Banklardan demoqrafik ayrı-seçkilik

15 Mart 2013 10:22 (UTC+04:00)

Bir həqiqətdir ki, bu gün cəmiyyətimizdə qocalara xüsusi hörmət bəslənilir. Amma sözün əsl mənasında bu hörmətin hər sahədə olduğunu iddia etmək də düzgün olmazdı. Belə ki, artıq həyat yolumuzun ayrılmaz hissəsinə çevrilən banklar və verdiyi kreditlər qocaların üzünə qapanıb. Bu gün bankların müştərilərinə fərqli yanaşmasında demoqrafik ayrı-seçkilik üsulu da var. Yəni, yaşı 65-dən yuxarı olan vətəndaşın bankdan uzunmüddətli kredit almaq və digər cür faydalanmaq istəyi çox vaxt cavabsız qalır. Bu, dünya miqyasında rast gəlinən hallardır. Amma son vaxtlar vüsət almış islam bankçılığı qismən bu problemə yardımçı olur. Amma həmin bankçılığın hələlik Azərbaycanda çox yayılmadığını nəzərə alsaq, qocalarımızın kredit almaq üçün cavan qalmaq arzuları qaçılmaz olacaq. Ekspertlər isə bunu əsasən bankların risklərini azalmaq üçün atdıqları qabaqlayıcı tədbirlər hesab edirlər.

İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri Ruslan Atakişiyev bildirir ki, demoqrafik ayrı-seçkiliklə yanaşı, müəssisələrin iri, orta və böyük olması ilə də bağlı ayrı-seçkilik olur: "Hətta beynəlxaq təcrübə onu göstərir ki, yeni yaranan şirkətlərin və kiçik ölçülü müəssisələrin maliyyə vəsaitlərinə çıxış əldə etmək imkanları iri, orta və böyük müəssisələrdən daha azdır. Bu da ondan irəli gəlir ki, investisiya təqdim edən hansısa maliyyə institutu daha çox bazarda etibarlı olmuş, özünə yer qazanmış müəssisələrə vəsait verməkdə maraqlı olurlar. Yeni yaranmış və kiçik müəssisələrə isə eitbar etmirlər. O cümlədən bu, həmçinin də insanlara verilən istehlak, vəsiqə əsasında verilən kiçik həcmli maliyyə vəsaitlərinin kreditlərində əks olunur. Bu, birbaşa onunla bağlıdır ki, banklar hər dəfə risklərini azaltmağa çalışırlar. Onlar daha çox ödəmə qabiliyyəti olan şəxslərə vəsait təqdim etməyə da çalışırlar. Bu baxımdan çox vaxtı yaşı az, həm də yaşlı insanlara vəsait verməkdə çəkinirlər".

Ekspert bildirir ki, ümumiyyətlə, yaşlı insanlara vəsait verməkdə çəkinməyin bir neçə səbəbi var: "Onlardan birincisi, risklərin azaldılmasıdır. İkincisi, həmin şəxslərin vəsaitləri ödəmə qabiliyyətinin aşağı olması, üçüncüsü isə həmin şəxslərin ömrü ilə bağlı olan məsələdir. Çox vaxt banklarda inamsızlıq hissi yaranır ki, qoca bir müddətdən sonra vəfat edə bilər. Sonra da həmin vəsaitin geri qaytarılmsında problem yaranacaq. Ona görə də yaşlı insanlara vəsait verilən zaman digər qohumlarının zəmantlərindən istifadə etməli olurlar".

Ekspert onu da əlavə etdi ki, bu gün əksər banklar kommersiya banklardır: "Onlar da əsasən ASC, yəni özəl sektorun təmsilçiləridir. Azad bazar şəraitində müştərilərə fərq qoyulmaması üçün özəl banklara hansısa müdaxilə etmək olmur. Sadəcə, vəsaitlərin verilməsində stimullaşdırıcı addımlar atmaq olar. Amma bu sahədə dövlətin görə biləcəyi ən yaxşı işlərdən biri, özəl pensiya fondlarının yaradılmasıdır. Xüsusən də inkişaf etmiş ölkələrdə özəl pensiya fondlarının xidmətlərindən daha çox istifadə olunur. Özəl təqaüd fondları həm də əlavə investisiya mənbəyi kimi çıxış edir".

İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin üzvü, samir Əliyev bildirir ki, az olsa belə, dövlət qocalara stabil təqaüd verir: "Amma banklar kredit verəndə yaş həddini nəzərə alırlar. Bunun da əsas səbəbi risk məsələsidir. Burada əsas səbəb kimi, yaşlı adamın dünyasını tez dəyişə bilməsi nəzərdə tutulur. Bu baxımdan banklar özlərini sığortalamaq üçün yaşın yuxarı həddinə görə limit müəyyən edirlər. Bu, hökumətin həyata keçirdirdiyi ipoteka kreditləşməsində də var. Dünyada da, xüsusən də dövlət proqramı həyata keçiriləndə yaş həddini mümkün qədər nəzərə alırlar. Hətta sığorta şirkətləri belə qoca insanların sığortalanmasına o qədər də çalışmırlar. Kredit qoyuluşunda yaşlı adamlara ən yaxşı halda ya qısa bir müddətə, ya da yaşın yuxarı həddini müəyyən edib, ondan yuxarı vermirlər. Bu, arzuolunmaz haldır. Çünki, ən azı kredit veriləndə müştərilər arasında hansısa bir diskriminasiya olmasına yol verilməməlidir. Təkcə yaşla bağlı ayrıseçkilik yox, iş, yaşama yerinə görə olan diskriminasiyalara da əslində qanunvercilikdə yol verilmir. Amma təəssüflər olsun ki, banklar həmişə bu amili nəzərə alır".

Samir Əliyevin fikrincə, özəl bankların birbaşa məqsədi, gəlir əldə etməkdir: "Yəqin ki, təkcə kreditlə bağlı ipoteka proqramlarında yox, digər proqramlarda da bu məsələni nəzərə alırlar. Digər tərəfdən bu gün dünyada pensiya yaşının artırılması prosesi gedir. Bunun da əsas səbəbi, insanların ömrünün uzanmasıdır. Bu halda təbii ki, paralel olaraq, yaş həddinə tətbiq edilən məhdudiyyətlərə də baxılmalıdır. Birinci hökumət bu addımı atmalıdır. Hökumətin bu addımından qaynaqlanaraq özəl şirkətlər də öz fəaliyyətlərini qura bilərlər".