LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
21 Mart 2013 08:00 (UTC+04:00)
Dinamik intibahı getdikcə daha böyük sürət alan müasir Azərbaycan
əldə etdiyi nailiyyətlər hesabına bu gün dünya miqyasında uğurlu
bir inkişaf modelinin müəllifi kimi də yaxşı tanınır. Paralel
islahatlar konsepsiyasına əsaslanan bu modelin xarakterik
xüsusiyyətlərindən biri də inkişafın proporsional xarakter
daşıması, paytaxt və regionların dinamik tərəqqisini özündə ehtiva
etməsidir.
Məhz bunun real təsdiqidir ki, Azərbaycanın ən ucqar rayonları belə
özünün intibah dövrünü yaşayır. Həmin rayonlardan biri də Ağdaş
rayonudur.
Məlumat üçün bildirək ki, Ağdaş rayonunun iqtisadiyyatını sənaye və
kənd təsərrüfatı məhsulları istehsalı təşkil edir. Rayonda sənaye
məhsulu istehsalı ilə məşğul olan hüquqi və fiziki şəxslər
tərəfindən elektrik enerjisi, qaz, su, istilik enerjisinin emalı
ilə yanaşı çörək, çörək-bulka, müxtəlif şirniyyatlar,
sərinləşdirici içkilər, meyvə şirəsi, şokolad, karamel,
qatılaşdırılmış süd, dondurma, mebel, kərpic, qum-çınqıl və sair
istehsal olunur.
Bütünlükdə respublikamız üçün uğurlu keçən 2012-ci il isə Ağdaş
rayonunun sosial iqtisadi və mədəni həyatında da yadda qalan hadisə
və işlərlə əlamətdardır. Rayonda "Azərbaycan Respublikası
Regionlarının 2009-2013-cü illərdə Sosial-İqtisadi inkişafı Dövlət
Proqramı" çərçivəsində 2012-ci ildə xeyli abadlıq və quruculuq
işləri görülüb. Bununla yanaşı, keçən il rayonda 264,5 milyon
manatlıq - 2011-ci ildəkindən 17,1 milyon manat və ya 7,3 faiz çox
ümumi daxili məhsul istehsal olunub. Bunun 7 milyon 24 min
manatlığı sənaye, 126 milyon 119 min manatlığı kənd təsərrüfatı
məhsuludur. Bu dövrdə rayonda aparılan tikinti işlərinin həcmi 10,1
faiz və ya 5,5 milyon manat artaraq 59,8 milyon manat təşkil edib.
2012-ci ildə 831-i daimi olmaqla 2 min 106 yeni iş yeri açılıb.
Ümumiyyətlə, 2003-2012-ci illər ərzində rayonda 6 min 576-sı daimi
olmaqla, 17 min 744 yeni iş yeri yaradılıb.
Ötən il rayonda kənd təsərrüfatı məhsulları istehsalının
artırılması sahəsində ardıcıl tədbirlər görülüb. 15908 hektardan 42
min 259 ton taxıl istehsal olunub. 4369 hektardan 67 min 214 ton
tərəvəz, 1320 hektardan 8562 ton qarğıdalı, 1186 hektardan 17 min
429 ton kartof, 1525 hektardan 23 min tondan artıq bostan
məhsulları götürülüb. Bitkiçilik məhsulları istehsalının
artırılması üçün 2012-ci ildə aqrar sektorda çalışanlara güzəştli
qiymətlərlə 847 ton mineral gübrə satılıb.
Rayonda heyvandarlığın inkişaf etdirilməsi üçün yem bitkilərinin,
xüsusi ilə yonca, qarğıdalı, arpa əkini sahələrinin
genişləndirilməsi və naxırın cins tərkibinin yaxşılaşdırılması ön
plana çəkilib. İl ərzində rayonda iri malın sayı 985 baş artaraq 77
min 200-ə, xırda malın sayı isə 2075 baş artaraq 94 min 562-yə
çatıb. Bakı şəhərində təşkil edilən satış-yarmarkalarına 111 tondan
çox müxtəlif çeşidli kənd təsərrüfatı məhsulları göndərilib.
Rayonun Ərəbocağı kəndində 1200 başlıq müasir tipli heyvandarlıq
kompleksinin və 80 başlıq atyetişdirmə məntəqəsinin tikintisi davam
edir.
