ABŞ-ın Hyuston Universitetində Azərbaycanla bağlı müzakirələr aparılıb
10 Mart 2013 11:35 (UTC+04:00)
Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov martın 7-də Texas
ştatının Hyuston şəhərinə səfəri çərçivəsində Hyuston
Universitetinin professor-tələbə heyəti qarşısında "Xəzər dənizinin
enerji resursları və Azərbaycan" mövzusunda çıxış edib.
Azərbaycanın ABŞ-dakı səfirliyindən verilən xəbərə görə, diplomat
çıxışında Azərbaycanın dövlətçilik ənənələrindən bəhs edərək,
Azərbaycan Demokratik Cümhuriyyətinin fəaliyyətindən, Şərqdə ilk
parlamentin, qadınlara seçki hüququnun verilməsindən danışıb.
Müstəqilliyindən keçən 22 il ərzində Azərbaycanın beynəlxalq
arenada nüfuzunun getdikcə daha da gücləndiyini bildirən səfir
dövlətimizin BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə
seçilməsinin buna bariz nümunə olduğunu qeyd edib.
Azərbaycanın coğrafi reallıqlarının ölkənin xarici siyasət
istiqamətlərinin formalaşmasında həlledici faktor olduğunu deyən
səfir bu xüsusda Azərbaycanın Rusiya və İranla həmsərhəd olan
yeganə dövlət olması faktının nəzərə alınmasının zəruriliyini qeyd
edib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminində
oynadığı roldan bəhs edən səfir hazırda gündəmdə olan enerji
layihələri barəsində məlumat verib və bu layihələrin
reallaşdırılması üçün ABŞ hökuməti tərəfindən davamlı siyasi
dəstəyin göstərilməsinin vacibliyini qeyd edib.
Azərbaycanın öz qonşuları, xüsusilə Türkiyə və Gürcüstanla
münasibətlərinin nümunəvi olduğunu bildirən səfir regional
inteqrasiya üçün əsas maneənin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsi olduğunu diqqətə çatdırıb və münaqişənin fəsadları,
eləcə də bu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan
hökumətinin gördüyü tədbirlər barəsində məlumat verib.
Qeyd edək ki, 1927-ci ildə əsası qoyulmuş Hyuston Universiteti
ABŞ-ın etnik rəngarəngliyinə görə fərqlənən ikinci ən böyük
universitetidir. Universitetdə 137 dövlətdən olan tələbələr
müxtəlif ixtisaslar üzrə təhsil alır.
Əlavə edək ki, E.Süleymanov həmçinin Hyuston şəhərində yerləşən
Rays Universitetinin (Rice University) nəzdindəki Beyker
İnstitutunda (Baker Institute) da eyni mövzu üzrə çıxış edib.