ABŞ ştatının Nümayəndələr Palatası Xocalı faciəsi barədə qətnamə qəbul edib
9 Mart 2013 16:52 (UTC+04:00)
AzərTAc xəbər verir ki, martın 7-də ABŞ-ın Texas ştatının
parlamenti erməni silahlı birləşmələrinin 1992-ci ilin fevralında
Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı törətdiyi
qətliamını tanınması üzrə HR 565 nömrəli daha bir qətnamə qəbul
etmişdir.
Qətnamədə Xocalı şəhərinin keçmiş SSRİ-nin hərbi alayının köməyi
ilə erməni silahlı qüvvələri tərəfindən işğalından, qaçmağa çalışan
dinc sakinlərin erməni əsgərləri tərəfindən qətlə yetirilməsindən
danışılır, Xocalı faciəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ
münaqişəsi gedişində ən irimiqyaslı qətliam olduğu bildirilir.
O vaxt dünyanın bir çox aparıcı KİV-ləri Xocalı qətliamından
yazmışdı. "Humans Right Watch" hüquq müdafiə təşkilatı bildirmişdi
ki, bu faciə "hərbi zonada dinc əhali ilə rəftar barədə hüquq
normalarının pozulmasıdır". Bir çox ölkələrin hökumətləri bu hücumu
pisləmişdilər. Qətnamənin müəllifi, Texas ştatının 149-cu dairəsini
təmsil edən Hubert Vo bu sənədlə həmkarlarını Xocalı soyqırımı
qurbanlarının xatirəsini anmağa çağırmışdır. Qətnamənin layihəsi
konqresmen Vo tərəfindən 2013-cü il fevralın 21-də Nümayəndələr
Palatasında təqdim olunmuşdur.
Xatırladaq ki, Texasda Xocalı qətliamını tanıyan HR 535 nömrəli
birinci qətnamə ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) apardığı
kampaniyadan sonra 2011-ci ilin martında qəbul edilmişdi.