Əli Həsənov: "Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığın genişlənəcəyini gözləyir"
9 Mart 2013 16:38 (UTC+04:00)
Azərbaycan Avropa İttifaqı (Aİ) ilə münasibətlərin inkişafını davam
etdirmək niyyətindədir və gələcəkdə bu əlaqələrin genişlənəcəyini
və möhkəmlənəcəyini gözləyir. Movqe.az-in məlumatına görə, bu
barədə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi
məsələlər şöbəsinin müdiri Əli
Həsənov"New Europe" qəzetinə müsahibəsində bildirib.
Həsənov, həmçinin rəsmi Brüsseli Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsinin həllinə fəal yardım göstərməyə və Cənubi
Qafqazın bu enerji əhəmiyyətli bölgəsində sülhün bərqərar olmasına
kömək etməyə çağırıb.
"Bizim Aİ ilə çox yaxşı münasibətlərimiz var və biz bir sıra
tərəfdaşlıq sazişləri imzalamışıq. Bu yaxınlarda Aİ ilə enerji
təhlükəsizliyi üzrə bəyannamə imzaladıq. Azərbaycan Aİ-nin artan
enerji tələbatını ödəməkdə getdikcə daha böyük rol oynayır", - Əli
Həsənov qeyd edib.
Onun sözlərinə görə, Aİ-nin "Şərq tərəfdaşlığı" və "Mehriban
qonşuluq" proqramları Azərbaycan üçün eyni əhəmiyyətə malikdir.
"Bu iki layihə iqtisadi və azad bazar münasibətlərini əsas
götürməklə Azərbaycanda Avropa dəyərlərinin inkişafına
istiqamətlənib. Bu, həm bizim, həm də Avropa üçün vacibdir", - PA
rəsmisi deyib.
Əli Həsənov əlavə edib ki, bu tərəfdaşlığın digər tərəfi Avropa
malları və sənaye məhsullarının Azərbaycana idxalının
sadələşdirilməsi ilə əlaqədardır.
Onun sözlərinə görə, bu tərəfdaşlıq, həmçinin gömrük rüsumlarının
liberallaşdırılması, Avropa ölkələri və Azərbaycan arasında viza
rejiminin sadələşdirilməsi və nəhayət, Aİ ilə tərəfdaşlığın
nəticəsi olaraq, vətəndaş cəmiyyətinin inkişafını əhatə edir.
"Bu, Azərbaycanda siyasi plüralizm, vətəndaş cəmiyyətinin
inkişafına aiddir", - Həsənov qeyd edib.
Rusiya ilə münasibətlərə toxunan PA rəsmisi deyib ki, Bakı bu
ölkəni regionun böyük oyunçusu qismində nəzərdən keçirir.
"Rusiyanın bütün region üzrə maraqlarının olmasını təbii hesab
edirik. Bununla belə, bizim Aİ ilə, qonşularımızla olduğu kimi,
tərəfdaşlıq münasibətlərimiz var. Bu, qarşılıqlı tərəfdaşlıqdır.
Buna görə də Azərbaycanın Rusiya və Aİ ilə münasibətlərini
ayırmazdım. Bu vəziyyətdə hər hansı seçim etmək istəmirik, biz
milli maraqlarımızı nəzərə alaraq, tərəfdaşları olduğumuz Rusiya və
Aİ-ni özümüzün yaxşı tərəfdaşlarımız kimi qiymətləndiririk", - Əli
Həsənov bildirib.
Həsənov deyib ki, Rusiya neft və qazın Avropaya əsas
tədarükçüsüdür.
"Biz də Avropaya qaz və neft tədarük edirik. Lakin biz rəqib
deyilik, çünki onların öz bazarı, bizim isə öz bazarımız var", -
Əli Həsənov əlavə edib.
Onun sözlərinə görə, Rusiya və Azərbaycan iqtisadi inkişaf və
iqtisadi liberallaşdırma üzrə məqsədlərə çatmaq üçün Avropaya
istiqamətləniblər. Yeganə fərq Rusiya ilə bağlıdır - bu, regional
təhlükəsizlik məsələsidir.
"Rusiya bəzi keçmiş Sovet ölkələrinin daxil olduğu Kollektiv
Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) yaradılmasının
təşəbbüskarıdır, lakin Azərbaycan bu təşkilata üzv deyil.
Azərbaycan, həmçinin NATO-ya daxil deyil. Bununla da bizim
təhlükəsizlik məsələsi üzrə müstəqil mövqeyimiz var. Əlbəttə ki,
biz müxtəlif strukturlarda NATO-nun tərəfdaşıyıq, lakin NATO-nun
üzvü deyilik və alyansın bir hissəsi olmağı planlaşdırmırıq", - Əli
Həsənov bildirib.
Onun sözlərinə görə, eyni zamanda, Azərbaycanın Rusiyanın təşəbbüsü
ilə yaradılan KTMT-yə daxil olmaqla bağlı planları yoxdur.
