Evlənmək arzusunda olanların bu virusa görə müayinəsi vacibdir-Qaraciyəri serroz edir

23 Yanvar 2018 14:18 (UTC+04:00)

Azərbaycanda nikaha daxil olmaq istəyənlərin müayinə oldunduğu xəstəliklərin sayının artlırılması təklif  edilib.  Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev komitənin сон iclasında çıxış edərək  hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsi təklifini səslənib.   M.Quliyev bununla bağlı Ailə Məcəlləsinə dəyişikliklərin edilməsini təklif edib: “Nikahdan əvvəl bir necə xəstəlik üzrə məcburi müayinələr həyata keçirilir. Bunun olduqca yaxşı nəticələri var. Bu, gələcəkdə sağlam nəslin yetişməsində böyük rol oynayır. Təklif edərdim ki, hepatit B və hepatit C-nin də xəstəliklərinin müayinə paketinə daxil etmək üçün Ailə Məcələsinə dəyişiklik edək”.

Qeyd edək ki, hazırda Nazirlər Kabinetinin  2015-ci il 28 aprel tarixli 122 nömrəli qərarı ilə nikaha daxil olmaq istəyən şəxslər üçün tibbi müayinədən keçmək üçün xəstəliklərin siyahısı qüvvəyə minib. Bu siyahıya hemoqlobinopatiyalar, böyük beta-talassemiya,aralıq beta-talassemiya, drepanotalassemiya,oraqvari hüceyrəli anemiya, İİV/QİÇS, sifilis xəstəlikləri daxildir. 
B. Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Zöhrə Əlimirzəyeva deyir ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi üçün müəyyənləşdirilmiş xəstəliklərin siyahısının artırılması yaxşı təklifdir. Hepatit B və hepatit C-nin də müayinəsinin icbari olan xəstəliklərin siyahısına daxil edilməsinə gəlincə Z. Əlimirzəyeva bu xəstəliklərin irsi keçən xəstəliklər siyahısına daxil olmadığını bildirir: “Hepatit B və hepatit C xəstəlikləri irsi yox, qazanılmış xəstəliklərdir. Bu xəstəliklərə insanların ailə qurduqdan sonra da, həyatın istənilən mərhələsində yoluxması mümkündür. Hepatit B və hepatit C viruslarına əsasən qanla, bəzən cinsi yolla da yoluxmaq mümkündür. İstənilən halda ailə qurmazdan öncə bu xəstəliklərə görə müayinə müsbət haldır. İnsanlar ailə qurmazdan öncə bir-birində hansı xəstəliklərin olduğunu bilməlidirlər. Bu sağlam ailə üçün vacibdir”.
Z. Əlimirzəyeva deyir ki, hepatit B və hepatit C irsi xəstəlik olmasa da, müalicəsi mütləq olan xəstəliklər sırasındadır: “Bu xəstəlik qaraciyərin serrozuna, bəzən qaraciyərin bədxassəli şişinə belə səbəb olur. Ona görə də, insanların bu virusa görə ailə qurmazdan öncə müayinə edilməsi təklifini dəstəkləyirəm”.
Həmsöhbətimiz deyir ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi üçün müəyyənləşdirilmiş xəstəliklərin siyahısını daha da artırmaq olar. Amma bu, külli miqdarda vəsait tələb edəcək tədbirdir: “Bütün irsi xəstəliklərin diaqnostikası külli miqdarda vəsait tələb edir. Ona görə də daha geniş yayılmışları seçilərək siyahıya daxil edilib. Bundan əlavə də müayinə ilə yanaşı, irsi qan xəstəliklərinin qarşısını almaq üçün qohum nikahlardan çəkinmək lazımdır. Bu yöndə təbliğat aparılmalıdır. Çünki, irsi qan xəstəlikləri daha çox qohum nikahlarda özünü biruzə verir”.
İnstitutun direktoru söyləyir ki, ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi üçün müəyyənləşdirilmiş xəstəliklərin siyahısını artırmaq, həm də bu xəstəliklərə qarşı müayinələrin sayını artırır: “Bu gün  ailə qurmaq istəyənlər bir neçə xəstəliyə görə müayinədən keçirlər. Onlar bununla pulsuz müayinə imkanından yararlanaraq öz sağlamlıqları ilə bağlı məlumat alır, əgər xəstəlik aşkarlanıbsa, müalicəsi istiqamətində vaxtında tədbirlərə başlayırlar. Bu mənada da ölkədə nikaha daxil olmaq istəyənlərin icbari tibbi müayinəsi üçün müəyyənləşdirilmiş xəstəliklərin siyahısının artırılması müsbət haldır”. 
Qeyd edək ki, ötən ilin yanvar-noyabr aylarında 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə ölkədə viruslu hepatit B və C ilə xəstələnənlərin sayında artım müşahidə olunub. Hepatit A virusu və qonokokk infeksiyası ilə xəstələnmə halları müvafiq olaraq 13,6 faiz və 3,8 faiz azalsa da, B və C ilə xəstələnənlərin sayında artım var. Rəsmi məlumatlara görə, müqayisə olunan dövrdə əhalinin 100 min nəfərinə düşən xəstələnmə hallarının sayı hepatit A virusu üzrə 14,4 faiz, qonokokk infeksiyası üzrə isə 4,7 faiz azalıb. Ötən il qeydə alınmış xəstəliklər arasında tənəffüs, əsəb sistemi və hissiyyat orqanlarının, həzm orqanlarının, qan dövranı sisteminin xəstəlikləri, eləcə də yoluxucu və parazitar xəstəliklər üstünlük təşkil edib.
Məlumat üçün onu da qeyd edək ki, 1 iyun 2015-ci il tarixindən etibarən nikaha daxil olmaq istəyən vətəndaşların tibbi müayinədən keçməsi mütləq sayılır.

Zülfiyyə QULUYEVA