LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

15 Mart 2013 08:00 (UTC+04:00)

İnkişaf dinamikası getdikcə daha sürətli xarakter almağa başlayan Azərbaycan sosial-iqtisadi sahədə qazandığı nailiyyətləri davamlı olaraq genişləndirməkdədir. Bu hal artıq tərəqqi templəri yüksək sürət üzərində qurulmuş regionlarda da özünü qabarıq formada büruzə verməkdədir. Qeyd olunanların real təsdiqini Yardımlı rayonunun əldə etdiyi nəticələr fonunda da görmək mümkündür.

Ötən ilin sosial-iqtisadi yekunları da uğurlu nəticədən xəbər verir. Ucqar dağ rayonu olan Yardımlı bu gün özünün dinamik inkişaf dövrünü yaşayır. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində rayonda aparılan abadlıq-quruculuq və tikinti işləri nəticəsində Yardımlı rayonu öz simasını tamamilə dəyişib.

Son illərdə Yardımlı rayonunda əhalini narahat edən problemlərin həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində müəyyən işlər görülüb, bir sıra sosialyönümlü obyektlər istifadəyə verilib, əhalinin elektrik enerjisi və təbii qazla təminatı yaxşılaşdırılıb, abadlıq-quruculuq işləri genişlənib. Yardımlı rayonu demək olar ki, əsl tikinti meydançasına çevrilib. Yollar, səkilər və küçələr genişləndirilib, istinad divarları yenilənib, rayonun ucqar kəndlərində yeni məktəblərin və uşaq bağçalarının, şəhərdə idarə və təşkilatların inzibati binalarının tikintisi və digər abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Bu dinamik tərəqqini şərtləndirən əsas səbəblərdən biri Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin ölkənin digər bölgələri kimi Yardımlıya da xüsusi diqqət və qayğı göstərməsidir. Elə cari ilin fevralında dövlət başçısının müvafiq sərəncamı ilə on üç min nəfər əhalinin yaşadığı 23 yaşayış məntəqəsini birləşdirən Yardımlı-Deman-Arvana avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Yardımlı Rayon İcra Hakimiyyətinə ilkin olaraq beş milyon manat ayrılıb. Xatırladaq ki, Yardımlı şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini sürətləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 7 yanvar tarixli Sərəncamı ilə Yardımlı Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılıb. Ayrılan vəsaitin bir hissəsi ucqar dağ kəndlərinə gedən yolların bərpasına, yaşayış məntəqələrinə təbii qaz xəttinin çəkilməsinə və sovet dövründən qalan bir sıra sosial problemlərin həllinə sərf ediləcəkdir.

Ötən il də rayonun tərəqqisində böyük nailiyyətlər qeydə alınıb. Respublikamızın hər yerində olduğu kimi, Yardımlı rayonunda da ötən il il yeni iş yerlərinin yaradılması, tikinti-quruculuq və abadlıq işlərinin sürətlə davam etdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirilib. 2012-ci ildə rayon üzrə 77,6 milyon manatlıq ümumi məhsul istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 19 % çoxdur. Adambaşına düşən məhsul istehsalı 2003-cü illə müqayisədə 3,4 dəfə artaraq 1262 manat olub. Bu müddətdə 581 min manatlıq sənaye, 24 milyon 513 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal olunub, əhaliyə 43 milyon 14 min manatlıq ticarət, 1 milyon 135 min manatlıq nəqliyyat, 241 min 300 manatlıq rabitə xidməti göstərilib. Rayonun büdcəsi hesabına 7 milyon 58 min manatlıq tikinti işləri həyata keçirilib.

Rayonun 2012-ci ildə büdcəsi 11 milyon 731 min 253 manat müəyyən edilib ki, bu da 2003-cü illə müqayisədə 4,5 dəfə artıqdır. Büdcəsinin xərcləri 11 milyon 731 min manata qarşı, 11 milyon 191 min manat icra olunmuşdur ki, bu da proqnozun 95,4% yerinə yetirilməsi deməkdir. Bu müddət ərzində rayon üzrə orta aylıq əmək haqqı 242,4 manat olub. Rayon üzrə 2012-ci ildə əsas kapitala yönəldilən investisiyaların həcmi 10 milyon 740 min manat təşkil edib. Bilindiyi kimi Yardımlı rayonunda iqtisadiyyatın əsasını kənd təsərrüfatı təşkil edir. Elə buna görə də heyvandarlıq və əkinçilik rayon əhalisinin gəlir mənbəyi hesab olunur. Bu müddətdə rayonda mal-qaranın sayı 27 min 833 baş və davarların sayı isə 79 min 958 baş olub. Məhz bunun nəticəsidə 28 min 802 sentner ət və 144 min 146 sentner süd istehsal olunub. 2013-cü ilin məhsulu üçün 2012-ci ilin payız mövsümündə 3 min 240 hektar sahədə payızlıq taxıl bitkiləri əkilib. Bunun da 3 min 208 hektarı payızlıq buğda, 32 hektarı payızlıq arpadır. 2012-ci ilin yazında 1783 hektar sahədə yazlıq bitkiləri əkilib ki, bunun 795 hektarı dənli və dənli-paxlalılar, 842 hektarı kartof, 146 hektarı isə tərəvəz bitkiləridir. Rayonda, taxıl istehsalına dair tədbirlər də ardıcıl olaraq həyata keçirilməsi nəticəsində 3 min 667 hektar sahədən 66 min 477 sentner taxıl istehsal edilib. Bundan başqa 842 hektar sahədən 76 min 380 sentner kartof, 146 hektar sahədən 20 min 941 sentner tərəvəz və 264 hektar sahədən 5 min 150 sentner meyvə məhsulu toplanıb. Ötən ilin eyni dövrü ilə müqaisədə taxıl istehsalı 2 min 687 sentner, kartof istehsalı 2 min 646 sentner, meyvə istehsalı 1357 sentner artıb. Əkinlə əlaqədar 1568 nəfər məhsul istehsalçısına 3 min 418 hektara görə 136 min 730 manat yardım hesablanıb və ödənilib.

