Dövriyyədə manatın çox olması ciddi təhdidə çevrilə bilər

16 Mart 2013 07:57 (UTC+04:00)

Son dövrlərdə Azərbaycanda manata tələbatın daha da artması aydın müşahidə edilir. Əhali əlində olan xarici valyutanı daha çox manata çevirməyə üstünlük verir. Bu da manatın dollara, avroya və digər xarici valyutalara nisbətən məzənnəsinin yüksləməsinə və ona tələbatın artmasına səbəb olur.

Manata tələbatın artması fonunda dövriyyəyə bu valyutanın çox buraxılması zərurətə çevrilir. Adətən pul kütləsinin dövriyyəyə çox buraxılması isə müəyyən təhlükələrə yol aça bilər. Bu mənada dövriyyədə manat kütləsinin çox olmasının hansı təhlükələr törədə biləcəyini ekspertlərdən öyrəndik.

Ekspert Cümşüd Nuriyev qeyd etdi ki, dövriyyədə olan manatın kütləsinin artması inflyasiyanın ikirəqəmli olmasına rəvac verə bilər: "Azərbaycanda dövriyyəyə manatın çox buraxılması fikrilə razı deyiləm. Çünki pul-kredit siyasəti Milli Məclisdə təsdiq olunduğundan Mərkəzi Bankın dövriyyəyə əlavə pul buraxmağa ixtiyarı yoxdur. Ötən illə müqayisədə bu il dövriyyəyə ona görə bir qədər çox milli pul buraxılıb ki, Azərbaycanın ümumi daxili məhsulu artıb. Qanunvericiliyə görə də dövriyyədə olan nağd pulun miqdarı ümumi daxili məhsulun 12-13 faizindən çox olmamalıdır. 2011-ci illə müqayisədə keçən il ümumi daxili məhsul artdığından dövriyyədəki nağd pulun artırılması da qanunauyğun haldır. Bununla belə dövriyyəyə lazım olduğundan artıq pul buraxılsa, belə vəziyyətin qarşısını almaq çətin olacaq. Bu halda inflyasiyanın səviyyəsini birrəqəmli həddə saxlamaq da mümkün olmayacaq. Həmçinin manatla ekvivalentdə artıq pul kütləsi ölkənin özünə də ziyandır. Ona görə də ölkə buna getməz".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov isə qeyd etdi ki, baş verən bu hadisəyə rəğmən indilikdə manatın məzənnəsinin aşağı düşməsi real deyil. Amma gələcəkdə belə davam edəcəyi təqdirdə məzənnənin aşağı düşməsi təhlükəsi gündəmə gələ bilər: "Hazırda ölkədə manatla yığımlarda artım müşahidə olunur. Əvvəllər depozitlərin əhəmiyyətli hissəsi dollarla saxlanılırdısa, indi əksinə, manatla saxlanılan depozitlərin həcmində artımlar var. Belə vəziyyət isə bütövlükdə manata tələbatın artmasına gətirib çıxarır. Bu mənada birmənalı şəkildə manata tələbatın artması müşahidə edilir. Tələbatın artması baş verdiyindən Mərkəzi Bank dolların strelizasiyasını, manatın isə emissiyasını artırıb. Yəni praktik olaraq Mərkəzi Bank artıq dövriyyədən dolları çıxarıb, əvəzində dövriyyəyə manat buraxır ki, tələbatı ödəyə bilsin. Əvvəllər isə proses əks istiqamətdə gedirdi. Hazırkı dəyişiklik Mərkəzi Banka imkan verir ki, manatın kəskin möhkəmlənməsinin qarşısını ala bilsin. O baxımdan manatın emissiyasının aşağı düşəcəyi gözlənilmir. Çünki ölkəyə daxil olan dollar kütləsi kifayət qədər çoxdur. Bu da Azərbaycanın neft ölkəsi olması ilə bağlıdır. Azərbaycan öz neftini dollarla satır. Belədə ölkəyə daxil olan dollar kütləsi də artır. Ona görə də manatın emissiyası indiki halda milli valyutanın məzənnəsinin aşağı düşməsinə gətirib çıxarmayacaq. Amma bütün hallarda dövriyyədə manatın daha çox emissiya edilməsi təbii ki, arzuolunan deyil. Çünki bu, praktik olaraq gələcəkdə manatın məzənnəsinin aşağı düşməsi problemini gündəmə gətirə bilər. Lakin hazırda manatın məzənnəsinin aşağı düşəcəyi real görünmür".