Mircəfər Bağırov və Cənubi Azərbaycan

14 Fevral 2018 11:50 (UTC+04:00)

4 sentyabr 1939-cu ildə İran tərəfindən bitərəflik haqqında bəyanət verilsə də, Hitler Almaniyası ilə bu ölkənin sıx münasibətlər hələ də qalırdı. İran rəhbəri Rza şah Almaniyanın «ariliy» təbliğatından ruhlanaraq, artıq Sovet Azərbaycanı və Orta Asiya ərazilərinə iddialar səsləndirirdi. Hətta İran şahı SSRİ-nin xarici işlər üzrə xalq komissarlığına 17 may 1940-cı il tarixli 643 saylı nota göndərmiş və bu notada Azərbaycan SSR-ini «Qafqaz Azərbaycanı» adlandırmışdı.

Şahın bu cür bəyanatlarından sonra SSRİ və İngiltərənin rəhbərliyi hərəkətə keçdi. SSRİ-nin xüsusi xidmət orqanları İran şahı əleyhinə qüvvələrin yaradılması məqsədilə məlumatlar toplamağa başladı. 1941-ci ilin yanvarında Cənubi Azərbaycan və İran Kürdüstanı haqqında 211 səhifəlik texniki-iqtisadı informasiya hazırlandı.
1941-ci ilin martında Mir Cəfər Bağırov Stalinə «Cənubi Azərbaycan haqqında qısa arayış» göndərir ».
1941-ci ilin iyunun 22-də SSRİ ilə Almaniya arasında müharibə başladıqdan sonra Zaqafqaziyada dislokasiya olunmuş 17-ci ordu İran sərhədlərinə doğru hərəkət etməyə başladı. İran və Sovet Rusiyası arasında 1921-ci il müqaviləsinə əsasən, Sovet rəhbərliyi ölkənin təhlükəsizliyini nəzərə almaqla İran ərazisinə mümkün müdaxilə haqqında bəyanət verdi. İngiltərə də İran körfəzi tərəfdən, Ərəbistan sahillərində yerləşən müstəmləkələrindən öz qoşunlarını İran ərazisinə göndərdi. O zaman baş nazir olan Fürudi ingilis qoşunlarının İranda yerləşməsi haqqında saziş imzaladı. Rza şah 16 sentyabr 1941-ci ildə hakimiyyətdən uzaqlaşdırıldı və onun yerinə oğlu Məhəmməd Rza Pəhləvi keçdi. İngilis və sovet qoşunları cənubdan və şimaldan İrana daxil oldu. İranın  xarici işlər naziri Süheyli diplomatik kanallarla İran səfirliklərinə ingilisyönlü siyasət aparmağı tapşırdı. 
O zamanlar Sovet rəhbərliyi kürdlərə, yoxsa azərbaycanlılara istinad etmək seçimi qarşısında idi. Çünki gələcəkdə İran İngiltərənin təsir dairəsinə düşəçək, bu da Sovetlər birliyini neft ehtiyatları ilə zəngin olan Mosul, Kərkük və Ərəbistana yaxınlaşmasının qarşısını ala bilərdi. Sovet rəhbərliyi bunun qarşısını almaq üçün ingilisləri regionda yaşayan etnik qrupların müqaviməti ilə üzləşdirmək lazım idi. Bir çoxları strateji partnyor kimi etnik kürdləri seçməyi təklif edirdilər. İran kürdlərinin hüquqlarının tapdandığını əsas tutaraq, əvvəlcə Tehran hakimiyyətinə təzyiq göstərməklə, sonra isə SSRİ-nin təsir dairəsinə İrana salmaq barədə arqumentlər səsləndirildi. Amma M.Bağırov L.Beriyanın köməyi ilə bu təkliflərin əsassızlığını sübut edə bildi. Bağırov L.Beriyanın və xarici işlər XK-nın müavini V.N.Dekanozovun yardımı ilə Stalində, İran azərbaycanlılarına əsaslanmaq barədə fikir yaratmağa müvəffəq oldular. 