Uşaq qaçırdana edam cəzası

18 Mart 2013 18:05 (UTC+04:00)

Əlcəzairdə, "Cəza Qanunu"nda uşaq qaçırdanların edam olunması təsdiqlənib. Movqe.Az-ın məlumatına görə, Əlcəzayir hökuməti tərəfindən verilən yazılı şərhdə, Baş nazir Abdulmalik Şellale başçılığında toplanan Nazirlər Kabinetində uşaq qaçırma hərəkətləri ilə əlaqədar alına biləcək tədbirlər müzakirə edilib və bu istiqamətdə hərəkət edənlərin edam edilməsində yaranan maneələrin qaldırılması qərarı alındığı bildirilib. Əlcəzairdə 1993-cü ildə beynəlxalq insan hüquqları dərnəklərinin təzyiqi ilə "edam qərarı" təxirə salınıb. O gündən bu yana ölkədə edam cəzaları ömürlük həbs cəzası şəklində tətbiq olunurdu. Konstantində keçən həftə, biri 9, digəri 10 yaşında iki uşaq qaçırılıb, tutulan şübhəlilər qaçırdıqları iki uşağı öldürdüklərini etiraf ediblər. Son hadisə Əlcəzairdə sıx etirazlara səbəb olub, xalq uşaq qatillərinin edamla mühakimə olunmasını tələb edib. Təhlükəsizlik Nazirliyinin məlumatlarına görə,  2012-ci ildə ölkə daxilində orqan ticarəti, cinsi istismar ya da pul qarşılığında 276 uşaq qaçırılıb.