Məlumdur ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2013-cü ilin sonuna qədər respublikada qazlaşmanın səviyyəsinin 95 faizə çatdırılmasını xüsusi tələb kimi qarşıya qoyub. Bu fonda xatırladaq ki, 10 may 2012-ci il tarixdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 89-cu ildönümü münasibətilə Əngüvül kəndində 42 abonentə təbii qaz verilişi həyata keçirilib və bununla da əhali sektoru üzrə abonentlərin sayı 1225-ə çatdırılıb. Ötən dövrdə isə abonentlərin sayı daha da artırılıb. 13 mart 2013-cü il tarixdə 280 abonenti olan rayonun Bozayran kəndinə təbii qazın verilməsi ilə bağlı açılış tədbiri keçirilib. Bundan əvvəl 7 mart 2013-cü il tarixdə 48 abonentdən ibarət olan rayonun Bilnə kəndinə təbii qazın verilməsi ilə bağlı açılış tədbiri baş tutub. Bir sözlə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının uğurla icra edilməsi nəticəsində ölkəmizin bütün bölgələrində olduğu kimi Yardımlı rayonunda da geniş abadlıq və quruculuq işləri, o cümlədən əhalinin sosial problemlərin həlli istiqamətində işlər görülür.

Məlumat üçün onu da bildirək ki, rayonda bütün sahələrlə yanaşı yolların təmiri istiqamətində də bir sıra uğurlar əldə olunub. Rayon 44 saylı Yol istismar idarəsinin işçi qüvvəsindən və texnikalarından da istifadə etməklə ümumilikdə, 41 km-ə yaxın yol çınqıl örtüklə təmir olunub, 19 km yol isə eni 6 metr olmaqla genişləndirilib. Uzunluğu 3 km olan Yardımlı-Ostayir kənd yolunun yenidən təmiri işlərinə başlanılıb. Rayon icra hakimiyyəti və Urakəran bələdiyyəsinin birgə köməkliyi ilə əhalisinin sayı 6000 nəfər olan və 7 yaşayış məntəqəsini birləşdirən Urakəran kəndində Viləş çayı üzərində eni 6 metr, uzunluğu 12 metr olan körpü tikilərək istifadəyə verilib. Kəndin digər körpüsü təmir olunub. Bundan əlavə olaraq Teşkan kəndində yük həcmi kiçik olan avtomobillər üçün körpü istifadəyə verilib. Horavar və Sırıq kəndləri arasında, Viləş çayı üzərində yeni avtomobil körpüsünün tikintisinə yaxın vaxtlarda başlanılacaq.

Yardımlı şəhərinin içməli suya olan tələbatının ödənilməsi üçün şəhərə su və kanalizasiya xətlərinin çəkilməsi işlərinə başlanılıb və işlər davam etdirilir. Su çəkilişi başa çatdırıldıqdan sonra əhalisinin sayı 7050 nəfər olan Yardımlı şəhər sakinləri 24 saat içməli su verilişi ilə təmin olunacaqdır. Kəndlərdə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə Rayon icra hakimiyyəti və "Azərsu" ASC-nin təşəbbüsü ilə rayonun Odrağaran və Alçabulaq kəndlərində artezian quyuları qazılmışdır. Əhalisinin sayı 12 min nəfər olan 18 kəndin içməli su tələbatının təmini məqsədilə Viləş çayının Qaraqaya qolundan həmin kəndlərə işməli su çəkilişi üçün layihə hazırlanıb və bu istiqamətdə "Azərsu" ASC ilə danışıqlar aparılıb. Rayon İcra Hakimiyyəti, inzibati ərazi dairələr üzrə nümayəndəliklər və bələdiyyələrin birgə köməkliyi ilə rayonun Gərsava, Vərgədüz, Bilnə, Bərcan, Ərus, Anzov, Şıxhüseyinli, Peştəsər, Yolocaq, Şəfəqli, Cerinbel kəndlərində bulaqlar tikilib və təmir edilib. İçməli sudan əziyyət çəkən Bilnə kəndinə yeni su xətti çəkilib və kənd əhalisinin içməli suya olan tələbatı həll olub. Tikinti-abadlıq işləri fonunda Yardımlı şəhərində Yeni Azərbaycan Partiyasının rayon təşkilatı üçün yeni binanın, Heydər Əliyev Mərkəzinin, Rayon Polis Şöbəsinin, Dövlət Statistika İdarəsinin rayon şöbəsinin inzibati binası üçün yeni binaların tikintisi davam etdirilir. Regionların sosial-iqtisadi inkişafına dair ikinci Dövlət Proqramında müəyyən edilmiş tədbirlərin icrası istiqamətində mühüm infrastruktur layihələri uğurla həyata keçirilir ki, bu da Yardımlının simasının daha da gözəlləşməsinə gətirib çıxaracaq. Digər sahələr üzrə də rayonda sürətli tərəqqi yaşanmaqdadır.

Elşən BAYRAMOV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap olunub.