1941-ci il sentyabrın 9-da Stalin Bağırova bir günlük Moskvaya gəlmək barədə şifroqrama göndərir. Həmin görüşdə Bağırov öz təkliflər layihəsini Stalinə təqdim edir. Bu təklifə əsasən, Az.K (b) P MK-nın katibi Əziz Əliyev Cənubi Azərbaycana yollanacaq partiya qrupunun rəhbəri olacaqdı. Stalin Bağırovun bu layihəsini təsdiq edir. 
Sözügedən qrupa Süleyman Rəhimov, Mehbalı Əmiraslanov, Ağasəlim Atakişiyev, Mustafa Quliyev, Mirzə İbrahimov daxil edilir. Hərbi şuranın qərarı və Zaqafqaziya ordusu komandanının əmri ilə sentyabrın 16-da polkovnik-komissar Əziz Əliyev Təbrizə daxil olan 47-ci ordunun Hərbi Şurasının üzvü seçilir. Müəyyən vaxtdan sonra M.Bağırov Əziz Əliyevin qrupundan informasiya alır və 1941-ci ilin sonlarına qədər Cənubi Azərbaycandakı vəziyyət barəsində Stalinə məlumat verir. 
Bir müddətdən sonra Əziz Əliyevlə SSRİ-nin İrandakı səfiri A.Smirnov arasında fikir ayrılıqları başlandı. Bu fikir ayrılıqları Əziz Əliyevin sovet qarnizonunun rəhbərliyinə məktub yazmasından sonra baş verdi. Həmin məktubda o yerli əhalidən yəni azərbaycanlılardan silahların yığılmasını dayandırmağı tələb edirdi. A.Smirnov buna görə Moskvaya məktub yazır və Ə.Əliyevi millətçi kimi xarakterizə edir. M.Bağırov xarici işlər XK-nin müavini Dekazanovla əlaqə saxlayaraq, Ə.Əliyevi müdafiə etməyə başlayır.
24 oktyabr 1941-ci ildə Əziz Əliyev M.Bağırova «Cənubi Azərbaycan haqqında hesabat» göndərir və burada yazır: «Məktəblərdə dərslər fars dilində aparılır, yerli azərbaycanlılar türk dilində təhsil almaq istəyirlər, buna görə də «Vətən yolunda» qəzetinin buraxılması azərbaycanlılarda böyük sevinc doğurmuşdur».
Artıq M.C.Bağırovun layihəsi İranda ilk bəhrəsini verməyə başlamışdı. İran tərəfi SSRİ-İran – B.Britaniya dövlətləri arasında ittifaq sazişinin bağlanması istiqamətində müzakirələrə başladı. 1942-ci il yanvarın 26-da İran Məclisi Sovet-İngilis-İran ittifaqının müzakirəsini yekunlaşdırdı. 29 yanvar 1942-ci ildə SSRİ tərəfindən səfir A.Smirnov, Böyük Britaniya adından R.Bulard, İran tərəfindən xarici işlər naziri Süheyli Böyük Britaniya, SSRİ və İranın ittifaqı haqqında müqaviləni imzaladılar. 
