Mətbuat Şurası: Aksiyada «PRESS» geyimli iştirakçılar olub
10 Mart 2013 20:19 (UTC+04:00)
Azərbaycan Mətbuat Şurası bu gün Bakının mərkəzində - Fəvvarələr
meydanında keçirilmiş icazəsiz aksiyada jurnalistlərin peşə
fəaliyyətini yerinə yetirmələri sahəsindəki vəziyyətin
monitorinqini aparıb.
MŞ-nin Daxili İşlər Nazirliyi ilə birgə yaratdığı monitorinq qrupu
aksiyanı işıqlandıran kütləvi informasiya vasitələri
təmsilçilərinin əksəriyyətinin üzərində "PRESS" yazılmış xüsusi
göcəkçələrdə olduqlarını müəyyənləşdirib. Onlara qarşı hər hansı
təzyiq faktı qeydə alınmayıb. Bununla əlaqədar qrupun üzvlərinə də
müraciət daxil olmayıb.
MŞ-nin monitorinq qrupu eyni zamanda xüsusi gödəkçə geyinmiş bir
sıra şəxslərin heç də peşə fəaliyyəti ilə məşğul olmadıqlarını,
digər iştirakçılarla birgə aksiyanın içərisində yer aldıqlarını
müşahidə edib. Monitorinq qrupunun üzvləri bu adamlara
hərəkətlərinin jurnalistika prinsiplərinə zidd olduğunu
bildiriblər. Həmin şəxslərin bəzisi hansı media orqanında
çalışdıqları ilə bağlı sualı cavablandırmaqdan yayınaraq aksiya
yerindən uzaqlaşıb.
Azərbaycan Mətbuat Şurası bir daha kütləvi aksiyaları işıqlandıran
jurnalistlərə üzərində "PRESS" yazılmış xüsusi gödəkçələrdən
istifadəni, ekstremal vəziyyətlərdə xüsusilə diqqətli olmağı
tövsiyə edir.
Jurnalist cəmiyyəti baş verən hadisə barədə dəqiq, qərəzsiz və
ədalətli informasiya ilə təmin etməyə məsuldur. Buna görə də aksiya
iştirakçısı təsiri bağışlayan hərəkətlərin şəxsi təhlükəsizliyə,
informasiya çatdırmaq missiyasının yerinə yetirilməsinə mənfi təsir
göstərə biləcəyi nəzərə alınmalıdır.