Fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırıldı
18 Mart 2013 21:37 (UTC+04:00)
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi
İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu (KİVDF)
fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinin
mükafatlandırılması və Novruz bayramı münasibətilə tədbir
keçirmişdir. Movqe.az xəbər verir ki, tədbirdə dövlət və hökumət
rəsmiləri, Milli Məclisin deputatları, ziyalılar və KİV
nümayəndələri iştirak etmişlər.
Əvvəlcə Azərbaycan Respublikasının Dövlət himni
səsləndirilmişdir.
Fondun icraçı direktoru Vüqar Səfərli mərasimdə iştirakçıları
qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik etmişdir.
Bildirilmişdir ki, KİVDF yarandığı gündən bir çox layihələr həyata
keçirmişdir. Bu layihələrdən biri də fərdi jurnalist yazıları
müsabiqəsidir. Müsabiqəyə, ümumilikdə, 10 istiqamət üzrə 83 yazı
təqdim olunmuşdur. Təqdim edilmiş yazılar üç qrupda 9 ekspert
tərəfindən qiymətləndirilmiş, hər istiqamət üzrə ən yüksək bal
toplamış 3 yazı qalib hesab olunmuşdur. Müsabiqənin şərtlərinə
görə, ən yüksək bal toplamış 30 jurnalist qalib elan edilmişdir.
Bundan əlavə, yüksək bal toplamış, lakin qaliblər sırasına düşə
bilməyən 10 jurnalistə isə həvəsləndirici mükafatların verilməsi
qərara alınmışdır.
Qeyd edilmişdir ki, müsabiqənin şərtlərinə
uğun olaraq qaliblərin hər birinə 1000 manat, həvəsləndirici
mükafatların sahiblərinə isə 300 manat məbləğində mükafat verilməsi
nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının
ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov mərasimdə
çıxış edərək demişdir ki, fərdi jurnalist müsabiqəsinin keçirilməsi
və qalib jurnalistlərin bu cür təntənəli mərasimlərlə
mükafatlandırılması artıq Azərbaycanda ənənə halı almışdır.
Azərbaycan dövlətinin mətbuata qayğısı ildən-ilə daha
təkmilləşdirilmiş formada davam edir. Bu sahədə qəbul etdiyimiz
konsepsiyaya uyğun olaraq KİVDF hər il jurnalistlərin bu və ya
digər problemlərini öz üzərinə götürərək onların sosial rifah
halını daha da yaxşılaşdırmağa çalışır.
Əli Həsənov bildirmişdir ki, bu cür tədbirlər - medianın bir-biri
ilə ünsiyyəti, o cümlədən ölkəmizin tanınmış, nüfuzlu insanları ilə
təmaslar vətəndaş cəmiyyəti quruculuğuna, ölkədə siyasi plüralizm
mühitinin formalaşmasına, ümumilikdə isə insanlar arasında
əlaqələrin intensivləşməsinə xidmət göstərir. Dövlətimizin başçısı
İlham Əliyevin mətbuata münasibətinin əyani təzahürü olan bu cür
tədbirlərdən təkcə media mənsubları deyil, bütövlükdə cəmiyyətimiz
bəhrələnir.
Prezident Administrasiyasının rəsmisi demişdir ki, təməli ümummilli
liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş azad media mühiti,
Azərbaycanda azad söz, demokratik cəmiyyət quruculuğu
müvəffəqiyyətlə davam etməkdədir. Əminəm ki, media işçiləri
indiyədək olduğu kimi, bundan sonra da demokratik dövlət və azad
cəmiyyət quruculuğuna öz töhfələrini verəcəklər. Biz Azərbaycan
cəmiyyətinin gələcəyini mediasız, siyasi partiyalarsız, ictimai
təşkilatlarsız təsəvvür etmirik. Fürsətdən istifadə edərək, bütün
bu proseslərdə iştirak edən insanları Novruz bayramı münasibətilə
təbrik edirəm.
Sonra fərdi jurnalist yazıları müsabiqələrinin qaliblərinə
mükafatlar təqdim edilmişdir.
Qalibləri təbrik edən Mətbuat Şurasının sədri Əflatun Amaşov
KİVDF-nin layihələrinin əhəmiyyətini vurğulamış, bu müsabiqələrin
jurnalistlərin peşə hazırlığının artırılmasında böyük rolu olduğunu
qeyd etmişdir.
Tədbirdə KİVDF-nin icraçı direktoru V.Səfərliyə 55 yaşının tamam
olması münasibətilə hədiyyələr təqdim edilmişdir.
Sonra tədbir bədii hissə ilə davam etdirildi