Rayonda elektrik enerjisi ilə təchizatı yaxşılaşdırmaq məqsədilə
təmir işləri davam etdirilib. 20,6 km uzunluğunda 10 və 0,4 kv-luq
elektrik xətti əsaslı, 49,3 km uzunluğunda 10 və 0.4 kv-luq
elektrik xətti isə cari təmir olunub. Rayonun Kükəl kəndi
ərazisində tikintisinə 2010-cu ildə başlanılıb. 220/110 kv-luq
2x180 MVA gücündə Ağdaş regional elektrik yarımstansiyasında inşaat
işləri davam etdirilir. Təbii qaz təchizatını yaxşılaşdırmaq
məqsədilə təmir-bərpa işləri davam etdirilib. Ağdaş şəhərinin və
Ləki qəsəbəsinin müxtəlif küçələrində 39 min 838 metr uzunluğunda
köhnə qaz xətləri yenisi ilə əvəz olunub, Güvəkənd, Əmirarx,
Bəylik, Pirəyir və Tofiqi kəndlərində qaz xətlərinin çəkilişi
aparılıb. "Şəmsabad" qazpaylayıcı stansiyasından Ağdaş şəhərinə
gələn xəttin 4150 metr hissəsi yeraltı polietilen boru, 341 metr
hissəsi isə polad boru vasitəsilə yenidən çəkilib. Rayonda
sahibkarlığın inkişafı sahəsində ardıcıl tədbirlər görülüb. 2012-ci
ilin iyun ayında rayonda Sahibkarlığa Kömək Milli Fondu tərəfindən
kredit yarmarkası keçirilib və 10 sahibkara 140 min manat güzəştli
kredit verilib. İl ərzində rayonda sahibkarlığın inkişaf
etdirilməsi üçün 13 milyon 843 min manat, o cümlədən Sahibkarlığa
Kömək Milli Fondunun vəsaiti hesabına 13 sahibkara 995 min manat
həcmində kredit verilib. Sahibkarların vəsaiti ilə 50-yə yaxın
xidmət obyekti istifadəyə verilib. 2012-ci ildə əhaliyə göstərilən
təhsil, səhiyyə və mədəniyyət xidmətlərinin səviyyəsinin
yüksəldilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirilib.
Son illər dövlət büdcəsi və Heydər Əliyev Fondunun vəsaiti hesabına
rayonda 9 yeni məktəb tikilib. 7 məktəbdə əlavə sinif otaqları inşa
edilib, 7 ümumtəhsil məktəbi əsaslı təmir olunmaqla bu təhsil
müəssisələrində 7 min nəfərə yaxın şagirdin təhsil şəraiti
yaxşılaşdırılıb. Ötən il tam gücü ilə fəaliyyətə başlayan 100
çarpayılıq yeni xəstəxana binasında əhaliyə müasir səviyyədə tibbi
xidmətlərin göstərilməsinə başlanılıb. Burada ilk dəfə olaraq
hemodializ şöbəsi açılmaqla 48 xəstəyə dializ seansı qəbul etmək
üçün şərait yaradılıb.
Ağdaş şəhərində yeni inzibati mərkəzin yaradılması istiqamətində iş
aparılır. Yeni inzibati mərkəzdə Bayraq meydanının, həmçinin Heydər
Əliyev Mərkəzi, rayon icra hakimiyyəti, YAP rayon təşkilatı, eləcə
də Dövlət Yanğından Mühafizə Hissəsi üçün inzibati binalarının
tikintisinə başlanılmışdır. Rayonda beton zavodu, kərpic və dam
örtüyü materialları istehsalı müəssisəsi inşa olunur. 4
istiqamətdən girişdə rayonun adını göstərən memarlıq nümunələrinin
tikintisi başa çatdırılıb. Rayon ərazisindən keçən magistral
avtomobil yollarının kənarlarında abadlıq-quruculuq işləri davam
etdirilir. Ağdaş şəhərinin Heydər Əliyev parkı ərazisində
yenidənqurma işlərinə başlanılıb. Parkın ümumi görkəmi
dəyişdirilir, əhalinin hər bir təbəqəsinin istirahəti üçün münasib
şəraitin yaradılması istiqamətində tədbirlər həyata keçirilir.
Azərbaycan Respublikası Prezidentinin "Ağdaş rayonunun
sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə
tədbirlər haqqında" 2011-ci il 1 noyabr tarixli sərəncamı ilə Ağdaş
rayon İcra Hakimiyyətinə ayrılmış 2 milyon manat vəsait hesabına
Heydər Əliyev prospektində, "Heydər xiyabanı"nda və Azadlıq
meydanında tikinti-quruculuq və abadlıq işləri həyata
keçirilib.
