ATƏT-in Minsk Qrupu həmsədrləri Xocalı aeroportu ilə bağlı konkret təkliflərinin olduğunu açıqlayıblar
20 Mart 2013 13:12 (UTC+04:00)
Dağlıq Qarabağ münaqişəsinin həllində vasitəçilik missiyasını
üzərinə götürmüş ATƏT-in Minsk Qrupu həmsədrləri Yan Kelli (ABŞ),
Jak For (Fransa), İqor Popov (Rusiya) və ATƏT-in fəaliyyətdə olan
sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin (Polşa) regiona səfəri
başlayıb.
Movqe.az-ın verdiyi məlumata görə, vasitəçilər martın 19-da
Xankəndinə səfər edərək separatçı rejimin rəhbərləri ilə
görüşüblər.
Separatçıların lideri Bakı Saakyan görüşdə bildirib ki, Bakı
destruktiv siyasətini davam etdirir, bu isə sülh prosesinə təhlükə
törədir.
Öz növbəsində, amerikalı həmsədr Y. Kelli ilk dəfədir, Dağlıq
Qarabağa səfər etdiyini deyib. "Mən ona görə buradayam ki, bu
prosesə hansı şəkildə faydalı ola biləyimizə dair sizin
fikirlərinizi eşidək", - deyə diplomat bildirib.
Görüşdən sonra jurnalistlərin suallarını cavablandıran həmsədrlər
Xocalı aeroportu ətrafında yaranmış məsələyə toxunublar. Aeroportla
bağlı məsələnin hansı mərhələdə olmasına dair suala cavabında Y.
Kelli bildirib ki, sülh prosesinə töhfə vermək
niyyətindədirlər.
Fransalı həmsədr J. For isə deyib ki, aeroport ətrafında proses
davam edir və detallar barədə danışmaq hələlik tezdir: "Lakin əmin
olun ki, biz daim bu istiqamətdə işləyirik və bizim konkret
təkliflərimiz var. Biz bu təklifləri tərəflərlə müzakirə
edirik".
Rusiyalı həmsədr İqor Popov isə qeyd edib ki, regiona səfərin
yekunlarına dair ənənəvi bəyanatla çıxış edəcəklər: "Həmin
bəyanatda bəzi suallara cavab veriləcək".
Qeyd edək ki, həmsədrlər martın 20-də İrəvana səfər edərək,
Ermənistan prezidenti Serj Sarkisyan və xarici işlər naziri Edvard
Nalbandyanla görüşəcəklər.
Vasitəçilərin Azərbaycana səfərləri isə aprel ayının əvvəllərinə
nəzərdə tutulur.