Qida rasionumuzda broyler toyuqlardan gələn böyük təhülkə

16 Mart 2013 07:55 (UTC+04:00)

Eyyub Hüseynov: "Polivinilxlor nazik materiallarından olan bükülmələr həmin broyler toyuqlarını təhlükəli qidaya çevirir"

Bu gün süfrələrə gətirilən toyuq əti və yumurtaların əksəriyətinin broyler məhsulu olması çoxumuza məlumdur. Amma buna baxmayaraq, bəzən cəmiyyətdə həmin növ məhsullar barədə mənfi fikirlər də yer alır. Belə ki, broyler məhsullarının müxtəlif xəstəliklərə səbəb olması, əksəriyyətinin genetik modifikasiya uğramış məhsullarla qidalanması da bu kimi məlumatların bir hissəsidir.

Daha da dərinə getsək, hətta həmin toyuqların insan ölümünə səbəb olmasını vurğulayanlar da var. Mütəxəssislər həmin toyuqların keyfiyyəti barədə mənfi fikirdə olsalar da, rəsmi qurumlar hazırda ölkəmizdə vəziyyətin normal olduğunu iddia edirlər.

Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli qəzetimizə açıqlamasında bildirir ki, hazırda ölkəmizdə olan broyler toyuqları standartlara tam cavab verir: "Bugünkü vəziyyətə görə deyə bilərik ki, ölkdə istehsal olunan toyuqların əti də, yumurtaları da qoyulmuş standartlar çərçivəsində istifadəyə yararlıdır. Hələlik bu günə qədər heç bir narahatçılıq müşahidə olunmayıb. Broyler toyuqlarının keyfiyyətini adi vəziyyətdə, lobaratoriyasız bilmək mümkün deyil. Sadəcə olaraq insanlar kənardan onun yeniliyni, köhnəliyi müəyyən edə bilərlər".

Digər aidiyyatı qurum olan Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev də vəziyyətin normal olduğunu bildirir: "İldə 2 dəfədən az olmayaraq istər broyler toyuqları, istərsə də digər qida məhsullarının təhlükəsizlik göstəricilərinin müayinəsini aparırıq. Bu təhlükəsizlik göstəricilərinə isə aşağıjakılar aiddir: məhsulun toksikoloji, radioloji tərkibi, fiziki - kimyəvi göstəriciləri və mikrobioloji tərkibi. Araşdırmalarımız göstərir ki, indiyə qədər ziyanverici faktor aşkar olunmayıb".

Amma Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bu cür fikirləşmir: "Bir ay öncə Standratlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinə, Kənd Təsərrüfatı, Iqtisid Inkişaf və Səhiyyə nazirliklərinə rəsmi məlumatlar göndərmişəm. Türkiyə Texniki Universitetinin araşdırmaları və Avropa İttifaqının sənədləri barədə məlumat vermişəm ki, hazırki broyler toyuqlarının qablaşdırıldığı nazik materiallar qida üçün yararsızdır. Onun tərkibində olan zərərli maddələr qidaya keçir. Polivinilxlor nazik materiallarından olan bükülmələr həmin broyler toyuqlarını təhlükəli qidaya çevirir. İkinicisi, əhalidən gələn telefon zənglərinin təhlili göstərir ki, broyler toyuqları qısa müddətə yetişdirilir. Onlara kifayət qədər hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər. Nə üçün broyler toyuqlarının sümükləri əksər hallarda qara, əti selikli olur, tez dağılır, və yemək üçün yararlı olmur? Hətta əhalidən aldığım məlumata görə, kiçik həcmli broyler toyuqlarının satışı onu göstərir ki, murdar olmuş toyuqlar da qablaşdırılır. Hazırda bu kimi problem yaşanmaqdadır. Bundan başqa, dünyanın broyler fabriklərinin yaxınlığından Azərbaycanda olduğu kimi dəhşətli qoxu gəlmir. Orada toyuğun peyini ya maddələrlə utilizasiya, ya da kənd təsərrüfatında peyin kimi istifadə olunur. Azərbaycanda isə broyler fabriklərinə 2 km-dən yaxınlaşmaq mümkün deyil. Tədqiqatlar göstərir ki, broyler fabriklərində toyuqlara Argentinadan gətirilmiş genetik modifikasiya olunmuş, jmıxlar verilir. Bu da istehlakçıların həyatında öz rolunu oynayır".

Ekspert onu da qeyd etdi ki, laboratoriya olmadan, adi vəziyyətdə heç bir insan onun keyfiyyətini təyin edə bilməz: "Lakin müstəqil lobaratoriya olarsa, bunu təyin etmək mümkündür".