LAYİHƏNİN İSTİQAMƏTİ: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”
21 Mart 2013 08:39 (UTC+04:00)
Modern tərəqqi yolunda dinamik inkişafını yeni nailiyyətlər
qazanmaqla daha böyük müvəffəqiyyətlə davam etdirən Azərbaycan bu
gün regionlarının tərəqqi səviyyəsinə görə də seçilənlər sırasında
yer alır. Regionların yüksək templər əsasında inkişaf etməsində isə
bu məqsədlə həyata keçrilən dövlət proqramları, həmçinin dövlət
başçısı tərəfindən verilən çoxsaylı fərman və sərəncamlar mühüm rol
oynayır. Qeyd olunanların bariz nümunəsini Ucar rayonunun
timsalında da görmək mümkündür.
Məlumat üçün bildirək ki, rayonda iqtisadiyyatın emal sənayesi,
quşçuluq sənayesi inkişaf edib. Tikinti təşkilatlarının fəaliyyəti
genişləndirilib.Əhaliyə telefon rabitəsi xidmətinin
yaxşılaşdırılması məqsədilə elektronlaşma reallaşdırılıb. İnternet
istifadəçilərinin sayı artan xətt üzrə inkişaf edir.Yol nəqliyyat
infrasturukturu təkmilləşdirilir, iqtisadiyyatın əsasını təşkil
edən sahələr əsasən kənd təsərrüfatı sahəsi dinamik şəkildə tərəqqi
edir.Ölkə iqtisadiyyatında həyata keçirilən iqtisadi islahatlar
regionların sosial iqtisadi inkişafı istiqamətində görülən
tədbirlər, sahibkarlığın inkişafı sahəsində aparılan işlər Ucar
rayonuna da öz müsbət təsirini göstərir. Rayonun iqtisadiyyatında
kənd təsərrüfatı üstünlük təşkil edir. Kənd təsərrüfatı sahələrində
isə heyvandarlıq və taxılçılıq daha çox inkişaf edib. Bununla
yanaşı təsərrüfatlarda kartof və bostan məhsulları da istehsal
olunur. Rayonun istifadəsində olan kənd təsərrüfatına yararlı
torpaq sahəsi ümumi ərazinin 45 faizini təşkil edir. "Azərbaycan
Respublikası Regionlarının sosial iqtisadi inkişafı Dövlət
Proqramının (2009-2013-cü illər)" üzrə nəzərdə tutulmuş tədbirlərin
ardıcıl surətdə uğurla həyata keçirilməsi, kənd təsərrüfatı
məhsullarının bazarlara sərbəst çıxarılmasını təmin etmək məqsədilə
satış yarmarkalarının təşkil edilməsi, sahibkarlığın inkişafına
Dövlət tərəfindən hərtərəfli qayğı göstərilməsi təsərrüfatlarda
əkinə marağı daha da artırır.
Ötən ilin sosial-iqtisadi yekunları da uğurlu nəticələrdən xəbər
verir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan
islahatlara uyğun olaraq ötən il rayonun sosial-iqtisadi
inkişafının sürətləndirilməsi, əhalinin məşğulluğunun təmin
edilməsi, maddi-rifah halının yaxşılaşdırılması istiqamətində
ardıcıl tədbirlər görülüb. Tikinti-abadlıq və quruculuq işləri
xüsusilə geniş vüsət alıb. Dövləti başçısının 2011-ci il 1 noyabr
tarixli "Ucar rayonunun sosial-iqtisadi inkişafının
sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncamına
əsasən, Prezidentin ehtiyat fondundan ayrılan 2 milyon manat vəsait
məhz bu sahədə xeyli əlavə işlərin görülməsinə imkan verib. Ucar
sakinlərinin minnətdarlıqla qarşıladığı bu Sərəncamla ayrılmış
vəsaitin 1,3 milyon manatı şəhərdaxili yolların
asfaltlaşdırılmasına, 0,7 milyon manatı ictimai yaşayış
binalarının, habelə 22 fərdi yaşayış evinin dam örtüyünün
dəyişdirilməsinə, Heydər Əliyev prospektində və 4 küçədə yerləşən
ictimai binaların həyətinin abadlaşdırılmasına sərf olunub.
