Dərmanlar qiyməti dövlət tərəfindən tənzimlənən mallar siyahısına salınacaq
28 Mart 2013 12:49 (UTC+04:00)
"Dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi üçün hələ
təkliflər hazırlanmalıdır. Bu təcrübə Azərbaycan üçün yeni
olduğundan, hazırda başqa ölkələrin təcrübəsi öyrənilir. Ölkə
prezidentinin "Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi
haqqında Əsasnamə"də dəyişikliklər edilməsi barədə Fərmanına görə,
Nazirlər Kabineti iki ay müddətində dərman vasitələrinin qiymətləri
və onların ekspertizasının tarifləri ilə bağlı yeni tənzimləmə
mexanizminə dair təkliflərini Azərbaycan Respublikasının
Prezidentinə təqdim etməlidir. Yəni hazırda təcrübə öyrənilir ki,
təkliflər verilsin".
Bu barədə Movqe.az-a Tarif Şurasından məlumat verilib. Şuradan onu
da bildiriblər ki, dərman vasitələrinin qiymətinin dövlət
tərəfindən tənzimlənməsi üçün öncə dərmanlar qiymətləri Tarif
Şurası tərəfindən tənzimlənən mallar siyahısına əlavə ediləcək.
Qeyd edək ki, yaxın vaxtlarda ölkədə bütün apteklərdə satılan
dərmanlar üçün vahid qiymət siyasətinin tətbiqi nəzərdə tutulur.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev jurnalistlərə
açıqlamasında deyib ki, dünya ölkələrinin bir çoxunda, Avropa
ölkələrində dərmanlar üçün vahid qiymət tətbiq edilir. Nazir
müavini vurğulayıb ki, bu sistem tətbiq edildikdən sonra artıq
dərmanların üzərində qiymət yazılacaq: "Burada topdansatış
müəssisəsinin, aptek müəssisəsinin konkret, bəlli bir faizi olacaq.
Dərman preparatlarının üzərində Avropa ölkələrində olduğu kimi
vahid qiymət olacaq. Respublikanın regionundan asılı olmayaraq, hər
yerdə dərmanlar vahid qiymətlə satılacaq".