Həkimlərin imtahanla işə qəbulu rayonlarda həkim çatışmazlığına son qoyacaq
28 Mart 2013 11:55 (UTC+04:00)
"Həkimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu üzrə imtahan ilk
dəfədir ki, keçirilməsinə baxmayaraq, imtahan normal keçir.
İmtahanda 110 həkim iştirak edir. Yerdə qalan 40 həkim isə aprelin
2-də imtahana qatılacaq".
Bu məlumatı Movqe.az-a Səhiyyə Nazirliyinin mətbuat xidmətinin
rəhbəri Anar Qədirli verib. A. Qədirli bildirdi ki, imtahan
verənlərin arasında rayonlardakı tibb müəssisələrindəki vakant
yerlərdə çalışmaq arzusunda olanlarda var: "İmtahan zalında
Tovuzdakı tibb müəssisəsindəki vakant yerə namizəd də var.
Ümumiyyətlə imtahanda iştirak etmək üçün sənəd verənlərin arasında
rayonlardakı tibb müəssələrindəki vakant yerlər uğrunda mübarizə
aparanlar var. İmtahan iki saata yaxındır ki, davam edir. Artıq
başa çatmaq üzrədir. Şikayətlənən, narazılıq edən yoxdur. Hər şey
normaldır".
Qeyd edək ki, Səhiyyə Nazirliyinin Sertifikasiya Komissiyasında
təşkil olunan qəbul imtahanında iştirak etmək üçün həkimlərin
sənədlərinin qəbulu fevralın 18-dən martın 19-dək aparılıb. Bir ay
ərzində 2000-dən çox vakant yerdən yalnız 100-nə 150 nəfər sənəd
verib. Bu gün keçirilən imtahanın nəticələri sabah açıqlanacaq.
Birinci mərhələdə test imtahanı zamanı namizədlər ümumilikdə 50
suala cavab verəcəklər ki, bunun 40-ı sırf ixtisasla, 10-u isə
müvafiq qanunvericiliklə bağlı olacaq. İmtahanın nəticəsi qısa
müddət ərzində açıqlanacaq. Test imtahanında uğur qazanacaq
namizədlər müsahibə mərhələsinə buraxılacaqlar. Qeyd edək ki, bu
ildən etibarən "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci
illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Səhiyyə
Nazirliyi Kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli
qərarına əsasən Səhiyyə Nazirliyinin tabeçiliyində olan tibb
müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu
mərkəzləşdirilmiş qaydada aparılır.