Düşmən ordusunda başıpozuqluq halları genişlənir

14 Fevral 2018 08:00 (UTC+04:00)

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində düşmənin qeyri-qanuni hərbi birləşmələrində insidentlərin sayı kəskin artıb. Vəziyyət o həddə çatıb ki, qondarma qurumun “müdafiə naziri”, general-leytenant Levon Mnaçakanyan bunu etiraf etmək məcburiyyətində qalıb. Mnaçakanyan nizamnaməyə uyğun olmayan insidentlərin sayında artımın qeydə alındığını, bunun narahatlıq doğurduğunu deyib.

Qeyd edək ki, son dövrələr erməni ordusunda başıpozuqluq halları kifayət qədər geniş vüsət almağa başlayıb. Ekspertlərin sözlərinə görə, bunu şərtləndirən səbəblər çoxdur. Bu gedişat isə əvvəl-axır erməni ordusunu tam sarsıdacaq. 
Hərbi məsələlər üzrə ekspert Abuzər Əbilov bildirdi ki, buna əsas səbəb münaqişənin uzanmasıdır: “Bu zaman ölkənin sosial məsələlərinə diqqət ayrımaq olmur. Ordunun faktiki leqal və qeyri leqal hissəyə ayrılması, ölkə siyasətində qeyri-stabillik, qarşı tərəfin isə güclənməsi, regional, qlobal layihələrdə iştirakı Ermənistanda əks səda verməli idi. Ermənistanda da savadlı siyasəti anlayan kontingent var. 
Əhali hiss edir ki, uzunmüddətli müharibə şəraiti, gücsüz və başıpozuq ordu hər zaman təhlükə mənbəyidir. Son zamanlar gənclərin ordudan imtinası, qanunvercilikdə edilən dəyişiklərə görə etirazlar başadüşüləndir. Erməni gəncləri utopik bir xülyadan ötrü ölümə getmək istəmirlər. Əsasən də hərbiçilərin sosial vəziyyətləri ürəkaçan deyil. Ermənistan Dağlıq Qarabağdakı əsgəri qüvvələrin itkilərini həmişə gizlədir. Bu isə sosial şəbəkələrdən, qohum-tanışlardan cəmiyyətə sızır. Yəni Ermənistan hakimiyyəti xalqın övladlarını lazımsız ət parçası hesab edir. Bu və digər faktlar böyük narazıcılıqlara səbəb olur ki, nəticədə əhalinin orduya olan inamını sarsıdıb”. 
Abuzər Əbilov əlavə etdi ki, bu, ermənilər üçün qorxulu tendensiyadır: “Xalq öz ordusuna güvənmirsə, onu özününkü hesab etmirsə, bu zaman başqa ordulara müraciət etmə ehtiyacı yaranır. Bu isə böyük maliyyə bahasına başa gəlir. Həmçinin  öz vətəndaşından formalaşmayan ordu üçün qiymətli olan Vətən anlayışı yoxdur. Bu zaman ordunun strukturu zəifləyir, xalq dəstəyi olmur və vuruşan əsgərin inamı itir. İnamsız əsgər isə ilk savaşda belə ya mövqeyini tərk edər, ya da təslim olar”.
Hərbi məsələlər üzrə digər ekspert Azad İsazadə bildirdi ki, Ermənistan ordusunda bu problem çoxdan hökm sürür: “Ümumiyyətlə, nizamnamədən kənar münasibət hər bir orduda var. Müəyyən ordu rəhbərliyi bunun səviyyəsinin azaltamağa nail olub. Ermənistan ordusunda isə nizamnamədən kənar münasibətlər tam başqa forma alıb. Belə ki, daha çox oğru qanunlarına bənzəyir. 
Əsgərlər qeyri-rəsmi davranış qaydaları ilə hərəkət edirlər. Hər hərb hissənin öz “rəhbəri” var. Onlar əsgərlərin içindən seçilir. Həmin şəxslər hətta zabitləri idarə edir. Bu sözlər ümumi Ermənistan ordusuna aiddir. Bu məsələni zaman-zaman   Ermənistan zabitlərinin özləri də etiraf edirlər. Lakin görünən odur ki, heç bir dəyişiklik yoxdur. “Rəhbər” hərbi qulluğu başa çatanda öz vəzifəsini hansısa adama təhvil verir. Sanki ordunun içində kommunist partiyasının nümunələri var”.
Mübariz BAYRAMOV