Yeni “28 May” stansiyasının möhtəşəm görüntüləri - FOTOLAR

17 Mart 2013 08:53 (UTC+04:00)

Bakı Metropoliteninin "28 May" stansiyasında əsaslı təmir-yenidənqurma işləri davam etdirilir. Movqe.az-ın əldə etdiyi məlumata görə, stansiyanın əsas girişində yeni, 4-cü eskalatorun quraşdırılmasından sonra stansiyanın xarici görünüşünün dəyişdirilməsi işində xeyli irəliləyişə nail olunub.


Bakı Beynəlxalq Dəmiryolu Vağzalının yaxınlığındakı əsas giriş-çıxış platformasının gələcəkdə hansı görünüşdə olması da müəyyənləşib. Bakı Metropolitenindən bildirilib ki, əsas giriş-çıxışın yerləşdiyi platforma və vestibüllər bir müddət əvvəl KİV-də yayılmış görüntülərdəki kimi qurulmayacaq. Stansiyanın yenilənmiş xarici formasını yüngül materiallardan hazırlanmış şüşə-metal konstruksiyalar təşkil edəcək.


Yeni dizayna görə, "28 May" stansiyasının xarici görünüşü tamamilə dəyişiləcək. Tikili müasir üslubda inşa olunacaq və yeni tikilən bəzi stansiyalarla bəzi ümumi özəllikləri özündə birləşdirəcək.

Xatırladaq ki, artıq bir neçə aydır ki, stansiyanın əsas platformasına giriş bağlanıb. Çıxış isə məhdud səviyyədə fəaliyyət göstərir.