin miqyasının böyüdüyü bir vaxtda lizinq şirkətləri sürətlə bazarlara daxil olur. Belə vəziyyətdə bank müştərilərinin çoxu lizinq şirkətlərinin xidmətindən istifadəyə üstünlük verir. Bu isə bankların müştərilərinin azalmasına və onların maliyyə çətinliyinin daha da böyüməsinə yol açır. Hazırda lizinq şirkətlərinin xidmətindən istifadə üçün müraciət edənlərin sayı durmadan artmaqdadır. Son dövrlər bu sahədə yaranmış canlanma lizinq şirkətlərinin bazara yeni məhsullar çıxarması ilə müşahidə olunur. Artıq Azərbaycanda təkcə tikinti texnikası və emal avadanlıqlarını yox, mənzil və avtomobilləri də lizinqlə almaq mümkündür. Üstəlik, bir müddət əvvəl fəaliyyətində durğunluq yaranan lizinq şirkətləri şərtlərinə yenidən baxmalı və onları bir qədər də yumşaltmalı olub. Bununla da lizinq şirkətlərinin fəaliyyətində canlanma yaranıb. Lizinq şirkətlərində deyirlər ki, bir qədər əvvəl tikinti və yol çəkilişi üçün lazım olan texnikalara tələbat azalsa da, indi bu aradan qalxıb. Üstəlik, son aylar əhali arasında avtomobillərin lizinqlə alınması geniş yayılmağa başlayıb. Vəziyyət o yerə çatıb ki, indi avtomobillərin maliyyələşdirilməsi lizinq şirkətlərinin ümumi vəsaitinin 40-50 faizini təşkil edir. Bundan başqa, indi bazarda daşınmaz əmlak - biznes obyektləri və mənzillərin də lizinq yolu ilə alınmasına maraq var. Tibbi avadanlıqların lizinq əməliyyatlarında payı isə 3 dəfə artıb. Mütəxəssislər indi lizinq bazarında şərtlərin banklara nisbətən daha sərfəli olduğunu deyir. Qeyd olunduğu kimi isə bir müddət fəaliyyətində durğunluq hiss edən lizinq şirkətləri təklif etdikləri şərtləri müştərinin xeyrinə dəyişiblər.

Məlumat üçün bildirək ki, lizinq şirkətlərinin əməliyyatları ilk baxışdan kreditə bənzəsə də, əslində lizinq hansısa texnika və ya avadanlığın uzun müddətə istifadəyə götürülməsi deməkdir. Bu müddətdə istifadəçi avadanlığın pulunu ödəyir, müddət başa çatandan sonra isə onun sahibinə çevrilir. Başqa sözlə deyilsə, lizinq uzunmüddətli maliyyələşmədir. Digər tərəfdən, bank kreditində 1-2 ildən söhbət gedirsə, lizinq 3 il və daha çox müddət üçün nəzərdə tutulmuş maliyyə instrumentidir.

Bank kreditlərində əlavə girov tələb olunursa, lizinqdə alınan malın özü girovda qalır. Əlavə girov tələb olunmadığına görə, lizinq, xüsusilə biznesə yeni başlayan iş adamları üçün çox sərfəlidir. Lizinqin faiz dərəcələri də bank kreditlərindən aşağıdır. Artıq bu üstünlüklər özünü göstərir. Tikinti texnikası, nəqliyyat vasitələri, kənd təsərrüfatı texnikası və zavod-fabrik dəzgahları əksər hallarda lizinqlə alınır. Ekspertlər bildirir ki, neft sektorundan başlayaraq qeyri-neft sektorunun bütün sahələrində, emal, tikinti, nəqliyyat sektorunda, yəni harda avadanlığa, texnikaya, əsas vəsaitlərə ehtiyac var, orda lizinqdən istifadə oluna bilər.

Amma bütün üstünlüklərinə baxmayaraq, indiyə qədər olan müddət ərzində Azərbaycanda lizinq o qədər də inkişaf etməyib. Həm iş adamları, həm də iri şirkətlər əsasən kreditlərə üstünlük verib. Səbəbi əhalinin lizinq əməliyyatlarından o qədər də məlumatlı olmamasıdır.

Nəticədə ölkədə banklar tərəfindən verilən kreditlərin ümumi həcmi lizinq əməliyyatlarının həcmindən həmişə çox olub. Halbuki, xaricdə lizinq geniş yayılıb. Məsələn, inkişaf etmiş ölkələrdə avtomobillərin əksəriyyəti lizinqlə satılır. Almaniyada avtomobillərin satışına nəzər yetirsək, elə bu ölkənin daxilində avtomobillərin 70-80 faizi kimi lizinqlə satıldığını görərik. Səbəb də odur ki, illik faiz dərəcəsi 10-11 faiz, müddət isə 7-8 ildir.

Səməd CƏFƏROV