Radikal müxalif düşərgədə qarşıdurma böyüyür
13 Mart 2013 11:00 (UTC+04:00)
Məlumdur ki, AXCP ilə Müsavat Partiyası arasında olan vahid namizəd
gərginliyi səngimək bilmir. Vahid namizədlik məsələsində qarşılıqlı
ittihamlar artıq onların aşağı dərəcəli funksionerlərinə, hətta
sosial şəbəklərə də sirayət edib. Bu partiyaların rəhbərləri
prezident seçkisində hər biri özünü vahid namizəd olaraq daha
şanslıhesab edir. Bununla yanaşı, vahid namizəd məsələsinin problem
olaraq ortalığa atılmasında da yenə də bir – birilərini
günahlandırırlar. Məsələyə münasibət bildirmək istəməyən AXCP
nümayəndələri Fuad Qəhrəmanlı, Nurəddin Məmmədli və Müsavat
başqanın müavini Arzu Səmədbəylidən fərqli olaraq, digər partiya
nümayəndələri AXCP ilə Müsavat Partiyasının bu işdə müəyyən
məqsədlər güddüklərini bildirirlər.
Ana Vətən Partiyasının sədr müavini, millət vəkili Zahid Orucun
sözlərinə görə, onların təhtəlşuürunda bu qərarlaşıb ki, vahid
namizəd olmaq beynəlxalq diqqəti özünə cəlb edə biləcək: "Faktiki
olaraq həmin şəxslərin çevrəsində xarici qurumların, ölkəyə təşrif
buyuran beynəlxalq dairələrin müstəvisində önəmli bir yeri tutmaq
mənasına gələcəkdir. Başqa önəmi də ondan ibarətdir ki, guya narazı
eletoral baza o şəxslərin çevrəsində qərarlaşa bilər. Məsələn, 2003
– cü ildə Əli Kərimli Əbülfəz Elçibəyin vəfat etməsi səbəbindən bu
radikal kəsimin namizədi kimi çıxış etmişdi. Müəyyən qədər də səs
toplamışdı. Düşünürlər ki, sosial, iqtisadi, mülkiyyət, həyata
baxış məsələləri üzərində iqtidarla bölüşməyən, fərqli ideya ilə
yaşayan insanların namizədi kimi çıxış etmək üstün imkanlar
deməkdir. Ona görə də həmin yerə iddialar bu qədər artıbdır. Həm də
fikirləşirlər ki, müxalifətin birincisi olmaq, məşhurluq
qazanmaqdır. Bundan başqa bu, müəyyən biznes dairələrinə çıxışdır.
Ancaq təminatı nə qədər realdır? Eyni zamanda ziyanı nə qədərdir?
Bunu düşünə bilmirlər. Çünki, 90 – cı illərin mübarizəsindən
keçənlərin mövqelərində elə barışmazlıq var ki, bu şəxslərin üst
qatda hansısa bir müqavilə imzalamağı və komanda birliyi göstərməyi
aşağı strukturklarda da bir araya gəlməyi zəruri etmir. Bir
separatizm başlayır. Bunu parlament seçkilərində bölgə təşkilatları
ilə paytaxt namizədləri arasında münaqişədə görmüşük. Həm də həmin
şəxslərdən bir komanda qurulmasına xalqda inam yoxdur. Beləliklə,
müxalifət heç bir halda öz durumunu üst bir vəziyyətə daşıya
bilmir. Nəticə etibarı ilə də bu seçkidə müxalif qüvvələrin vahid
komanda halında iştirakına inanmırıq".
Yaşıllar Partiyasının sədri Mais Gülalıyevin sözlərinə görə isə,
onsuz onların münasibətindəki gərginlik həmişə bu həddə olub:
"Həmişə onlar arasında daxili çəkişmələr, bir – birinə qısqanclıq
və nə qədər mümkünsə, birinin digərini zəiflətməsi tendensiyası
olub. Bu, təkcə həmin iki partiya arasında olan münasibətlər deyil.
Bu, həm də bütövlükdə müxalifətin arasında olan münasibətin
mahiyyətini ifadə edir. Son 20 ilin hadisələri onu göstərir ki,
Müsavat kiminsə gizlin tapşırığını yerinə yetirir ki, nə qədər
mümkünsə, müxalifət düşərgəsi parçalanmalıdır. Son 20 illik
fəaliyyəti bunu sübut edir. Görünür ki, Müsavat Partiyası bacardığı
qədər partiyaların birləşməsinə mane olur. İndi də heç vaxt
seçkiqabağı AXCP ilə Müsavat Partiyaları birləşə bilməz. Buna
onların hər ikisi razı deyil. Onlar arasında yeganə fərq,
rəhbərlərinin ayrı – ayrı şəxs olmasıdır. İdeoloji, taktiki,
beynəlxalq təşkilatlarla münasibətdə, nə də keçmişlərində fərq
yoxdur. Onlara verilmiş sifariş odur ki, müxalifət partiyaları
birləşməməlidir. Beləliklə, anarxik qarşıdurmalar yaradaraq,
seçkilərin anti-demokratikliyi təmin olunmamalıdır. Bunların
hamısını xüsusi strukrurluqla həyata keçirirlər. Lakin bu, bədxah
niyyətlərinin Azərbaycanda reallaşmasının mümkünsüz olduğunu da
indiyə qədər yaxşı bilməli idilər".