Gülər Əhmədovanın həyat yoldaşı Elşad Abdullayevə sərt ittihamlar səsləndirdi
14 Mart 2013 11:25 (UTC+04:00)
"Gülər Əhmədovanın istintaqa ifadə verməməsinin səbəbi təkcə Elşad
Abdullayevin yaydığı video materialın montaj olunması deyil. Həmin
həmin videomaterialın özü qanunsuzdur. Qanunsuz çəkiliş isə sübut
kimi istifadə edilə bilməz. İstintaqı aparan müstəntiq isə Gülərə
həmin videomaterial ətrafında suallar verir. Gülər Əhmədova da
haqlı olaraq, qanunla sübut sayılmayan bir video material haqqında
danışmaq istəmir. Bu Gülər Əhmədovanın istintaqa qarşı olması kimi
qəbul olunmamalıdır".
Bu sözləri Movqe.az-a açıqlamasında Gülər Əhmədovanın həyat yoldaşı
Fikrət Əhmədov söyləyib. Onun sözlərinə görə, Elşad Abdullayevin
yaydığı video material heç bir halda sübut kimi istifadə oluna
bilməz: "Bu Konstitutsiyamıza ziddir. Elşad gündə bir rəqəm
açıqlayır ki, filankəsə 3 milyon vermişəm, behmankəsə 2 milyon
vermişəm. Öncə Elşad Abdullayev ölkəyə gətirilib sorğu-sual
edilməlidir ki, həmin vaxt o qədər pul onda haradan olub? Yaxud
ümumiyyətlə olubmu? Əgər olubsa o pulları necə əldə etməsi, həmin
məbləğin vergisini ödəyib-ödəməməsi ilə bağlı əlində sənəd varmı?
Yox, əgər qanunsuz yollarla əldə edibsə, tələbələri aldatma yolu
ilə yığıbsa bu qədər varidatı, bunun da hesabı sorulmalıdır Elşad
Abdullayevdən. Elşad ölkəyə gəlib bütün bu suallara cavab verdikdən
sonra, Gülər Əhmədova da istintaqa ifadə verəcək. Yoxsa Elşad
Abdullayevin yaydığı video materiallar heç vaxt istintaq
hərəkətlərinin aparılması üçün əsas sayıla bilməz".