Fələstinə dəstək, İsrailə təminat, Əsədə mesaj, İrana xəbərdarlıq
22 Mart 2013 23:05 (UTC+04:00)
İsrail və Fələstinə səfər edən ABŞ prezidenti Barak Obama Qüdsdə
əksəriyyəti tələbələr olan 2 min nəfərlik auditoriya qarşısında
təsirli çıxışı ilə günə damğasını vurub.
Qüds Qurultaylar Mərkəzində çıxış edən Obama israillilərə
müraciətlə, fələstinlilərin də öz dövlətlərini qurmaq haqqının
olduğunu bildirib. "Özünüzü onların yerinə qoyun" deyə israillilərə
xitab edən Obama İsrail-Fələstin münaqişəsinin həlli üçün sülh
danışıqlarının bərpasına çağırıb. ABŞ prezidenti bəyan edib ki,
İsrail məskunlaşma üçün apardığı inşaat işləri ilə sülh prosesinə
zərər vurduğunu görməlidir.
Fələstinə dəstək
Obama vurğulayıb ki, sülhün əldə edilməsi üçün "iki xalqın iki ayrı
dövləti qurulmalıdır". İsrailin yaşaması və müstəqil yəhudi dövləti
olaraq çiçəklənməsi üçün yeganə yol müstəqil və möhkəm Fələstin
dövlətinin qurulmasıdır. ABŞ prezidenti əlavə edib ki, belə bir
sülh regionda baş verən son hadisələri, ərəb dünyasındakı inqilab
dalğasını nəzərə alanda daha aktual və vacib görünür: "Regiondakı
dövlətlərdə hökumətlərin xalqın iradəsi ilə formalaşdığı bir vaxtda
İsrailin öz təhlükəsizliyini qorumaq üçün bir ovuc avtokratik
rejimlə sülh əldə etdiyi dövrlər artıq arxada qalıb. Sülh xalqlar
arasında əldə edilməlidir, hökumətlər arasında yox".
Fələstin xalqının da öz müqəddəratını təyin etmək haqqının və bu
haqqın tanınmalı olduğunu təkrarlayan ABŞ prezidenti daha sonra
deyib: "Özünüzü onların yerinə qoyun. Dünyaya onların gözü ilə
baxın. Fələstinli uşaqların öz ölkələrində böyüməməsi, ömürlərini
bütün həyatları boyunca hər hərəkətlərinə nəzarət edən yabançı bir
orduyla keçirmələri haqsızlıqdır". Bu yerdə Obama əvvəlcədən
hazırladığı mətndən kənara çıxaraq son vaxtlar tanış olduğu bir
qrup fələstinli gənclə bağlı xatirələrini də bölüşüb və "Onlarla
danışdıqca qızlarımdan fərqli olmadıqlarını gördüm. Sizin
qızlarınızdan, oğullarınızdan da fərqli deyillər", - deyə
bildirib.
İsrailə təminat
ABŞ prezidenti çıxışında İsrailin təhlükəsizliyi mövzusuna da
toxunub. Obama İsrailin bölgədə onun varlığını qəbul etməyənlərlə
çevrələndiyinə işarə edib və "bu səbəbdən İsrailin təhlükəsizliyi
çox önəmlidir" deyib.
"İsrail dövlətinin varlıq haqqına qarşı çıxanlar ayaqlarının
altınadakı torpaqları və başları üzərindəki göy üzünü də inkar edə
bilərlər. Çünki İsrail yox olmayacaq. ABŞ durduqca yalnız
deyilsiniz" deyə salona xitab edən Obama bununla belə,
israillilərin gələcəyi baxımından "bir dost kimi" sülh tövsiyəsi
verib. "Sülh lazımdır. Sülh gerçək təhlükəsizliyə aparan tək
yoldur. İsrailliləri həqiqətən də qoruya biləcək tək şey savaşın
olmamasıdır", - deyə o əlavə edib.
ABŞ prezidenti deyib ki, ölkəsi Qəzzadan İsrailə raket atılmasını,
dinc sakinlərin öldürülməsini pisləyir, İsrailin təhlükəsizliyini
dəstəkləyir, ona hərbi yardım edir, Həmasın İsrailin mövcudluq
haqqını tanımasını istəyir.
Əsəd rejiminə mesaj
Ölkəsinin Suriya rejiminə kömək edən "Hizbullah"ı terrorçu təşkilat
sayıdığını da xatırladan Barak Obama daha sonra Bəşər Əsədə və onun
əmrinə tabe olanlara xəbərdarlıq ünvanlayıb: onlar kimyəvi silahdan
istifadə etməsinlər. Amerika belə silahların nə xalqa qarşı
istifadəsinə, nə də terrorçulara ötürülməsinə dözəcək.
"Dünyanın gözü sizdədir, əgər bu, baş versə, sizi buna görə cavab
verməyə məcbur edəcəyik" deyən Obama bəyan edib ki, Suriyanın
gələcəyə gedən yolu Əsədin hakimiyyətdən əl çəkməsindən keçir:
"Suriyada sabitlik yalnız öz xalqı qarşısında cavabdehlik daşıyan
hökumətin qurulması ilə reallaşa bilər".
İrana xəbərdarlıq
ABŞ prezidenti çıxışında İran mövzusuna da yer ayırıb. Bilidirb ki,
soyqırıma məruz qalmış yəhudi xalqının İranın onu yer üzündən
silmək barədə hədələrindən narahatlıq keçirməsi başa düşüləndir.
Ona görə də ABŞ beynəlxalq koalisiya yaradaraq, İranı mübahisəli
nüvə proqramından imtinaya məcbur etməyə çalışır və bunun təsiri də
var: "İran təcrid olunub. Onun iqtisadiyyatı ağır vəziyyətdədir.
Rəhbərliyində parçalanma var. Regionda və dünyadakı mövqeyi isə
zəifləyib".
Obama bu məsələni həll etmək üçün ən yaxşı vasitənin güclü
diplomatiya olduğunu desə də, başqa vasitələri də istisna etməyib.
"İranın nüvə silahı əldə etməsinə imkan verməyəcəyik və bunun üçün
bütün vasitələrdən istifadə edə bilərik", - deyə o qeyd edib.
Xatırladaq ki, bu, prezident seçiləndən bəri Obamanın İsrail və
Fələstinə ilk səfəridir.