ABŞ-ın Hyuston Universitetində Azərbaycanla bağlı müzakirələr olub
10 Mart 2013 11:17 (UTC+04:00)
Hyuston Universitetində Azərbaycanın enerji siyasəti barəsində
müzakirələr aparılıb.
Səfir Elin Süleymanov Texas ştatının Hyuston şəhərinə səfəri
çərçivəsində Hyuston Universitetinin professor-tələbə heyəti
qarşısında "Xəzər dənizinin enerji resursları və Azərbaycan"
mövzusunda çıxış edib.
Diplomat çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs
edərək Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə
ilk parlamentin qadınlara seçki hüququnun verməsindən danışıb.
Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq
arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir
dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə
seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət
istiqamətlərinin formalaşmasında həlledici amil olduğunu deyən
səfir bu xüsusda Azərbaycanın Rusiya və İran ilə həmsərhəd olan
yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd
edib. E. Süleymanov əsası ümummilli lider Heydər Əliyev tərəfindən
qoyulmuş praqmatik xarici siyasət kursunun hazırda Azərbaycan
Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini
diqqətə çatdırıb.
Azərbaycanın enerji diplomatiyası barədə məlumat verən
E.Süleymanov, ölkəmizin etibarlı müttəfiq kimi xarakterizə
edilməsində ölkə rəhbərliyinin götürdüyü öhdəliklərə sadiqliyinin
əsas rol oynadığını vurğulayıb. Azərbaycanın Avropanın enerji
təhlükəsizliyinin təminində oynadığı roldan bəhs edən səfir hazırda
gündəmdə olan enerji layihələri barəsində məlumat verib və bu
layihələrin reallaşdırılması üçün ABŞ hökuməti tərəfindən davamlı
siyasi dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstan ilə
münasibətlərinin nümunəvi olduğunu bildirən səfir, regional
inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan, Dağlıq
Qarabağ münaqişəsi olduğunu diqqətə çatdırıb və münaqişənin
fəsadları, eləcə də onun ağır nəticələrinin aradan qaldırılması
istiqamətində Azərbaycan hökumətinin gördüyü tədbirlər barədə
məlumat verib.