Özəl universitetlərin yataqxana problemi
19 Mart 2013 12:34 (UTC+04:00)
Azərbaycanın özəl ali təhsil məktəblərinin beynəlxalq təşkilatların
hazırladıqları reytinq cədvəllərində arxa sıralarda qərarlaşmasının
bir səbəbi də özəl universitetlərin tələbə yataqxanalarının
olmamasıdır. Dünya üzrə ali təhsil ocaqlarının reytinq cədvəli
hazırlanarkən təhsil səviyyəsi əsas götürülsə də, universitetlərin
tələbə yataqxanalarının olması da şərtlərdən biri kimi qəbul
olunur. Ölkəmizdə son illər özəl ali təhsil ocaqlarının sayı artsa
da tələbə yataqxanası olan çox az sayda universitet var. Qeyd edək
ki, xarici ölkələrdə özəl ali təhsil müəssisələri yaradılarkən
həmin universitetlərin tələbə yataqxanaları da inşa edilir. Xaricdə
ali təhsil müəssisələrinin yaxınlığında tələbə şəhərcikləri inşa
edilir. Tələbələr universitetdən çıxdıqdan sonra uzaq məsafə qət
etmədən yataqxanada yaşayırlar.
"Müasir Təhsil və Tədrisə Yardım" Mərkəzinin proqram rəhbəri Elmina
Kazımzadə də, özəl ali məktəblərin kampusların tikintisinin
təhsilin inkişafı baxımından səmərə verdiyini söyləyir. Təhsil
eksperti deyir ki, kampusların tikintisinə Türkiyə və digər
ölkələrin təcrübəsində rast gəlinir. Onun sözlərinə görə,
özəl ali təhsil ocaqlarının bir yerdə qərarlaşması elmi
təcrübələrin, akademik tədqiqatların aparılmasına şərait yaradır
ki, bu da təhsilin inkişafına gətirib cıxardır: "Kampuslar mühit
baxımından da tələbələrin təhsilə marağını artırır. Ətrafında bütün
günü akademik, professorları görən tələbələr elmə daha çox maraq
göstərirlər. Kampuslar eyni zamanda tələbələrin vaxt itgisinin də
qarşısını alır. Tələbə yataqxanalarının da həmin məkanda
yerləşməsi, onların yollarda itirdikləri vaxtı dərslərini öyrənməyə
sərf etmələrinə imkan verir. Amma təbii ki, belə şəhərciklərin
salınması milyonlarla manat pul tələb edir. Odur ki, özəl ali
təhsil müəssisəsi yaradanlar yataqxanaların tikintisinə bu qədər
pul xərcləmək istəmirlər. Halbuki, yataqxananın olması özəl ali
təhsil müəssisəsinin reytinqinə təsir edir".
Təhsil Nazirliyinin Aparatının böyük məsləhətçisi Nərgiz Qaraxanova
isə deyir ki, Azərbaycanda özəl universitetlər yaradılarkən
yataqxanalarının da tikilməsi şərt kimi qoyulmur: "Bu özəl ali
təhsil müəssisələrinin nizamnaməsində də yoxdur. Bu işdə özəl
universitetlər sərbəstdirlər. Əlbəttə ki, özəl ali təhsil
müəssisələrinin yataqxanalarının olması onların özləri üçün
üstünlük hesab olunur. Bu onların beynəlxalq reytinq cədvəllərində
irəliləməsinə yardım edə bilər. Amma tələbə şəhərciklərinin
salınması külli miqdarda vəsait tələb etdiyindən, özəl ali təhsil
müəssisələrinin çoxu universitet yaradarkən yataqxananın
tikintisini təxirə salırlar".
N. Qaraxanova hələki özəl ali məktəblərə yataqxana tikintisinin
şərt kimi qoyulmasının mümkün olmadığını, universitetlərin
tələbə şəhərciklərininin inşası ilə əlaqədar müstəqil qərar vermək
səlahiyyətinin olduğunu bildirdi.