Gülər Əhmədovanın oğlu əməliyyat olunacaq-Eksklüziv
27 Mart 2013 12:16 (UTC+04:00)
"Toğrulun qolu ola bilər ki, əməliyyat edilsin. Hər halda buna
həkimlər qərar verəcək. Əgər lazımdırsa əməliyyat edəcəklər.
Əməliyyatı ona görə etmək istəyirlər ki, qolu gec birləşə və əyri
ola bilər. Sağ olsunlar, Dövlət Sərhəd Xidmətinin Hərbi
Hospitalının tibbi personalı, travmatoloq Azər Qafarov. Oğluma
lazımi tibbi xidməti göstərirlər, tez-tez müayinə edirlər. Allahın
köməkliyi ilə bu kiçik əməliyyat da Hərbi Hospitalın peşəkar
həkimləri tərəfindən uğurla başa çatdırılar".
Bu sözləri Movqe.az-a Gülər Əhmədovanın həyat yoldaşı Fikrət
Əhmədov oğlu Toğrul Əhmədovun səhhəti ilə bağlı açıqlamasında
söyləyib. F. Əhmədov bildirib ki, Gülər Əhmədovaya oğlunun
vəziyyəti ilə bağlı məlumat verilib. Amma nə G. Əhmədova, nə dəki
ailəsi görüş üçün heç kəsə müraciət etməyib: "Gülər də başa düşür
ki, idman zamanı belə zədələr almaq təbiidir və buna görə
təlaşlanmağa dəyməz. Məntiqsiz məlumatlar yayırlar ki, Gülər
Əhmədova güya bu görüşə icazə verilmədiyi üçün aclığa başlayıb.
Yalan sözlərdir, Güləri səhhətində nasazlıqlar var, narahatçılığı
da səhhətindəndir. Amma aclıq etməsi söhbəti yalandır"
Movqe.az Toğrul Əhmədovun həkimi travmatoloq Azər Qafarovla da
əlaqə saxlayıb. Həkim Movqe.az-a açıqlamasında bildirib ki, bu adi,
normal qəbul olunmuş kiçik bir əməliyyatdır: "Toğrulun gibsi
söklülərək osteosintez əməliyyatı aparılacaq (el arasında mil
qoyulma). Travmalı xəstələrin müalicəsində osteosintez əməliyytları
geniş tətbiq olununr. Osteosintez sümük uclarının hər hansı bir
üsulla birləşdirilməsi və bitişməyə lazımi şəraitin
yaradılması deməkdir. Atasına bu barədə məlumat vermişik. Yəqin ki,
sabah Toğrulu əməliyyat edəcəyik. Heç bir narahatçılığa əsas
yoxdur. Qolu sınan xəstələrin əksəriyyətində bu əməliyyatın
aparılması vacibdir".
Qeyd edək ki, yumşaq toxumaları, damar-sinir dəstəsini zədələmək
qorxusu olan bütün sınıqlarda, oynaqdaxili bütün sınıqlarda,
gecbitişən sınıqlarda, yalançı oynaqlarda, ikincili yerdəyişmiş
sınıqlarda, konservativ repozisiyası mümkün olmayan sınıqlarda
osteosintez əməliyyatına göstəriş var.