Almaniyada yaşayan azərbaycanlı gənclər BMT-nin baş katibinə ünvanlanan bəyanat qəbul edib

18 Mart 2013 10:44 (UTC+04:00)

Almaniyada fəaliyyət göstərən "Almaniya Azərbaycanlı Gənclər Birliyi" 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar BMT-nin baş katibi Pan Gi Muna ünvanlanan bəyanat qəbul edib.

Movqe.az-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla iş üzrə Dövlət Komitəsindən bildirilib.

Bəyanatda ermənilərin azərbaycanlılara qarşı həyata keçirdiyi aramsız soyqırım və deportasiya siyasəti, 1918-1920-ci illərdə Azərbaycan xalqını yer üzündən silmək niyyəti ilə törətdikləri qırğınlar - 700 mindən çox insanın amansızlıqla qətlə yetirilməsi, bütöv şəhər və kəndlərin talan edilməsi haqqında məlumat verilir. "Almaniya Azərbaycanlı Gənclər Birliyi" BMT və beynəlxalq təşkilatları bu soyqırım faktına göz yummamağa, ikili standartlara yol vermədən Azərbaycanın haqlı mövqeyini dəstəkləməyə çağırır. Bəyanatda, həmçinin bu qurumlardan ədalətin tezliklə öz yerini tapması, soyqırımı dövlət siyasətinin tərkib hissəsinə çevirən Ermənistan dövlətinə qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyalar tətbiq olunması, Azərbaycanın ərazi bütövlüyünün, qaçqın və məcburi köçkünlərin kütləvi şəkildə pozulmuş hüquqlarının bərpası, əsir və girovların azad olunması tələb edilir.