Beyləqanda top mərmisi tapılıb

14 Dekabr 2017 16:50 (UTC+04:00)

Beyləqan rayonunda top mərmisi tapılıb. Azərbaycan Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Movqe.az-a verilən məlumata görə, dekabrın 13-də axşam saatlarında Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən agentliyə Beyləqan şəhəri, Birinci Şahsevən kəndi ərazində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.