Yerli dərman istehsalı problemə çevrilib
19 Mart 2013 17:22 (UTC+04:00)
Azərbaycanda dərmana tələbat böyük olsa da, ölkədə bu günə qədər
dərman istehsal edən zavod yoxdur. Səhiyyə Nazirliyi Dərman
Vasitələrinin Analitik Ekspertizası Mərkəzinin Dərmanların
keyfiyyətinə nəzarət inspeksiyasının rəisi Pərviz Əzizbəyovun
Movqe.az-a verdiyi məlumata görə, ölkədə rəsmi qeydiyyatda olan
dərmanların yalnız 60 adda olanı Azərbaycanın öz istehsalı olan
dərman preparatlarıdır: "Qalanları isə əsasən Avropa Birliyi
ölkələrindən idxal olunur. Azərbaycanda rəsmi dövlət qeydiyyatda
olan dərmanların 50%-dən çoxunu Avropa istehsalı olan dərman
preparatları təşkil edir".
Bəs görəsən ölkədə dərmana olan tələbatı yerli istehsal hesabına
ödəmək nə vaxt mümkün olacaq. Qeyd edək ki, hələ 2006-cı ildə
səhiyyə naziri Oqtay Şirəliyev Azərbaycanda dərman istehsal edən
zavodun yaradılmasından danışmışdı. Nazir bildirmişdi ki, bu
istiqamətdə müvafiq danışıqlar aparılır: "Bu gün Azərbaycanda belə
bir müəssisənin yaradılmasına ehtiyac duyulur ki, bu da ölkədə bəzi
dərmanların qiymətinin aşağı düşməsinə səbəb olacaq və respublikaya
xarici ölkələrdən dərman idxalının qarşısını alacaq".
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə bu günlərdə mətbuata
açıqlamasında bildirib ki, Azərbaycanda əczaçılıq sahəsində
istehsala maraq göstərən şirkət çoxdur: "Ancaq bununla bağlı qərarı
Səhiyyə Nazirliyi təkbaşına vermir. Bu sahə üzrə fəaliyyət
göstərmək istəyən şirkətlər eyni zamanda, İqtisadi İnkişaf
Nazirliyinə də müraciət edirlər: "İngiltərənin insulin istehsal
edən bir şirkəti müraciət edib. Bununla yanaşı, misirlilərin də
Azərbaycanda əczaçılıq zavodu qurmaq niyyəti var. Sözsüz ki,
Səhiyyə Nazirliyi Azərbaycanda fəaliyyət quracaq şirkətlərin
keyfiyyətli və ucuz qiymətə dərman istehsal etmələrinə ancaq
tərəfdar ola bilər".
Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli də deyir ki,
əgər ölkədə dərman istehsalına başlanılarsa və nazirliyin dərman
alınması üçün keçirdiyi tenderdə həmin zavodun məhsulları sərfəli
təkliflə çıxış edərlərsə, nazirlik ola bilər ki, yerli istehsala
üstünlük versin: "Tender zamanı hansı şirkıt keyfiyyətli və sərfəli
təklif edirsə, həmin şirkət də tenderdə qalib olur. Azərbaycanda
hələki dərman istehsal edən iri şirkət yoxdur. Buna səbəb
Azərbaycanda dərman bazarının kiçik olmasıdır. Sahibkarlar isə
biznes maraqları təmin oluna bilən sektorlara investisiya
yatırırlar ki, qazanc əldə etsinlər".
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətinin rəhbəri Abbas
Əliyev isə deyir ki, sahibkarlar tərəfindən Sahibkarlığa Kömək
Milli Fonduna belə bir layihə ilə müraciət olarsa mütləq həmin
müraciətə baxılacaq.
İqtisadçı Vüqar bayramov isə ölkədə dərman istehsalını rentabelli
sayır. Onun sözlərinə görə, dərman məcburi istehlak edilən
məhsullar sırasındadır: "Azərbaycanda dərman istehsalı ilə bağlı
ənənə yoxdur. Odur ki, sahibkarlar bu sahəyə investisiya yatırmağa
elə də maraq göstərmirlər. Digər səbəb isə dərman bazarında
süni maneyələrin olmasıdır. Normal mühit yaradılarsa, ölkədə dərman
istehsalı gəlirli biznesə çevrilə bilər. Çünki Azərbaycanda
dərmanların qiyməti 2,5 dəfə yüksəkdir. Ölkədə keyfiyyətli dərman
istehsal edilib sərfəli qiymətə satılarsa, alıçı toplaya
bilər".