600 min uşağa elektron sağlamlıq kartı verilib
13 Mart 2013 17:37 (UTC+04:00)
"İndiyədək 600 min uşağa elektron sağlamlıq kartı verilib.
Yenidoğulmuşların elektron sağlamlıq kartı ilə təminatı davam
etdirilir".
Bu barədə Movqe.az-a Səhiyyə Nazirliyin Səhiyyənin
İnformasiyalaşdırılması Mərkəzinin direktoru Cəbrayıl Əsədzadə
bildirib. C. Əsədzadə "sağlamlıq kartı"nda uşağın sağlamlığı barədə
bütün tibbi məlumatların yer aldığını söylədi: " Dövlət proqramında
"sağlamlıq kartı" elektron səhiyyəyə keçid mərhələlərindən biridir.
"Sağlamlıq kartı" sisteminin tətbiqi uşaqların sağlamlığına nəzarət
sisteminin təkmilləşdirilməsini və operativ şəkildə sağlamlıqları
barədə məlumat bankının yaradılmasını təmin edir. Bu kartda olan
məlumatlar (xəstəlik tarixi, cari istifadə edilən dərman
preparatları, peyvəndlər, qan qrupu, tibbi sığorta və s.) kart
sahibinə operativ və dəqiq müayinə olunmaq imkanı yaradır. Əvvəl
xəstə uşaq tibb müəssisəsinə daxil olarkən onun hansı müayinələrdən
keçdiyini, sağlamlığı barədə məlumatları kağızlardan axtarmaq uzun
vaxt çəkirdi. Amma indi kartı xəstəxanaların qeydiyyat şöbələrində,
laborotoriyalarda kompyuterlərə qoşulmuş xüsusi
qurğular vasitəsilə oxuyaraq vaxt itirmədən xəstənin
müalicəsinə başlamaq olar".
Nazirlik səlahiyyətlisi gələcəkdə kartda olan informasiyanı təcili
tibbi yardım maşınlarında oxumağın da mümkün olacağını bildirdi:
"Çağırışa gedən təcili tibbi yardım maşınlarında kartın oxunması
üçün qurğu yerləşdirildikdən sonra xəstə uşaqlara ilk tibbi yardım
göstərilməsi daha da asanlaşacaq. Kartda uşağın qan qrupu və digər
lazımi tibbi məlumatlar yerləşdirildiyindən, onun həyatını xilas
etmək üçün dərhal tibbi yardım göstəriləcək".
C.Əsədzadənin sözlərinə görə, "sağlamlıq kart"ları yalnız
2007-2008-ci illərdə doğulan uşaqlara verilsə də, polikilinikalarda
bundan əvvəlki dövrdə dünyaya gələn uşaqların sağlamlığı barədə
informasiyalar da toplanır: " Burada yeganə fərq ondadır ki,
yenidoğulmuş uşaqlara sağlamlıqları barədə məlumat çip kartın
yaddaşına yazılaraq verilir. Digər uşaqların sağlamlığı barədə
informasiya isə kompyuterin yaddaşında saxlanılır".