Bir sözlə, Azərbaycanın bütün bölgələrində olduğu kimi, Ağdaş
rayonunda da inkişaf yüksək səviyyədə gedir. Ulu öndər Heydər
Əliyevin xatirəsinə ehtiram əlaməti olaraq 2013-cü ildə rayon
ərazisində 90 min ədəd ağac əkilməsi təşəbbüsü irəli sürülüb. Ağac
əkiləcək ərazilər plan üzrə idarə və təşkilatlar arasında bölünüb.
Ağdaş şəhərində və kəndlərdə hər həftənin şənbə və bazar günlərində
keçirilən iməciliklərdə idarə, müəssisə və təşkilatlardan,
mədəniyyət, təhsil və səhiyyə ocaqlarından minlərlə adam iştirak
edir. Rayon meşələrin mühafizəsi və bərpası müəssisəsinin
əməkdaşları ağacların əkilməsi, qulluq edilməsi barədə iməcilik
iştirakçılarını məlumatlandırırlar. Kiçik ağacların suvarılması və
küləkdən qorunması üçün də tədbirlər görülür.
Bu günədək Ağdaş şəhərində küçə kənarlarına, park və bağlara,
sosial obyektlərin ətrafına, kəndlərdə yolların kənarına,
ümumilikdə 40 min ədəd müxtəlif növ ağac və gül kolu əkilib.
İməciliklər zamanı rayon ərazisindən keçən Bakı-Şamaxı-Yevlax və
Bakı-Qazax magistral avtomobil yollarının kənarlarında da
təmizlik-abadlıq işləri görülür, yaşıllıq zolağı salınır. İlin
sonunadək rayonda daha 50 min ağacın əkilməsi nəzərdə tutulur.
Ağac əkini kampaniyası zamanı Ağdaş meşələrin mühafizəsi və bərpası
müəssisəsinin 7 hektar ərazisi olan tingçilik təsərrüfatında
yetişdirilən ağaclardan istifadə olunur. Ağdaş rayonunda meşələrin
mühafizəsi, yeni meşələrin salınması və qiymətli ağac tinglərinin
yetişdirilməsi diqqət mərkəzindədir. Havanın əlverişli keçməsi
rayonda bu ilin planı üzrə yeni mədəni meşələrin salınması işlərinə
başlanıb. Əsasən şam, qovaq, akasiya və iydə ağaclarından ibarət on
minlərlə ağac hesabına Kür çayının kənarındakı Tuqay meşələri daha
da genişləndirilib. Ağdaş, Göyçay və Ucar rayonlarında yerləşən
7.500 hektar meşə sahəsini əhatə edən Ağdaş rayon Meşələrin
Mühafizəsi və Bərpası Müəssisəsinin nəzdində böyük tingçilik
təsərrüfatı da fəaliyyət göstərir. Orada yetişdirilən 700 min ədəd
ağac tingindən meşəliklərin salınmasında, eləcə də, həmin
rayonlarda təşkil edilən ağacəkmə aksiyalarında geniş istifadə
olunur.
Yazlıq bitkilərin əkini ilə bağlı Ağdaşın kəndlərində işlərin
qızğın çağıdır. Hazırda kəndlərdə meyvə-tərəvəz məhsullarının
yetişdirilməsi üçün torpaq sahələri şumlanaraq əkinə hazırlanır.
Kəndlərdə quraşdırılan istixanalarda pomidor və xiyar şitilləri
yetişdirilir, kartof və kələm əkini, yonca səpini davam etdirilir,
yeni meyvə bağları salınır.
Həmçinin, yaz-yay fəsillərində əkin sahələrinin suvarma suyuna olan
tələbatının normal ödənilməsi üçün arxlar lil və çöküntülərdən
təmizlənir. Ağdaş rayon Suvarma Sistemləri İdarəsinin maşın və
mexanizmləri hazırda 7 kəndin suvarma arxının yenidən qazılmasına
cəlb olunub. Ötən iki ayda 20 kilometrdən çox arx lildən
təmizlənib. Bundan əlavə ayrı-ayrı kəndlərin bələdiyyələri yerli
əhalinin iştirakı ilə iməciliklər keçirməklə fərdi həyətyanı
sahələrdən və pay torpaqlarından keçən daxili arxların əl əməyi ilə
qazılmasını təmin edirlər. Digər sahələrdə də dinamik tərəqqi qeydə
alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.