1942-ci il fevralın 10-da Məhəmməd Rza şah Pəhləvi və ABŞ prezidenti Ruzvelt arasında bu müqavilənin bağlanması ilə əlaqədar olaraq təbrik teleqramlarının mübadiləsi baş verir. İran şahı ABŞ prezidentinə göndərdiyi məktubda qeyd edirdi ki, o, ABŞ-ı İranın ərazi bütövlüyünün qarantı kimi görür.
Bu hadisələr müharibənin ən qızğın günlərində baş verirdi. Sovet rəhbərliyi İngiltərə və ABŞ tərəfindən 2-ci cəbhənin açılmasını planlaşdırırdı. Buna görə də Sovet rəhbərliyi İrandakı fəaliyyətini bir qədər zəiflətdi. 
Sovet rəhbərliyi İngiltərə ilə münasibətləri korlamamaq üçün faşist Almaniyası üzərində tam qələbə çalanadək Cənubi Azərbaycanda aktiv siyasi təbliğatın aparılmasını azaltdı. Amma sovet qoşunları hələ də İranda qalırdı. Bu aktivliyin azaldılması səbəbi ilə Bakıya qayıdan Əziz Əliyev tezliklə M.Bağırovun Stalinə təqdimatı əsasında Dağıstan partiya komitəsinin I katibi seçilir. Artıq 1944-cü ildə Almaniya üzərində tam qələbəyə əminlik yarandıqdan sonra sovet rəhbərliyi yenidən Cənubi Azərbaycan məsələsinə qayıtdı. Üstəlik İran ərazisində aşkar olunmuş böyük neft ehtiyatları iri dövlətlər arasında böyük rəqabətə səbəb oldu.
Amma müharibə illərində bu aktivliyin azalmasının pis nəticəsi kimi artıq İran rəhbərliyinə ABŞ və İngiltərənin təsiri daha çox hiss edilirdi. SSRİ-də neftə olan  tələbat günbəgün artırdı. Buna görə də sovet rəhbərliyi istənilən yolla İranı öz təsir dairəsinə çəkməyə çalışırdı. Neft uğrunda mübarizə Stalini ən kəskin addımlar atmağa məcbur edirdi. Bu imkandan istifadə edən M.Bağırov öz siyasi «kozır»ını  ortaya atır. O, Stalini inandıra bilir ki, İranda yaşayan azərbaycanlıların hüquqlarını müdafiə etmək adı altında onlara muxtariyyət tələb etməklə şah rejiminə təzyiq göstərərək və SSRİ-nin maraqları naminə xeyir əldə etmək olar. M.Bağırovun əsl məqsədi isə Cənubi Azərbaycanı muxtariyyətdən suveren dövlətə çevirmək və SSRİ ərazisi ilə birləşdirmək, yəni Azərbaycan ərazisini genişləndirmək bu regionda ABŞ və İngiltərənin təsirini azaltmaq idi. Əsas məsələ Stalini buna inandırmaq idi. Stalin bu məsələyə ciddi yanaşdı və V.Molotova İranın azərbaycanlı əhalisinin hüquqlarının pozulması ilə bağlı İran şahına nota göndərməyi tapşırdı. 14 sentyabr 1944-cü il tarixdə M.Bağırov Stalinə ünvanlanmış məktubunda  göstərirdi ki, Cənubi Azərbaycanda tezliklə demokratik quruluş yaradılacaq. Bu məktubu müəyyən ixtisarla oxuculara təqdim edirik: 

