Ən çox satılan kitablar məlum oldu

14 Mart 2013 15:26 (UTC+04:00)

Danılmaz həqiqətdir ki, günümüzdə internet vasitəsilə lazımi bilgiləri əldə etmək imkanının yaranması kitaba tələbatı azaldıb. Buna baxmayaraq, paytaxtda kitab mağazaları, bukinistlər fəaliyyətini davam etdirir. Apardığmız müşahidələr də göstərdi ki, paytaxtın "Torqovıy" kimi tanınan mərkəzi küçəsində  və digər yerlərdə kitab mağazası hələ ki alıcı üzünə həsrət qalmayıb. Satıcı Könül Nağıyeva deyir ki, ümumiyətlə,  kitab bazarına təlabat çox böyükdür. " İndi gənclərin marağı daha çox gənc yazıçıların əsərlərinədir. Satışda dünya ədəbiyyatından tərcümə olunan əsərlərmiz də az deyil. Hətta dünya ədəbiyyatının üstünlük təşkil etdiyini də deyə bilərəm. Dünya ədəbiyyatından bir çox yazıçıların, Don Broun, Mark Levi, Orxan Pamuk, Paulo Koelin, Lev Tolıstoyın əsərləri dilmizə tərcümə edilib. Bununla belə ən çox satılan kitablarımız Xalid Hüseyinlinin  "Çərpələng uçuran" , Mark Levinin  "Bir birimizə demədiyimiz sözlər" , Ronda Berinin "Sirr", Unberto Eco "Qızıl gülün adı", David Nikollsın "Bir gün", Fredrik Beqbederin "Məhəbbət üç il yaşayır" George Orvellin "1984"  və s. kitablarıdır.

Qiymətlər çox münasibdir. Mağazada  40 qəpikdən 250 manata qədər qiymətdə  kitab var.Oxucuların qiymət barəsində hələ ki narazılığın eşitməmişik".

Alıcılar da kitabın qiymətindən narazılıq etmirlər. Alıcı Leyla Süleymanova deyir ki, "mənim üçün  qiymətin fərqi yoxdu, təki kitab maraqlı olsun". Onun fikrincə, indi oxucuların əksəriyyəti belə düşünür: "Mən burada istədiyim kitabı tapa bilirəm. Bu da məni sevindirir".

Kitab mağazalarının satıcıları deyir ki, indi oxucu auditoriyası çox genişdir: "Yəni həm yaşlı, həm də gənc nəsil var. Amma, son zamanlar  gənclər daha çox üstünlük təşkil edir .Oxucular əsasən romantik, psixolji və dedektiv üslublara üstünlük verirlər. Məsələn, Qaraqanın "Mələk" əsəri yeni nəşr olunanda, hətta kitab çatışmamazlığı da oldu.  Bu gün təlabat nəzmdən çox nəsrə vardır. Odur ki, dünya ədəbiyyatına təlabat daha böyükdür."

Kitab mağazasının satıcısı Könül xanım deyir ki, virtual aləm kitab biznesinə çox cüzi təsir göstərib: "Oxucular əsəri kitabdan oxumağa daha çox üstünlük verirlər. Oxucuların sözü ilə desək " Kitabdan oxumaq daha gözəldir. Kitabin qoxusu bizə mənəvi qidadır.Onu vərəqlədikcə oxumaq daha maraqlıdır".