Mənzillərin kupça problemi hələ də çözümünü tapmır

19 Mart 2013 14:28 (UTC+04:00)

Ölkədə, əsas etibarı ilə də Bakıətrayı qəsəbələrdə xeyli sayda sənədsiz evlərin olması məlum həqiqətdir. Belə evlərin isə mülkiyyəti təsdiq edən sənədləri, yəni kupçaları yoxdur. Bundan başqa yeni tikilən bir sıra çoxmərtəbəli binalarda olan mənzillər barədə də eyni sözləri demək mümkündür. Səbəb isə belə binaların dövlət komissiyası tərəfindən qəbul olunmamasıdır. Kupçası olmayan ev sakinləri isə qeydiyyata düşməkdə, şəxsiyyət vəsiqəsi almaqda və digər məqamlar üzrə ciddi problemlər yaşayırlar.

Məsələ ilə bağlı Mövqe.az-a daqışan Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov bildirir ki, yeni tikililərdə mənzil sahiblərinə mülkiyyəti təsdiqləyən sənədlərin verilməsi üçün addımlar atılmaqda davam edir: "Bu problem var və hamıya da məlumdur. Hətta cənab Prezident xüsusi göstəriş verib ki, mülkiyyəti təsdiqləyən sənədi olmayan mənzillərin siyahıya, qeydiyyata alınsın. Həmin şəxslər hamısı qeydə alınmalıdır. Elə rayonlar var ki, insanlar 10-15 ildir orada yaşayırlar, qeydiyyata düşürlər, amma ki, kupça almırlar. Bu, çox ciddi bir məsələdir. O cür insanları qeydə almaq və kupçalarını vermək lazımdır. Bəzi insanlar özləri də evləri tikirlər və kupça almırlar. Əgər bu evi insan özü tikibsə və o ev onun şəxsi evidirsə, onun mütləq, mülkiyyəti təsdiqləyən sənədi olmalıdır. Aldığım məlumata görə, siyahıyaalınma davam edir və cənab Prezidentə məruzə olunacaq, ondan sonra qərar veriləcək. Nə vaxt məruzə olunması haqqında isə bir söz deyə bilmərəm".

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov yeni tikililərdə inşa olunan mənzillərin kupça problemlərinin həlli yolları barədə Mövqe.az-a bildirib: "İnşa olunan mənzillərə sənədlərin verilməsi çox vacibdir. Ancaq bununla bağlı problemlər var. Yeni inşa edilən binaların bir qismində mənzil sahiblərinə hələ də kupçalar verilmir. FHN binaların təhlükəsizliyi ilə bağlı yoxlanış aparıb, yekun nəticələri bildirdikdən sonra mənzil sahiblərinə kupçalar verilə bilər. Amma bu proseslərin gedişatının sürətləndirilməsinə ehtiyac var. Əgər bu işlər yubanmalarla həyata keçirilirsə, vətəndaşlar bir sıra problemlərlə qarşılaşır. Problemlərə gəldikdə isə kupça olmadığı üçün həmin mənzillər alqı-satqı obyekti kimi təqdim oluna bilmir və yaxud da insanlar ipoteka kreditini götürə bilmir. Proseduranın tezləşdirilməsi üçün elektron hökümətin elementlərindən istifadə olunmalıdır. Məhz elektron hökümət tez bir zamanda vətəndaşların kupçaya sahiblənmələrinə ən yaxşı vasitədir. Beləliklə də müvafiq sənədlərin lazım olan yerlərə verilməsini və hər bir şey qaydasında olarsa kupçanın verilməsi üçün elektron hökümət ən yaxşı üsuldur".

V.Bayramov Bakı və ətraf qəsəbələrdə kupçasız olan evlərin sayını açıqladı: "Mənzil siyahıyaalınması kupçasız evlərin qeydiyyata alınması ilə bağlı qərardır. Bakıda və ətraf qəsəbələrdə qeydiyyatsız evlərin sayı 500 minə yaxındır. Müvafiq yerli icra hakimiyyəti orqanları qeydiyyatda olmayan mənzillərin siyahıya alınmasını həyata keçirir. Çünki parlamentdə qeydiyyatsız evlərin rəsmləşdirilməsi ilə bağlı qanun layihəsi müzakirə olunacaqdır. Ölkə Prezidentinin bununla bağlı iki il öncə verilmiş göstərişi var. Amma qeydiyyatsız evlərin siyahıya alınması mövcud qanunvericilik formalaşdıqdan sonra kupçaların verilməsi olacaq. Burada da bir mənalı şəkildə proseduraların sürətlənməsinə ehtiyac var".