Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının Kolumbiyanın Medelin şəhərində keçirilən 21-ci sessiyası çərçivəsində qəbul edilmiş qətnaməyə əsasən, 2017-ci il dünyada “Turizmin davamlı inkişaf ili” kimi başa çatıb. Burada əsas məqsədi turizm sənayesinin inkişafında davamlı turizmin rolunun artırılması, bu sahədə təbliğatın, eləcə də bu sahə üzrə maarifləndirmə işlərinin gücləndirilməsidir. Təqdirəlayiq haldır ki, Azərbaycan ötən ilin turizm göstəricilərinə görə xeyli irəliləyib və bu sahə ölkə iqtisadiyyatının əsas inkişaf istiqamətlərindən birinə çevrilməkdədir.
2017-ci ildə Azərbaycana Azərbaycana gələn turistlərin sayı 25% artaraq, 2.5 milyon nəfərə çatıb. Bu, ölkə əhalisinin hər 4 nəfərinə bir turistin düşməsi deməkdir. Çünki, ölkəyə gələn hər bir şəxsin xərclədiyi vəsait son nəticədə əhalinin sosial vəziyyətinin yaxşılaşmasına müsbət təsir göstərir. Hazırda Azərbaycanın tiruzmdən əldə etdiyi qazanc ÜDM-nin 4 faizindən çoxunu təşkil edir. 2025-ci ilə qədər bu rəqəmin 2 dəfə artacağı gözlənilir. Bu proqnoz olduqca real görünür, çünki turizmin inkişafı hökumətin islahatlar portfelində prioritet istiqamət kimi təsbit edilib. Təsadüfi deyil ki, qısa müddətdə turizm sənayesi ümumi daxili məhsul istehsalında, ölkəyə valyuta gəlişində getdikcə daha böyük rol oynamağa başlayıb. Çünki, turizm ölkəyə xarici valyuta axınını sürətləndirir, xidmət şəbəkəsinin genişləndirilməsinə təkan verir və beləliklə, yeni iş yerləri yaradılır, ölkədə məşğulluğun sahə və istiqamətlərinin genişləndirilməsinə imkan yaradır.
Strateji yol xəritəsində turizmin inkişafı ilə bağlı nəzərdə tutulan tədbirlərin reallaşması yeni uğurlara start verilməsinə imkan verib. Strateji yol xəritəsi özündə 2020-ci ilədək iqtisadi inkişaf strategiyasını və tədbirlər planını, 2025-ci ilədək olan dövr üçün uzunmüddətli baxışı və 2025-ci ildən sonrakı dövr üçün hədəfləri əhatə edir. “Azərbaycan Respublikasına turist axınının sürətləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” dövlət başçısının 20 fevral 2017-ci il tarixli sərəncamına uyğun olaraq, bütün sərhəd buraxılış məntəqələrində turistlərin sürətli keçidi üçün xüsusi ayrılmış hərəkət zolaqları yaradılıb. 2017-ci ildə ölkəyə turistlərin gəlişini asanlaşdırmaq üçün elektron vizanın tətbiqi daha da təkmilləşdirilərək “ASAN viza” sistemi yaradılıb. Hazırda 81 ölkənin vətəndaşı “ASAN viza” sistemi vasitəsilə elektron viza əldə edə bilir.
Çimərlik turizminin inkişafı məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 mart tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında çimərlik turizminin inkişafına dair 2017–2020-ci illər üçün Tədbirlər Planı” təsdiq olunub. Sənədə əsasən çimərliklərə dair hüquqi bazanın təkmilləşdirilməsi, infrastrukturun qurulması, bu sahədə fəaliyyət göstərən operatorların işinin tənzimlənməsi, ətraf mühitin mühafizəsi, təhlükəsizlik və s. kimi mühüm tədbirlər həyata keçirilir.
Ölkəmizdə turizm sahəsi böyük perspektivlərə malikdir. Turizmin əksər növlərinin (kənd, müalicə-sağlamlıq, ekoloji, mədəni, sosial, kommersiya, idman, dini və s.) inkişafı üçün geniş imkanlar mövcuddur. Son 14 ilin sürətli sosial-iqtisadi tərəqqisi bu sahənin hərtərəfli inkişafına yeni imkanlar açıb. Turizm ehtiyatlarının öyrənilməsi, genişləndirilməsi, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili və müasir standartlara uyğunlaşdırılması, sanatoriya-kurort imkanlarının genişləndirilməsi, mehmanxanaların və digər turizm obyektlərinin sayının artırılması, turist marşrutları şəbəkəsinin yaradılması real nəticələrini verir. Əsas məqsəd turizmin ölkə iqtisadiyyatının ən dayanıqlı və rəqabətə davamlı sahəsinə çevrilməsidir.
Bunun üçün obyektiv səbəblər var. İlk növbədə, Azərbaycanda hökm sürən sabitlik, əmin-amanlıq, ictimai-siyasi asayiş respublikamızı turistlər üçün cəlbedici ölkəyə çevirib. Doğrudan da, son illər turizm iqtisadiyyatın əsas sektorlarından birinə çevrilərək sürətlə inkişaf edir və ÜDM-də payını artırır.
N.NOVRUZ