Rayon iqtisadiyyatının inkişafında mühüm rol oynayan və ümumi
daxili məhsulun formalaşmasında aparıcı sahələrdən biri olan
tikinti kompleksi iqtisadiyyatın başqa sahələri kimi inkişaf
etməkdədir. Dövlət tərəfindən regionların sosial-iqtisadi inkişafı
ilə bağlı işlərin müxtəlif infrastruktur layihələrin nəticəsi
olaraq son dövrlərdə dövlət mülkiyyətində olan müəssisə və
təşkilatlar qeyri-dövlət mülkiyyətində olan təşkilatlara nisbətən
inşaat işlərinə daha çox vəsait qoyublar. Ötən il Ucar şəhərində
bayraq meydanının inşası başa çatdırılıb, Heydər Əliyev
prospektində 250 nəfərlik mərasim evi tikilib, 50-dən artıq ticarət
və xidmət obyekti istifadəyə verilib. Şəhidlər xiyabanında təmir
işləri aparılıb, küçə və səkilərdə yenidənqurma işləri həyata
keçirilib. Həmçinin rayonda yeni təhsil, səhiyyə obyektləri tikilib
istifadəyə verilib. Hazırda Ucar rayonunda ümumtəhsil məktəblərinin
maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində tədbirlər
davam etdirilir. Məsələn, elə bir neçə gün əvvəl inşasına ötən il
başlanılmış 220 şagird yerlik Bərgüşad kənd 2 saylı və 180 şagird
yerlik Xələc kənd tam orta məktəblərinin tikintisi artıq başa
çatdırılıb.
Müasir standartlar səviyyəsində inşa olunan məktəb binalarında
təhsilin yüksək səviyyədə təşkili üçün bütün lazımi şərait
yaradılıb. Hər iki bina istilik sistemləri ilə də təchiz edilib.
118 çarpayılıq rayon mərkəzi xəstəxanasının tikintisi davam
etdirilir. Ötən il Ucar şəhərinin su və kanalizasiya sisteminin
yenidən qurulması layihəsinin icrasına da başlanılıb. Rayonda yeni
daşıyıcı qaz kəmərləri də çəkilib. Novruz bayramı ərəfəsində Ucar
rayonunun Çiyni kənd yaşayış məntəqəsinə təbii qaz verilib. Rayon
mərkəzindən 8 kilometr məsafədə olan Çiyni kəndinin 907 nəfər
əhalisi vardır. Təbii qazın verilməsi sakinlərə ikiqat bayram
sevinci yaşadıb. Yaxın vaxtlarda Qazyan kəndinə, habelə Qarabörk
kəndinin bir hissəsinə də mavi yanacaq veriləcək. Qazıqumlaq,
Məlikballı və Xələc kəndlərində 1500 nəfərə yaxın abonent mavi
yanacaqla təmin olunub. Hesabat ilində isə rayon iqtisadiyyatının
aparıcı sahəsi olan aqrar sektorda dinamik inkişaf təmin edilib.
Ötən il 11971 hektar taxıl sahəsindən 25679 ton, inişilkindən 961
ton çox taxıl götürülüb. Taxıl, bostan-tərəvəz, pambıq istehsalı da
2011-ci illə müqayisədə nəzərəçarpacaq dərəcədə artıb. Rayonda
mal-qaranın baş sayı 1700 baş artaraq 112813 başa çatıb.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 833 baş
iribuynuzlu heyvan süni yolla mayalandırılıb, 617 baş cins bala
alınıb. Azərbaycan Prezidentinin kənd təsərrüfatı məhsulları
istehlakçılarına dövlət dəstəyi ilə bağlı Sərəncamına uyğun olaraq
7751 nəfər istehlakçıya 21825,4 hektar sahə üçün 873016 manat
yardım verilib. Hesabat dövründə fermerlər və torpaq
mülkiyyətçiləri 417 hektar sahədən 538 ton pambıq toplayıblar. Bu
ötənilki göstəricidən 28 ton çoxdur. Qeyd edək ki, pambıqçılıq
Ucarda ənənəvi təsərrüfat sahəsidir və dövlət tərəfindən
dəstəklənən bu sahənin sürətli inkişafı üçün rayonda böyük
potensial vardır. Mütəxəssislər bunu pambığın satınalma qiymətinin
artırılması ilə yanaşı məhsulun yetişdirilməsində və yığılmasında
müasir texnologiyalarının tətbiqində görürlər.