F №1, siy. №90, iş №71

ÜİK (b) P MK
İ.V.STALİN yoldaşa 

CƏNUBİ AZƏRBAYCANDA VƏZİYYƏTLƏ 
BAĞLI BƏZİ MƏSƏLƏLƏR

Son zamanlar Sizin Cənubi Azərbaycanda Sovet İttifaqının təsirinin gücləndirilməsi haqqında göstərişlərinizi yerinə yetirərək, bizim tərəfimizdən bir sıra tədbirlər həyata keçirilmişdir.
Respublikanın rəhbər sovet və hərbi kadrları sırasından Cənubi Azərbaycana 245 nəfər göndərilmişdir, onlardan diplomatik işə 13 nəfər, ticarət işinə 10 nəfər, əsasən qarnizon komendantları kimi 150 nəfər, qalanları isə təsərrüfat, nəqliyyat və mədəni-maarif təşkilatlarının xətti ilə ezam  olunmuşdur. Xarici ticarət xalq komissarlığı, səhiyyə, dəmiryol nəqliyyatı və digər sovet təsərrüfat təşkilatları sistemində iş üçün 375 nəfər seçilib ki, onlar da yaxın günlərdə Cənubi Azərbaycana yola düşəcəklər. İşləməyə göndərilənlər istisnasız olaraq Cənubi Azərbaycanın məişətini, dilini, dinini və digər milli xüsusiyyətlərini bilən azərbaycanlılardır ki, bu şəxslər əhali ilə çox tez və çox yaxın münasibət quraraq, qısa müddət ərzində əsasən ziyalılar, fəhlələr, kəndlilər və müəyyən qədər də ruhanilər və tacirlər arasında xeyli nüfuz qazana bilmişlər.
ÜİK(b)P MK-nın qərarına müvafiq olaraq, Təbrizdə işıq üzü gördüyü ilk gündən Cənubi Azərbaycanın geniş xalq kütlələrinin, xüsusilə də ziyalıların rəğbət və sevgisini qazana bilmiş Azərbaycan dilində «Vətən yolunda» hərbi qəzeti nəşr olunmağa başlamışdır. Qəzet Cənubi Azərbaycanın bütün şəhərlərində və bir çox kənd rayonlarında kifayət qədər uğurla yayılır. Qəzetdə Cənubi Azərbaycanın Biriya, Yusuf, Təhfi, Mehtaq Rza, Əliyarzadə, Mir Mehdi, Yəhya Təhfi, Humay Xanım, Lalə Xanım və s. kimi bir çox gənc və istedadlı yazıçı və şairlərinin fəal iştirak etməsi faktı ciddi nailiyyət sayıla bilər. Onların kəskin siyasi əsərləri faşizmə qarşı yönəlib, xalqlar dostluğu, SSRİ-yə rəğbət ruhunda yazılb ki, bu də qəzetin nüfuzunu daha da artırmış və onu geniş əhali kütlələrinə yaxınlaşdırmışdır. Təbriz ziyalılarından başqa qəzetin işində İranın Tehran, Miyana, Ərdəbil, Mərənd, Şahpur və s. kimi digər şəhərlərindən olan 30 azərbaycanlı müxbir də iştirak edir. Buna qabaqcıl ziyalıların, o cümlədən Cənubi Azərbaycan qadınlarının Azərbaycan qəzetində fəal iştirak etməyə böyük meyli də öz təsirini göstərmişdir.
Təbriz şəhərinin qabaqcıl ziyalılarının nəşr olunan qəzetə münasibətini səciyyələndirmək üçün ibtidai məktəb müəllimi Lalənin aşağıdakı məktubunu misal göstərmək olar: “Mən-o yazır,-qəzetin birinci nömərəsini aldım və onu həyəcanla oxudum. Nömrəyə görə bütün var-dövlətimi belə verməli olsaydım, bunu böyük məmuniyyətlə edərdim. Arzu edirəm ki, “Vətən yolunda” qəzeti parlayan ulduz kimi öz şüaları ilə Təbrizin üfüqlərini işıqlandırsın”.
“Vətən yolunda” qəzetində həmçinin Sovet Azərbaycanı yazıçıları, şairləri, jurnalistləri də fəal iştirak edirlər. “Vətən yolunda” qəzetinin təşkil olunması ilə Təbrizdə İran şairi Balaş Azəroğlunun rəhbərliyi altında antifaşist komitənin fəaliyyəti də güclənmişdir. Antifaşist komitə sistematik olaraq son dərəcə kəskin antifaşist məqalə və şeirlərin nəşr olunduğu vərəqələr buraxır ki, bu da geniş əhali kütlələri arasında böyük populyarlıq qazanmışdır.
