Azərbaycanla Qazaxıstan arasında protokol imzalanıb

7 Dekabr 2017 15:20 (UTC+04:00)

Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclasında iştirak etmək məqsədilə Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

Movqe.az xəbər verir ki, tədbirdən əvvəl hər iki ölkə nümayəndələri Fəxri Xiyabanda Ümummilli Lider Heydər Əliyevin məzarını ziyarət edərək, abidəsi önünə əklil qoyublar. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Pərviz Şahbazov və Kanat Bozumbayevin həmsədrliyi ilə Hökumətlərarası Komissiyanın iclası keçirilib. İclasda çıxış edən energetika naziri, komissiyanın həmsədri Pərviz Şahbazov Azərbaycanla Qazaxıstanı etnik-tarixi köklərlə yanaşı, geostrateji mövqe, zəngin enerji resursları, Şərq-Qərb, Şimal-Cənub enerji və kommunikasiya dəhlizlərinin üzərində yerləşmələri kimi mühüm məqamların yaxınlaşdırdığını qeyd edib. 

Bildirib ki, hər iki ölkə enerji daşıyıcılarının hasilatı və dünya bazarlarına çıxarılması kimi məsələlərdə oxşar mövqedən çıxış edirlər. Pərviz Şahbazov Iki ölkə arasındakı münasibətlərin müttəfiqlik və strateji tərəfdaşlıq əsasında yüksələn xətt üzrə inkişaf etdiyini deyib. Bildirilib ki, qarşılıqlı rəsmi səfərlər və keçirilən görüşlər, çoxsaylı dövlətlərarası və hökumətlərarası sazişlər, ölkələrimiz arasında fəaliyyət göstərən hökumətlərarası komissiya bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynayır. Pərviz Şahbazov Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin bu ilin aprel ayında Azərbaycana səfəri zamanı hər iki ölkənin dövlət rəhbərləri tərəfindən Hökumətlərarası Komissiyaya Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsinin artırılması, hər iki ölkənin idxal-ixrac imkanlarından istifadə məqsədilə mühüm tapşırıqlar verildiyini xatırladıb və əlavə edib ki, bu müddət ərzində 2018-2020-ci illərdə ikitərəfli əməkdaşlığın inkişafını təmin edəcək tədbirlər kompleksini əhatə edən Strateji yol xəritəsi hazırlanıb. ”Hesab edirəm ki, xəritədə nəzərdə tutulan təbirlərin həyata keçirilməsi üçün bütün imkanlar var və bu günkü iclasımız ticarət-iqtisadi, nəqliyyat, yanacaq-energetika, kənd təsərrüfatı, elmi-texniki və mədəniyyət-humanitar sahələrdə qarşılıqlı münasibətlərin genişləndirilməsinə böyük töhfə verəcəkdir.”-deyə nazir bildirib. 

Qazaxıstanın energetika naziri, Hökumətlərarası Komissiyanın həmsədri Kanat Bozumbayev isə iki ölkə arasındakı münasibətlərin hazırkı səviyyəsini yüksək qiymətləndirərək, bu günkü iclasın bir çox sahələrdə, xüsusilə də energetika, kənd təsərrüfat və sənayenin inkişafına təkan verəcəyini bildirib. O, hazırlanmış strateji yol xəritəsinin hədəflərə çatmaqda, Azərbaycanla Qazaxıstanın potensialını gerçəkləşdirməyə kömək edəcəyini diqqətə çatdırıb. 

Sonra Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər müzakirə edilib. Ticarət-iqtisadiyyat sahəsində əlaqələrin hazırkı vəziyyəti nəzərdən keçirilib. Qeyd olunub ki, bu ilin 9 ayı ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3,7 faiz artaraq 102,5 mln ABŞ dolları olub. Azərbaycandan Qazaxıstana ixrac 7,3 faiz artaraq, 21,8 milyon ABŞ dolları, idxal isə 2,7 faiz yüksələrək, 80,7 mln ABŞ dolları olub.

İki ölkə arasında əməkdaşlığın əsas istiqamətlərindən biri kimi enerji sektoruna da diqqət yetirilib. Azərbaycanla Qazaxıstanın enerji əməkdaşlığının Bakı-Tbilisi-Ceyhan neft kəməri layihəsinin nümunəsində uzun bir yol qət etdiyi vurğulanıb. Qazaxıstanın neft və neft məhsullarının Xəzər regionundan dünya və Avropa bazarlarına çıxarılma marşrutlarının şaxələndirilməsi istiqamətində əməkdaşlığı genişləndirmək, enerji layihələrini birgə həyata keçirmək perspektivləri, eləcədə mayeləşdirilmiş qazın daşınması ilə bağlı fikir mübadiləsi aparılıb. Bildirilib ki, yanacaq-energetika sahəsində əməkdaşlıqda karbohidrogen ehtiyatlarının Azərbaycan ərazisindən Batumi və Kulevi neft terminalına nəqli əsas yer tutur. 2016-cı ildə “SOCAR Trading” şirkəti vasitəsilə 835,1 min ton, bu ilin 10 ayı ərzində isə 3,500 ton Qazaxıstan nefti nəql olunub. İclasda həmçinin nəqliyyat sahəsində əməkdaşlığa da geniş toxunulub. Bakı Beynəlxalq Dəniz Limanı, yaxın vaxtlarda istismara verilmiş Bakı-Tbilisi-Qars dəmiryolu xətti, eləcə də Qazaxıstanda həyata keçirilən dəmiryolu layihələri və limanların genişləndirilməsi istiqamətində görülən işlərin nəqliyyat sahəsində əlaqələrin güclənməsinə təkan verməklə, hər iki ölkənin beynəlxalq nəqliyyat dəhlizi kimi əhəmiyyətini artıracağı ilə bağlı fikirlər səsləndirilib. 

Bundan başqa kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi, ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə edilib. 

Sonda ticarət – iqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Qazaxıstan birgə hökumətlərarası komissiyasının 14-cü iclasının yekunlarına dair protokol imzalanıb. Sənədi hökumətlərarası komissiyanın həmsədrləri - Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayev imzalayıblar. Hökumətlərarası Komissiyanın iclasının yekunlarına dair jurnalistlər üçün brifinq keçirilib.