Məişətdə Xəzərin suyundan daha çox istifadə olunacaq

26 Aprel 2012 15:18 (UTC+04:00)

Məlumdur ki, Azərbaycanın həyata keçirməyə başladığı iddialı layihələrdən biri də Xəzərin suyunun şirinləşdirilərək məişətdə istifadə olunması ilə bağlıdır. Artıq layihənin icrasına başlanılsa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji Siyasət şöbəsinin müdiri Rasim Səftərzadənin sözlərinə görə, bu, "Pilot layihə" sayıldığından hələ ki, tam olaraq geniş məlumat vermək olmur. İşlər tam olaraq yekunlaşdırılmayıb: "Layihə yeni başlayıb, ilkin işlər aparılır.

Ən müasir texnologiyalardan ibarət bir kompleksdir. Ancaq hələlik sutka ərzində 300 kubmetr dəniz suyunu şirinləşdirə bilən, membran texnologiyası olan "Əks - Osmos" tipli bioloji təmizləmə qurğuları quraşdırılıb".

Nazirliyin rəsmisi onu da qeyd etdi ki, layihə çərçivəsində bu günə qədər görülən işlərdə şirinləşdirilmiş dəniz suyundan yalnız suvarmada istifadə olunur: "Amma layihənin içməli su vəziyyətinə kimi aparılması nəzərdə tutulub". Şöbə müdiri Xəzər dənizinin şirinləşdirilmiş suyundan ancaq hələlik, Salyan rayonunun əhalisi istifadə edə biləcəklərini bildirdi: "Gələcəkdə isə Xəzər dənizinə yaxın ərazilərdə yaşayan sakinlər də bu sudan yararlana biləcəklər".

Rasim Səftərzadə layihənin qiyməti məsələsinə də toxundu. O, bildirdi ki, bir sıra hallarda, bəzən fikirlər səsləndirilir ki, bu bahalı layihədir: "Amma bildirim ki, yüzlərlə kilometr boru xətti çəkmək, haradansa su gətirməkdənsə, yerində dəniz suyunu şirinləşdirib, əhalinin istifadəsinə vermək daha ucuz başa gəlir. Uzun borular çəkilmir, kommunikasiya xətləri qurulmur. Hər kənddə özü üçün qoyulur, təmizlənir, həmin yerdən də paylanır. Ona görə də tez və ucuz qiymətə başa gəlir. İstənilən halda böyük miqyaslı layihələrdən həmin miqdarda suyu təmizləmək və onu nəql etmək daha ucuzdur".

Bakı Dövlət Universitetinin ümumi və qeyri-üzvi kimya kafedrasının dosenti Oqtay Əliyev xatırladır ki, Xəzər dənizinin suyunda müxtəlif ağır kationlar var: "Bu suyu duzdan, digər qatışıqlardan təmizləmək olar, amma ağır kationlardan onu tamamilə ayırd eləmək çox çətindir. Xəzərə tökülən çaylarda bir çox ağır qarışıqlar var. Ora tökülən Kür çayı Gürcüstan ərazisindən keçəndə zavodlardan axıdılan suları da özü ilə gətirir. Ermənistandan gələn Araz çayına da müxtəlif qatışıqlar tökülür. Odur ki, Xəzər dənizinin suyunu yuyucu tozlardan gələn qarışıqlardan təmizləmək olur. Amma ağır metal kationlarını oradan çıxarmaq çətindi. Həm də bu çox baha başa gələn bir prosesdir. Ağır kationlar orqanizmə keçdikdə toxumalarda qalır və özünə orada mərkəz yaradır. Əgər həmin ağır metallar toxumalara keçərsə, gələcəkdə bəzən müalicəsi olmayan, ağır xəstəliklərin, xüsusi ilə də şiş xəstəliklərinin əmələ gəlməsinə səbəb ola bilər. Məncə, daha yaxşı olar ki, şirinləşdirilmiş dəniz suyu texniki su kimi istifadə edilsin. Hətta əkin sahələrində də bu sudan istifadə etmək təhlükə yaratmır. Çünki təmizləndikdən sonra onda qalan ağır kationları bitki kökündən əvvəl, torpaq özünə çəkir. Odur ki, layihədən texniki su kimi istifadə etmək daha məqsədəuyğun olardı. Bunun özü əhali üçün çox böyük köməkdir. Həm əhalinin sağlamlığı baxımından, həm də ki, iqtisadi cəhətdən. Ən əsası isə içməli suyun texniki su kimi istifadəsinin qarşısı alınar. Bakıya gələn suyu bu məqsədlər üçün - texniki su işlədilə bilən yerdə işlətmək olar".

Ekspertin fikirlərinə görə, bütün dünyada insanları şirin su ilə təmin etmək çətinləşib: "Çünki yer üzərində əhali artımı var. Odur ki, çox dövlətlərdə - harada ki, insanları şirin su ilə təmin etmək çətindir, orada okean və dəniz sularını şirinləşdirirlər. Belə layihələr ərəb ölkələrində həyata keçirilib. Amma Azərbaycanda çaylarımız və göllərimiz yetərincədir. Bununla bərabər, Bakı şəhərinin əhalisini içməli su ilə təmin etmək çətindi. Lakin mənə elə gəlir ki, sözügedən layihə ilə birgə, şirinləşdirilmiş Kür suyunun, "Oğuz - Qəbələ - Bakı" su kəmərinin, Ceyranbatan su anbarının, Xaçmazın və digər yeraltı içməli suların mövcudluğu əhalimizin suya olan tələbatını tam ödəyəcəkdir".

Son olaraq bildirək ki, respublikamızın ərazisində ümumi uzunluğu 33665 km olan 8559 çay var ki, bunlar da şirin su ehtiyatlarının əsasını təşkil edir. Bundan başqa, 350-dən çox duzlu, yarımduzlu və şirin sulu göl vardır. Onlardan 80-ə qədər iri göl şirin su ilə doludur. Göllərdə olan suyun ümumi həcmi 40 kubkm, şirin su ehtiyatı isə 16-18 kubkm- dir.

Mübariz Bayramov