Cənubi Azərbaycanın əhalisi, xüsusilə də kəndliləri arasında ruhanilərin güclü təsirini nəzərə alaraq, bizim tərəfimizdən bu istiqamətdə bir sıra tədbirlər həyata keçirilmişdir. Bu yaxınlarda Bakı şəhərində keçirilmiş Zaqafqaziya ruhaniləri və mömin müsəlmanlarının qurultayında qəbul olunmuş bütün müsəlmanlara antifaşist müraciəti tərəfimizdən İrana göndərilmiş və əhali arasında Azərbaycan və fars dillərində 5.000 nüsxədə yayılmışdır. İran ruhaniləri və əhalisi bu müraciəti böyük ruh yüksəkliyi ilə qarşılamışlar. Bu mənada  mətbuatda İranın parlament deputatları Şeyxülislam Məlayiri, Hacı Seyid Rza Firuzbəyli, həmçinin qazı Mirzə Bağır Ağa, müctəhidlər Ağa Siqqətilislam, Hacı Mirzə Xəlil Ağa və s. kimi görkəmli və nüfuzlu din xadimlərinin bu müraciətlə bağlı rəyləri səciyyəvidir. Bundan başqa şeyxülislam Əlizadənin başçılığı ilə Zaqafqaziya müsəlmanlarının yerli seçilmiş dini idarəsi bizim təsirimizin daha da gücləndirilməsi məqsədi ilə Cənubi Azərbaycanın din xadimləri ilə şəxsi əlaqələr qurur.
Sovet Azərbaycanı incəsənətinin nailiyyətlərini nümayiş etdirmək məqsədilə iri şəhərlərə 44 nəfərdən ibarət konsert qrupu göndərilmiş və bu qrup Tehran, Təbriz, Pəhləvi, Rəşt, Ərdəbil, Qəzvin, Maku, Şahpur və Rezaiyyə şəhərlərində böyük uğurla çıxış etmişdir. Konsert qrupu sovet qoşunları qarnizonlarında çıxışlar etmiş və kasıb əhali üçün pulsuz konsertlər vermişdir.
Qeyd etmək lazımdır ki, Azərbaycan konsert qrupunun İrana ezam olunması Azərbaycan incəsənətinin İranda, ən başlıcası isə əhalinin Azərbaycan xalqının dünəni və bu gününü əks etdirən, ona doğma və anlaşılan olan sənətini böyük ruh yüksəkliyi ilə qarşılandığı Cənubi Azərbaycanda populyarlaşdırılmasının nə qədər faydalı olduğunu göstərdi. “Yaşa Azərbaycan” və respublikadan gətirilmiş digər mahnılar xalq arasında geniş yayıldı.
İran əhalisi arasında Bakıdan Azərbaycan və fars dillərində yayımlanan radio verilişləri, xüsusilə də Azərbaycan musiqisindən ibarət konsertlər böyük populyarlıq qazanmışdır. Bakıdan radio verilişlərinin yayımlandığı saatlarda Cənubi Azərbaycanın şəhərlərindəki reproduktorlarımız qarşısında Sovet İnformasiya bürosunun məlumatlarına, Vətən müharibasi cəbhələrindən müxtəlif epizodlara, konsertlərə və s. diqqətlə qulaq asan böyük insan kütlələrinə tez-tez rast gəlmək olar. 
Sovet İttifaqının, xüsusilə də Zaqafqaziya respublikalarının iqtisadi və mədəni nailiyyətləri ilə geniş tanış olmaq üçün Təbriz şəhərində Mədəniyyət evinin filialı təşkil olunub. 
Partiya MK-nın qərarına əsasən, biz Təbrizdə rus və Azərbaycan dillərində tam orta məktəbin təşkilinə başlamışıq ki, bunun üçün də ixtisaslı pedaqoji personal, avadanlıq, dərs ləvazimatı və s. seçilmişdir. Bu müddətdə bizim Cənubi Azərbaycanda apardığımız mədəni-maarif işi sovet meylli gənclərin sovet məktəbində təhsil almaq arzusunu nümayiş etdirdi. Buna görə də Təbrizdə belə bir məktəbin açılması vaxtında görülmüş aktual bir işdir. 
Partiya MK-nın qərarına müvafiq olaraq, Təbrizdə səhmdar cəmiyyət formasında trikotaj-corab fabriki yaradılır ki, İrandakı sovet təşkilatları onun üzvü olacaqdır. Bunun üçün rəhbər kadrlar, mütəxəssislər və zəruri avadanlıq, həmçinin müvafiq bina seçilmişdir. Fabrik  yaxın zamanlarda, bu məsələ Xarici ticarət xalq komissarlığı xətti ilə tam rəsmiləşdirildikdən sonra açılacaqdır. Biz fabriki elə təşkil etmək istəyirik ki, o bütün Cənubi Azərbaycanda nümunəvi müəssisə olaraq, yerli əhalini, ilk növbədə qadınları işə cəlb etsin.
