Qəzet redaktorları Mətbuat Şurasının 10 illiyini belə qiymətləndirdilər
15 Mart 2013 14:02 (UTC+04:00)
Bu gün Azərbaycan Mətbuat Şurasının (AMŞ) yaranmasının 10
illiyidir. 10 il bundan öncə, 2003-cü ilin mart ayının 15-də
Azərbaycan jurnalistlərinin I qurultayında Mətbuat Şurasının
yaranması ideyası dəstəklənərək onun təsis edilməsi barədə qərar
çıxarıldı. Elə o gündən media-hakimiyyət, media-ictimaiyyət
münasibətlərinin tənzimləmək kimi ağır və məsuliyyətli işi boynuna
götürən Azərbaycan Mətbuat Şurası bu çətin işin öhdəsindən gəlmək
üçün var gücü ilə çalışdı. Bəzən tənqidlərə məruz qalsa da, ruhdan
düşmədi. Əzmlə, dözüm və bacarıq nümayiş etdirərək, mətbuatla
ictimaiyyət arasında yaranan inciklik və narazılıqların öz həllini
tapmasına da yardımçı oldu. Bu 10 il ərzində üzərinə götürdüyü
missiyanı mümkün qədər yerinə yetirməyə çalışdı. Buna nə dərəcədə
nail ola bildi, bax bunu mətbuatın üzdə olan simalarından,
sayılıb-seçilənlərindən soruşduq. "525"-ci qəzetin baş redaktoru Rəşad Məcid MŞ-nın
keçdiyi 10 il haqqında söhbətə nostalji hisslərlə başladı: "10 il
bundan əvvəlki, bu günki tarix mənim yaddaşımda unudulmaz
izlər buraxıb. Mətbuat Şurasını yaratmaq üçün bir araya
gəlmişdik. Orada çox demokratik diskusiyalar, proseslər getdi. Biz
əvvəlcə Mətbuat Şurasının sədrini seçdik, daha sonra idarə
heyyətinin üzvləri seçildi. 10 il müddətində MŞ uğurlu bir yol
keçdi. Media-cəmiyyət münasibətlərində yaranmış gərginliklərin
aradan götürülməsində önəmli rol oynadı. Və mətbuatımızın inkişafı
üçün vacib olan addımlar atdı. "Kütləvi informasiya
vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası"nın
hazırlanmasında, onun layihə mətninin işlənməsində yaxından iştirak
etdi. Şuranın təkliflərinin əksəriyyəti nəzərə alınaraq bu
Konsepsiya qəbul olundu. Mən də sevinirəm ki, 10 ildir ki,
Mətbuat Şuarsının İdarə heyyətinin üzvüyəm.MŞ-nın formalaşması
prosesində iştirakçılardan biri olmuşam. Bu gün bütün MŞ-nın
təşkilat Komitəsinin üzvlərindən tutmuş, indiyə qədər bu Şura
üçün əziyyəti keçən hər kəsi təbrik edirəm. MŞ-ya gələcək
fəaliyyətində uğurlar arzulayıram".
R. Məcid bildirdi ki, MŞ-nı qarşıda gərgin, coşğun proseslər
gözləyir: "Artıq bildiyimiz kimi, MŞ-da internet medianın
tənzimlənməsi üçün yeni bir Komissiya yarandı. İnternet media
orqanları MŞ-ya üzv olmaq üçün müraciətlər edəcəklər. Bu Komissiya
internet mediadan şikayətlərin araşdırılması ilə məşğul olacaq. Bu
işlərində də onlara uğurlar arzulayıram".
"Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyir ki, MŞ-nın
keçdiyi bu 10 illik yolu uğurlu hesab etmək olar: "Mətbuat Şurası
çox çətin, ziddiyətli bir dövrdə yarandı. Onun uğuruna inanlar da
vardı, bu layihənin uğuruna şübhə ilə yanaşanlar da. Amma MŞ öz
fəaliyyəti ilə, həyata keçirdiyi uğurlu layihələri ilə seçilə
bildiyini göstərə bildi.
Mətbuat Şurası media ilə hakimiyyət, mətbuatla- ictimaiyyət
münasibətlərinin yaranmasına vasitəçilik edə bildi. MŞ hətta
mətbuatla-ictimaiyyət arasındakı əksər narazılıqların məhkəmə
müstəvisinə çıxmadan həll edilməsinə də nail oldu. Ona görə
də, MŞ-nın bu 10 il ərzindəki fəaliyyətini uğurlu saymaq olar. Ona
görə başda Əflatun Amaşov olmaqla MŞ-nın fəaliyyətində zəhməti olan
hər kəsi təbrik edirəm".
"Yeni Müsavat" qəzetinin baş redaktoru
Rauf Arifoğlu da bildirdi ki, Mətbuat Şurasının yaradılması ilə
düşərgə fərqi qoyulmadan Azərbaycan jurnalistlərinin çətin
anlarında üz tutacaqları bir məkan formalaşdırıldı. Və MŞ əvvəldən
düşündüyümüz kimi, cəmiyyətlə-jurnalistikanın,
cəmiyyətlə-hakimiyyətin arasında körpü funksiyasını həyata
keçirməkdədir. Amma bu fəaliyyətləri ilə yanaşı MŞ-dan
gözləntilərimiz daha çoxdur. Mətbut Şurasının qurulmasında əməyi
keçən hər kəsə təşəkkür düşür. Başda Mətbuat Şurasının sədri
Əflatun Amaşov olmaqla. Mən arzulayıram ki, Mətbuat Şurası yaxın
vaxtlarda Azərbaycan mətbuatının, qəzetçiliyinin hamısının da
olmasa əksər qism problemlərinin həll olunmasında bir vasitəçiyə
çevrilsin.
"Həftə İçi" qəzetinin baş redaktoru Sevinc
Seyidova MŞ-nın yaranan gündən, bu günə kimi bir sıra uğurlu
layihələrə imza atdığını söylədi: "MŞ-nın ən effektli addımlarından
biri reket jurnalistika ilə mübarizə ilə bağlıdır. Bu işdə
Mətbuat Şurası çox doğru bir istiqamət seçərək, mətbuatın adına
ləkə gətirən "mətbu" orqanların ifşa edilməsi, ictimaiyyətə
tanınması istiqamətində tədbirlər gördü. Mən MŞ-nın bu fəalliyətini
yüksək qiymətləndirirəm. Bundan əlavə məmurlarla- mətbuat arasında
ünsiyyətin yaranması üçün, onların məmurlarla-qəzet redaktorlarının
görüşünü təşkil etməsi də təqdir edilməlidir. Mətbuat
Şurasının mətbuatın inkişafında zəhməti keçən insanlara fəxri
adların verilməsində də rolu var. Bütövlükdə götürəndə bu 10 il
ərzində MŞ-nın fəaliyyətini uğurlu saymaq olar".
Amma S. Seyidova bundan sonra da Şuradan gözləntilərinin olduğunu,
məhkəmə çəkişmələrində MŞ-nın mətbuatın yanında olmasının, haqlı
olduqda onları müdafiə belə etməli olduğunu söylədi: "Fikrimcə, MŞ
gələcəkdə jurnalistlərin sosial müdafiəsi üçün də təşəbbüslər irəli
sürməli, bəzi vətəndaşlar kimi, imtiyazlardan istifadə etməsinə
dəstək olmalıdır".