"Hesab edirəm ki, bu məsələlər üzrə neytral mövqe milli
maraqlarımızın xeyrinədir. Fikrimizcə, neytral mövqenin saxlanması
Azərbaycan üçün çox yaxşı tranzit funksiyası və ya Şərq və Qərb
arasında körpü funksiyasını təmin edir", - o əlavə edib.
"Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin
nizamlanmasında Azərbaycan Aİ-nin köməyinə ümid edirmi" sualına
cavab olaraq Prezident Administrasiyasının şöbə müdiri bildirib ki,
Azərbaycan münaqişənin nizamlanmasında Aİ-dən ATƏT-in Minsk qrupuna
dəstək formasında güclü təsir və dəstək gözləyir.
"Hazırda Aİ-ni ATƏT-in Minsk qrupunda Fransa təmsil edir. Lakin
hesab edirik ki, gələcəkdə Aİ Minsk qrupunda öz xüsusi
nümayəndəsinin iştirakı məsələsini nəzərdən keçirməlidir. Bu, öz
növbəsində, Aİ-nin Dağlıq Qarabağ münaqişəsi üzrə mövqeyini
möhkəmləndirməyə kömək edəcək. Hərçənd Fransa Aİ-ni Minsk qrupunda
təmsil edir, bu, yalnız bir ölkədir, buna görə də biz mövcud
məsələdə Aİ tərəfindən həqiqətən böyük təsir gözləyirik. Hesab
edirik ki, Cənubi Qafqazda lazımi sülh olmadan Avropanın ümumi
təhlükəsizliyindən danışmaq olmaz", - Əli Həsənov qeyd edib.
İranın nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həllində
Bakının rolu ilə bağlı suala cavab olaraq Həsənov vurğulayıb ki,
Azərbaycan İran və ya Avropada siyasi proseslərə təsir edə biləcək
qədər böyük ölkə deyil.
"Düşünmürəm ki, İran və Aİ arasında qalmaq və ya hər hansı ölkəni
dəstəkləmək bizim maraqlarımıza cavab versin. Buna görə də mövcud
məsələ üzrə neytral mövqe tuturuq və səmimi olaraq inanırıq ki,
qəbul ediləcək qərar hər iki tərəfi qane edəcək", - Əli Həsənov
bildirib.
PA rəsmisi deyib ki, Aİ və İran arasında ziddiyyət zorakılığa səbəb
olarsa, bu, Azərbaycana da təsir göstərəcək. Onun sözlərinə görə,
xüsusən, İranda xeyli sayda azərbaycanlı yaşayır və onlar öz
evlərini tərk etmək məcburiyyətində qala bilərlər.
"Azərbaycan enerji və enerji layihələri məsələləri üzrə Aİ ilə fəal
əməkdaşlıq edir və Aİ-nin İran ilə problemi neft layihələrinə də
ciddi təsir edə bilər", - Həsənov bildirib.
Onun sözlərinə görə, Azərbaycan ümid edir ki, bu məsələ sülh yolu
ilə həll ediləcək - İran bütün beynəlxalq norma və tələblərə riayət
edəcək, Aİ isə İslam Respublikasının bütün qanuni hüquqlarını
tanıyacaq.
İqtisadi məsələlərə toxunan Əli Həsənov qeyd edib ki, ölkədə
yoxsulluq səviyyəsinin azalması Azərbaycan hökumətinin
prioritetlərindən biridir.
"Son 10 il ərzində yoxsulluğun səviyyəsinin azaldılması sahəsində
böyük səylər göstərmişik. Son 9 il ərzində bu göstərici 50 faizdən
6 faizədək azalıb. Növbəti 5 ildə məqsədimiz ölkədə yoxsulluğu tam
aradan qaldırmaqdır", - o deyib.
PA rəsmisinin sözlərinə görə, bu istiqamətdə görülən tədbirlərə
məşğulluğun səviyyəsinin artırılması, xüsusilə, əhalinin
aztəminatlı təbəqələri üçün sosial siyasətin möhkəmləndirilməsi
daxildir.
"Əlbəttə ki, ölkədə təminatlı insanlar var və hesab edirik ki, hər
bir insanın yaşayış, mənzil və iş üçün minimal şəraiti olmalıdır",
- o deyib.
Azərbaycan, həmçinin Bakı şəhərinin yeni müasir mərkəzi olmasına
hesablanmış Qara şəhər ərazisinin bərpa edilməsi və
planlaşdırılmasını nəzərdə tutan "Ağ şəhər" ("White City")
layihəsinin həyata keçirilməsinə başlayıb.
Əli Həsənovun sözlərinə görə, Azərbayan hökuməti yerli və xarici
investorları cəlb etməyə hazırdır. O qeyd edib ki, bu, kommersiya
layihəsidir.
"Biz bu layihənin gələcəkdə inkişafına yardım üçün istənilən
imtiyazları nəzərdən keçirməyə hazırıq. Həmçinin, biz Qara şəhər
sakinlərinin köçürülməsi prosesini nəzarətdə saxlayırıq, burada
məqsəd onların lazımi şəraitdə yaşayacaqlarına əmin olmaqdır", -
Həsənov bildirib.