Belə bir faktı da diqqətsiz qoymaq olmaz ki, əsasən azərbaycanlılardan ibarət olan və Cənubi Azərbaycanda iri siyasi təşkilatlardan biri sayılan Xalq Partiyasının başında indiyədək erməni Ərdəşir Avanesyan dayanır. Bu yoldaş, deyilənlərə görə, sadiq və yaxşı rəhbərlərdən biridir, amma bununla belə milli məqam Xalq Partiyasının gözdən düşməsinə və azərbaycanlıların bu partiyadan uzaqlaşmasına səbəb olur.
Yuxarıda göstərilən bütün bu faktlar bizim İrandakı bir çox sovet təşkilatlarının hələ də bizim xəttimizi sovet meylli ictimai təşkilatlar və ayrı-ayrı nüfuzlu şəxslər vasitəsilə həyata keçirə bilmədiyindən xəbər verir. Bununla yanaşı, yalnız əhalinin deyil, həm də İranın bütün hökumət dairələri və yüksək qurumlarının hasablaşacağı bir vəziyyət yaratmağı bacarmayan İrandakı Sovet qoşunları komandanlığının nümayiş etdirdiyi, qətiyyətsizliyi də qeyd etmək lazımdır. Bu hal iranlılar tərfindən zəiflik kimi qiymətləndirilir, fitnəkar və cinayətkar ünsürlərə münaqişələr yaratmaq imkanı verir. Bizim komandanlığın gözü qarşısında kürdlərin uzun müddətdən bəri Azərbaycan əhalisini  çapıb-talamısını, komandanlığın isə onlara qarşı təsirli tədbirlər görməyib təkcə xəbərdarlıqla kifayətlənməsini yalnız bununla izah etmək olar.
Bizə belə gəlir ki, hal-hazırda bizim İrandakı bütün təşkilat və əməkdaşlarımızın işini aşağıdıkı istiqamətlərdə yenidən qurub gücləndirmək məqsədəuyğun olardı:
1. Qəti mövqe tutmaq və müəyyən formada Cənubi Azərbaycandan Məclisə namizədliklərin təsdiq olunmasında təkid etmək .
2. Yaxın zamanlarda həmkarlar ittifaqlarını birləşdirmək üçün lazımı tədbirlər görmək, bütün fitnəkar və Sovet İttifaqına düşmən elementləri onların rəhbərliyindən çıxaraq, bizim onlara təsirimizi gücləndirmək.
3. Xalq Partiyası (“Hizbi-Tudə”) rəhbərliyinin nüfuzlu ziyalılar, ilk növbədə azərbaycanlılar hesabına möhkəmləndirilməsinə nail olmaq və ziyalılar, fəhlələr və kəndlilər arasında onun hörmət və təsirinin artırılması üçün zəruri tədbirlər görmək.
4. Cənubi Azərbaycandakı İran hakimiyyət orqanları vasitəsilə mahiyyətcə bizə qarşı yönəlmiş münaqişələr yaradan düşmən təxribatçı elementlər və cinəyatkarlarla bağlı qəti tədbirlər görmək.
5. İrandakı sovet qoşunları komandanlığına, həmçinin bizim diplomatik işçilərimizə kürdlərin azərbaycanlılar üzərinə hər cür hücumlarının, silahlı qarətlərin qarşısının alınması, kürdlər və azərbaycanlılar arasında normal qarşılqlı münasibətlərin yaradılması məqsədilə bəzi kürd tayfa başçılarına münasibətdə daha qətiyyətli mövqe tutmaq göstərişi vermək.
6. İranda sovet qoşunlarının yerləşmə zonasında normal ictimai qayda-qanun və intizamın yaradılması üçün bu rayonlarda qarnizonların rolu və nüfuzunu artırmaq və İran hakimiyyəti tərəfindən həyata keçirilən heç bir inzibati tədbirin sovet qarnizonlarının maraqlarına toxunmamasına nail olmaq.
7. İlk növbədə əhalinin nüfuzlu hissəsindən istifadə etməklə kəşfiyyat işlərini gücləndirmək.
8. Mümkün və son dərəcə ehtiyatlı formalarda kəndlilər arasında bizim işimizin gücləndirilməsinə diqqət yetirmək.

AZƏRBAYCAN K (b) P
MK-nın KATİBİ               (M. C. BAĞIROV)
______________________

14 sentyabr 1944-cü il
№391
Bakı şəh.

 

 

Tədqiqatçı - Adıgözəl Məmmədov