Hesabat yığıncağında əhalinin elektrik enerjisi, içməli su və təbii
qazla təminatı, rabitə xidmətinin yaxşılaşdırılması istiqamətində
görülmüş işlər də qənaətbəxş olub. Məsələn, "Ucar" Elektrik Şəbəkə
(EŞ) Müəssisəsində aparılan yeniləşdirmə tədbirləri çərçivəsində
beton dayaqlar dəyişdirilir, naqillər təzələnir, yüksək keyfiyyətli
transformatorlar quraşdırılır. Ötən ilin son üç ayı ərzində
müəssisənin balansına aid olan 10 kilovoltluq xətlərin 2,4
kilometri təmir olunub, beş dayaq düzəldilib, naqillərin qabariti
bərpa olunub. Eyni zamanda 0,4 kilovoltluq xətlərin 2,9 kilometri
əsaslı və cari təmir olunub, 7 dayaq və eyni sayda travers
quraşdırılıb. Qeyd edək ki, müəssisənin ərazisində 34 transformator
məntəqəsində təmir işləri aparılıb, 33 transformatora yağ əlavə
edilib.
Ümumiyyətlə, ötən il regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramında nəzərdə tutulan müddəalar uğurla həyata keçirilib.
2012-ci ildə rayonda ümumi məhsul buraxılışı 6,4 faiz, o cümlədən
kənd təsərrüfatı məhsulları istehsalının həcmi 8,8 faiz,
tikinti-quraşdırma işlərinin həcmi 31,9 faiz, investisiya qoyuluşu
43,2 faiz artıb. Əhalinin pul gəliri 13,8 faiz çoxalıb. Ümumi
məhsul buraxılışında qeyri-dövlət sektorunun xüsusi çəkisi 87 faiz
təşkil edib. Ötən il rayonda 578 yeni iş yeri açılıb ki, bundan
494-ü daimidir.
Prezident İlham Əliyevin 6 iyul 2010-cu ildə imzaladığı "Azərbaycan
Respublikasında dəmir yolu nəqliyyat sisteminin 2010-2014-cü
illərdə inkişafına dair Dövlət Proqramının təsdiq edilməsi
haqqında" sərəncamı sürətlə icra olunur. Həmin Proqram çərçivəsində
Bakı-Böyük Kəsik istiqamətində 317 kilometr yolun əsaslı təmiri
davam edir. Ötən ilin 29-31 oktyabrında isə növbəti yol qoyuluşu
həyata keçirilib və Ucar-Əlikənd mənzilində 3 min 325 metr yol
əsaslı təmir olunacaqdır. Bakı-Böyük Kəsik istiqamətində 317
kilometr yolun əsaslı təmirinə 2011-ci il iyun 10-da Tatlı-Ağstafa
sahəsinin 97-ci kilometrində başlanılıb. Əsaslı təmir işlərini
"Azərbaycan Dəmir Yolları" QSC "Dəmiryolservis" MMC-nin
müəssisələri və İnfrastruktur Departamentinin müvafiq qurumları
həyata keçirir. İnfrastruktur Departamenti tərəfindən Bakı-Böyük
Kəsik istiqamətində əsaslı təmir olunması nəzərdə tutulan yolun
təmiri müvafiq cədvələ uyğun olaraq həyata keçirilir. Yolların
əsaslı təmiri prosesini Çexiyanın "İxrac" Bankının nəzarət qrupu
müşahidə edir.
Ümumiyyətlə, "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı" Ucar rayonunda da
uğurla həyata keçirilir. Dövlət Proqramının icrası nəticəsində
rayonun sosial-iqtisadi inkişafı, əhalini narahat edən problemlərin
həlli və infrastruktur layihələrinin yerinə yetirilməsi sahəsində
bir sıra mühüm işlər görülüb, o cümlədən təhsil, səhiyyə, idman,
mədəniyyət və digər sosialyönümlü obyektlər tikilərək istifadəyə
verilib, genişmiqyaslı yenidənqurma və abadlıq-quruculuq işləri
həyata keçirilib. Digər sahələrdə də dinamik tərəqqi qeydə
alınır.
Elşən BAYRAMOV
Yazı Azərbaycan Respublikasının Prezidenti yanında
Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu
tərəfindən maliyyələşdirilən "Regionların sosial-iqtisadi
inkişafının təşviq edilməsi" layihəsi çərçivəsində çap
olunub.