Komitə BMT-nin hesabatı ilə razılaşmır
11 Mart 2013 18:06 (UTC+04:00)
"BMT-nin Azərbaycanda ibtidai təhsilin səviyyəsi ilə bağlı yaydığı
hesabat reallığı əks etdirmir. Bizdə ibtidai təhsilə cəlb olunma
faizi 98-99 faiz təşkil edir".
Bu məlumatı Movqe.az-a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət
Komitəsinin Uşaq Problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz
Əliyev verib. Onun sözlərinə görə, Azərbaycana erkən nikaha daxil
olan qızlar da ibtidai təhsilini başa vurur. Erkən nikaha daxil
olarkən isə təhsillərini dayandırırlar: "Bizdə erkən nikaha girən
qızların 6 faizi savadsızlardır".
Xatırladaq ki, BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr
olunmuş hesabatında bildirilirir ki, Azərbaycanda 18 yaşına qədər
ailə quran qızların 11,3%-nin ibtidai təhsili belə yoxdur. Qeyd
olunur ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların yalnız
26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə
malikdir. 2000-2011-ci illəri əhatə edən məlumatlara əsasən,
Azərbaycanda nikahların 12,2%-i gəlinlər yetkinlik yaşına çatmadan
bağlanıb. Bu cür nikahların əksəriyyəti (15,2%-i) kənd yerlərində
bağlanır, 9,6%-i isə şəhərlərin payına düşür. Amma bir sıra
ölkələrdən fərqli olaraq, Azərbaycanda 15 yaşına çatmayan qızların
ərə verilməsinə rast gəlinmir. Qeyd edək ki, uşaq nikahlarına daha
çox Niger, Çad, Banqladeş, Qvineya, Mozambik, Mali, Cənubi Sudan və
Malavidə rast gəlinir. Cənubi Asiyada gəc qızların 50%-i 18
yaşına qədər ailə həyatı qurur. Proqnozlara görə, 2011-2020-ci
illərdə 140 milyon qız yetkinlik yaşına çatmadan gəlin olacaqlar.
Onlardan 50 milyonu nikaha 15 yaşına çatmadan daxil olacaq. UNFPA
qeyd edir ki, erkən nikahlar qızları bir çox imkanlardan məhrum
edir, onların sağlamlıq problemlərinin, zorakılıq və sərt rəftarın
qurbanı olma ehtimallarını artırır.