Evlərin sığortadan kənar qalması insanları daha çox zərərə salır

14 Fevral 2018 09:15 (UTC+04:00)

Teleqüllənin aşağı hissəsində, yəni sürüşmənin ilk qeydə alındığı ərazidə böyük yarğanlar əmələ gəlib. Uçqun nəticəsində dərinliyi 6-8 metrə qədər olan çökəkliklər yaranıb. Sürüşmə çatları isə  aşağı irəliləyərək evlərə çatıb. Bayıl yamacında aktivləşən sürüşmə artıq 10-a yaxın evi yararsız hala salıb. Ancaq məlum olub ki, evlərin sığortası yoxdur. Halbuki, daşınmaz əmlakın sığortası icbari xarakter daşıyır. 

Mütəxəssislərin fikrincə, bu sahədə problemin davam etməsinin səbəbi çoxdur. Həm nəzarət mexanizmi zəif olması, həm də insanların sığortaya inamının və marağının az olması ortaya bu cür mənzərə çıxardıb. Sığorta məsələləri üzrə ekspert Xəyal Məmmədxanlı bildirdi ki, bu məsələdə iki məqam var: “Birincisi, daşınmaz əmlakın icbari sığortasına nəzarət mexanizmi yoxdur. Buna görə heç kim sığortanın olub-lmadığını yoxlamır. Nəticədə cərimə də tətbiq olunmur. Yalnız alqı-satqı əməliyyatları zamanı notariuslardan keçəndə əmlak sahibləri buna məcbur edilir. 
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, “İcbari sığorta haqqında” Qanuna görə, bu cür əmlakların sığortalanma ehtimalı da yoxdur. Qanunun 35-ci maddəsində göstərilir ki, həm sökülməsi ilə bağlı qərar qəbul edilmiş daşınmaz əmlaklar, həm də qəzalı vəziyyətdə olan daşınmaz əmlaklar sığortalana bilməzlər. Bayıldakı əmlaklar da bu kateqoriyaya aid olduğu üçün sığortalanmayıblar”. 
İqtisadi məsələlər üzrə hüquqşünas Əkrəm Həsənov bildirir ki, ümumiyyətlə, insanların maliyyə, hüquqi savadlılığı aşağıdır: “Həmçinin əhali maliyyə institutrına o qədər də etibar etmirlər. İnsanlar sığortaya ciddi yanaşmırlar. Ona görə də əmlaklarını sığortalanmaqda maraqlı deyillər. 
Düzdür maliyyə institutlarında kredit almaq, depozit yatırmaq kimi əməliyyatları həyata keçirirlər. Hansı ki, bunlar insanlar üçün zərurətə çevrilib. Sığortanı isə ancaq icbari xarakter daşıyanda edirlər. Bu da əsasən nəqliyyat vasitələrinin sığortasında müşahidə olunur. Çünki sığortasız şəkildə nəqliyyat vasitəsini idarə etmək mümkün deyil. Evlərə isə insanlar bu cür yanaşmırlar. Həmçinin sığorta şirkətlərinə etibar etmirlər. Lakin nəzərə almaq lazımdır ki, icbari sığortalarda belə təhlükə yoxdur. İstənilən halda onun zərəri kompensasiya ediləcək. Ona görə də əhali icbari sığortadan çəkinməməlidir. Elə bu hadisə də insanlara ibrət olmaldır”. 
Ekspert əlavə etdi ki, nəqliyyat vasitəsini sığortasız idarə etmək mümkün deyil: “Həmçinin nəzərə alaq ki, avtomobil sürənin pulu var. Sığorta üçün pul xərcləyəcək. Lakin elə insanlar var ki, evindən başqa nəyisə yoxdur. Yəni evini sığortalamağa pulu yoxdur. Əsas problem də budur. Düzdür, bütün hallarda sığortanın ödənilməsi üçün dövlət orqanları daha ciddi nəzarət etməlidirlər. Amma ev məsləsində elə də ciddi nəticə verməyəcək. O baxımdan bəlkə də dövlət müəyyən proqram qəbul edə bilər. Məsələn, aşağı gəlirli insanlar üçün icbari sığorta dövlət hesabına ola bilər. Buna ehtiyac var”. 
Mübariz BAYRAMOV