Beynəlxalq Elektron Ensiklopediyada Qobustan haqqında özbək dilində məqalə yerləşdirilib

14 Fevral 2018 12:28 (UTC+04:00)

"Wikipedia.org" Beynəlxalq Elektron Ensiklopediyasında Qobustan Milli Tarix-Bədii Qoruğu haqqında özbək dilində məqalə yerləşdirilib.

Movqe.az xəbər verir ki, materialda qoruğun tarixi haqqında ətraflı məlumat verilir. Bildirilir ki, qoruqda əsasən Mezolit (orta daş dövrü) abidələri, çoxlu mağaralar, bulaqlar və digər daş abidələr var, burada, həmçinin muzey də fəaliyyət göstərir.

Qoruq Bakının yaxınlığında, Qaradağ rayonunun ərazisində yerləşir və paytaxtdan 56 kilometr aralıdadır.

Vurğulanır ki, Qobustandakı maddi-mədəniyyət qalıqları və qayaüstü təsvirləri ilk dəfə Azərbaycan arxeoloqlarından professor İshaq Cəfərzadə 1939-1940–cı illərdə aşkar edib. İshaq Cəfərzadə illər boyu apardığı çətin elmi axtarışların və tədqiqatların nəticəsi kimi burada 750 qaya üzərində döymə, qazma və sürtmə üsulla çəkilən 3500-dən artıq insan və heyvan rəsmi və müxtəlif işarə yazılar – petroqliflər qeydə alıb, 20 qayaaltı sığınacaq tapıb.

Yazıda Qobustan sözünün etimologiyası haqqında da məlumat verilir. Məqalədə Qobustanın qədim dövrdəki flora və faunası haqqında da söhbət açılır.